“Space”in «Sevənlərə hədiyyə», ATV kanalında Zaur Baxşəliyevin “ATV-də toy olacaq” deyə hay-həşir salması və ANS-də “Toy olsun” verilişləri yəqin ki, diqqətinizdən yayınmayıb
Bir neçə vaxtdır ki, ANS, «Space» və ATV telekanallarında evliliklə bağlı yayımlanan yeni şou-proqramların anonsu yəqin ki, sizin də diqqətinizdən qaçmayıb. “Space”in «Sevənlərə hədiyyə», ATV kanalında Zaur Baxşəliyevin “ATV-də toy olacaq” deyə hay-həşir saldığı və ANS-də “Toy olsun” verilişlərinin anonsu insanları telekanallarda heç zaman görünməyən bir möcüzə kimi cəlb edib.
Verilişlər barədə danışmazdan əvvəl qeyd edim ki, Türkiyə və Rusiya telekanallarında evliliklə bağlı müxtəlif proqramlar yayımlanır. Əlbəttə, öz mentalitetlərinə, adət-ənənələrinə uyğun şəkildə. Verilişlərin auditoriyası da kifayət qədər genişdir. Məsələn, “Star TV”də yayımlanan və Esra Erolun aparıcısı olduğu “İzdivac” verilişi bu qəbildəndir. Hər gün evlənmək istəyən oğlan və qızlar yarışmaya qatılaraq canlı yayıma çıxırlar. Onların hər biri təbii ki, özlərinə uyğun adam axtarır. Əvvəlcə telefonla, daha sonra pərdənin arxasından özlərini tanıdıb xasiyyətlərinin bildirirlər. Bir-birlərinə uyğun olduqlarına əmin olduqdan sonra evlənirlər. Verilişin təcrübəsində istənilən qədər belə faktlar var. “Su gibi” proqramı da demək olar ki, eyni funksiyanı daşıyır.
90-cı illərdə Rusiya telekanalında yayımlanan “İlk baxışdan məhəbbət” proqramı isə bu verilişlərin daha təkmil və maraqlı forması idi. İlk baxışdan bir-birinə vurulan gənclər “Romantik səyahət” prizini qazananda telekanala minnətdarlıq etməyi unutmurdular.
Qonşudan qalma dala
Nəhayət, illər keçəndən sonra başqa ölkələrdə yayımlanan verilişləri primitiv formada plagiat etməyi məharətlə bacaran yerli telekanallarımızın da yadına gənclərin evlilik məsələsi düşüb. Amma demək olmaz ki, bu problemlə indiyə qədər məşğul olmaq istəyənlər olmayıb. Müxtəlif nikah agentliklərinin fırıldaqları dəfələrlə aşkarlanaraq məhkəmələrə qədər gedib çıxıb.
İndi isə birdən-birə üç telekanal “problemin həllinə” girişib.
Məsələn, “Evlənmə çağına gəlmiş, gənc və gözəl bir xanımsınız? Gənc qızların xəyallarındakı ağ atlı oğlansınız? Yaşın nə fərqi var deyib, daha bir şans istəyirsiniz? Valideynlərinizin də xeyir duasını alıb, evlənmək istəyirsinizsə, xoşbəxtliyi ATV də tapıb böyük mükafatı siz qazanın!» - deyə ATV kanalı gənclərə möcüzəli həyat bəxş edəcəyini vəd edir. Verilişin aparıcısı olacaq Zaur da “ATV-də toy olacaq” deyə əlinə gəlin paltarı tutub gah Türkiyənin, gah da Bakının küçələrində gəzərək özünə sevgili axtarır və nəhayət, Bakıda tapır...
“Space” də efirində bəsit formada “Sevənlərə hədiyyə” hazırlayır.
“Subay qalmayacaq”
ANS kanalı isə çoxdan idi ki, “Azərbaycanda subay qalmayacaq” deyirdi. Nəhayət, bu həftə analoji layihə efirdə göründü. Bunu televiziya məkanının ən yeni layihələrindən biri kimi dəyərləndirən yaradıcı heyətin sözlərinə görə, öz qismətlərini tapa bilməyənlər, amma ümidlərini hələ də itirməyənlər Azərbaycanda ilk evlilik proqramında ailə qurmaq şansı qazanacaqlar.
Verilişin qaydasına görə, proqrama gələnlər öz maraqları, qazancı, peşəsi və işi haqda danışaraq necə bir insanla ailə qurmaq istəyi barədə məlumat verməlidir. Verilişi canlı izləyənlərdən kimsə onu bəyəndisə, efirə zəng vurur və növbəti proqramlardan birinə dəvət alır. İkisinin ilk görüşü studiyada aralarında arakəsmə olmaq şərti ilə keçirilir. Bir-birini görmədən rəğbət yarandısa, onlar söhbəti sakit bir kafenin romantik ab-havasında - çay süfrəsində davam etdirirlər. “Evlənmək qərarını qəbul etdikdə proqramın yaradıcı heyəti studiyada möhtəşəm bir şou təşkil edəcək – gəlinlik və bəylik geyən evlənənlər üçün nikah məmuru dəvət olunacaq, pirotexnik effektlərin müşaiəti ilə canlı musiqi sədaları altında onların nikahları kəsiləcək. Bu cütlüklərin nikah şahidləri bütün Azərbaycan olacaq!” - Hər halda verilişin reklamı və aparıcıları belə deyir.
Sosial sifariş, yoxsa...
Verilişə gəlincə, elə ilk yayımda aparıcılar –Elgiz Əkbər və Ülvira Qarayeva “Toy olsun”un sosial sifariş olduğunu vurğuladılar: «Sosial status da qeyri-məhduddur – bəxtini hər kəs axtarır, hər kəs evli-ailəli və xoşbəxt olmaq istəyir! Biz isə hər kəsə bu şansı veririk!” Qeyd edildi ki, iştirakçılar üçün yaş məhdudiyyəti qoyulmayıb. Belə ki, 18-88 yaşlar arasında hər kəs bu proqramın iştirakçısı ola bilər. Aparıcılar elan etdilər ki, elə veriliş boyunca insanları dərhal evləndirib evli-eşikli etmək missiyasını qarşıya qoyublar. «Bu veriliş vitual, internet və ya qəzet səhifələri vasitəsilə yaranan tanışqlıqlardan daha önəmlidir». O da vurğulandı ki, dinindən, irqindən, sosial mövqeyindən asılı olmayaraq insanlara yardımçı ola biləcəklər. Aparıcılar insanlara qismətlərini necə tapa biləcəklərinin yolunu göstərəcəklərinə söz verdilər. Həmçinin elan etdilər ki, bu veriliş vasitəsilə tanış olub ailə quracaq insanların toy məclisi də telekanalın hesabına qurulacaq: «Toy məclisində Azərbaycan sənət dünyasının sevilən müğənniləri mahnılarını oxuyacaqlar». Hələ üstəlik yeni evlənənlərin bal ayı da yaddan çıxmayıb. Belə ki, evlənənlər bal ayının yenə də telekanalın hesabına ekzotik ölkələrdən birində keçirəcəklər. Qaldı ki, verilişdə öz qismətlərini tapmayanlara... Onlar da yaddan şıxmayıb: “Kim ki bizim proqramda ilk dəfədən qismətini tapa bilməyib qalır studiyada, onun vaxtaşırı yenidən göstəririk və yada salırıq. Beləliklə, Azərbaycanda subay qalmayacaq! Biz sizin bəxtinizi açırıq. Durmayın! Geyinin, kecinin, gəlin!”
Əlbəttə, kifayət qədər cəlbedici reklamdır. Xüsusən həyatda yarısını tapa bilməyən bu və ya digər səbəbdən taleyi gətirməyən, yaşı ötən, amma hələ də ailə qura bilməyən və nəhayət sadəlövhcəsinə hər şeyə inanan insanlar üçün…
“Əliboş qayıtmaq istəmirik”
«Bu dəqiqə yaxşı bir qismət çıxsa biz onları görüşdürəcəyik»- deyən aparıcıların səsinə səs verənlər isə tapıldı...
Verilişin ilk buraxılışında Zümrüd adlı cavan bir qız ailə qurmaq istəyi ilə ekranda göründü. O ailənin nə demək olduğunu öz düşüncəsi ilə izah edib, necə bir insan axtardığını açıb-ağartdı. Aparıcı da qızdan “Saçı, gözü, qaşı, boy-buxunu, maaşı, sosial statusu və s. necə olmalıdır” - deyə soruşduqdan sonra sanki sifariş büronun xidmətlərini yerinə yetirməyə hazırlaşdı. Studiyaya qızı ilə bərabər gələn Zümrüdün anası da bildirdi ki, «Sizə inanıb gəlmişik, çox istərdik əliboş qayıtmayaq».
Zümrüdə adaxlı tapılmamış ekranda öz qismətini axtaran 22 yaşlı Orxan Rəhimov efirdə yerini tutdu. Evinin olduğunu, yaxşı əmək haqqı qazandığını bildirən Orxan ağıllı, namuslu bir qız sorağında olduğunu açıqladı. Onu da bildirdi ki, onun üçün yaşın və zahiri görkəmin fərqi yoxdur. Az keçməmiş studiyaya ilk zəng daxil oldu. Gülər Hacıyeva adlı xanım saçının, gözünün rəngi, ümumən zahiri görkəmi haqqında məlumat verərək Orxanla tanış olmaq istədiyini bildirdi. Aparıcılar da veriliş boyu nəyəsə nail olduqlarına sevinclərini gizlətmədilər. Elə həmin dəqiqə qızı studiyaya dəvət elədilər. Sanki elə həmin an onlar evlənəcək, bir ailənin təməli qurulacaqdı...
Gülər efirə çıxmaq istəmədiyini bildirsə də, aparıcılar cəhdlə «Verilişin qayda- qanunları var, ailənin təməli burada qoyulmalı, xalq da sizi buradan görməlidir» - deyə bildirdilər.
Ən təəccüblü məqam isə ali təhsilli, 27 yaşlı bir tarix müəlliminin verilişə qatılması oldu. «Mənəviyyat mənim üçün əsasdır» - deyən gənc sevgi axtardığını gizlətmədi. “Sevgi ikitərəfli qurban tələb edir...” deyən gənc böyük sevda yolunda özünə həmdəm axtardığını açıqladı. Onun “biz sizin bəxtinizi açırıq” deyənlərə inamı daha güclü görünürdü.
Aparıcılar da kifayət qədər savadlı bir gəncin verilişı qatılmasını alqışladılar. O mənada ki, bu cür gənclərin görüntüsü ən azı verilişin sanbalını qaldıra bilər... Ancaq gəncə baxdıqca düşünürsən ki, təhsilli, sağlam bir oğlan öz sevgisini nə üçün ekrandan axtarır? Doğrudanmı gəzib dolaşdığı həyatda, 3 milyonluq Bakıda, 9 milyonluq ölkədə bir nəfər könlünə yatan tapılmayıb və indi də SMS-lərlə ailə qurmaq məcburiyyətində qalıb?
Ya bəlkə bu gənclər özlərini azad, sərbəst seçimli göstərmək istəyirlər? Elanla sevginin, həyat yoldaşının qazanılacağına bu qədər inam onlarda hardandır?
SMS-lə ailə
Qeyd edim ki, verilşi izlədiyim müddətdə real bir nəticə əldə olunmadı. Bundan sonrakı verilişlərdə da hansı hadisələrin baş verəcəyini qabaqcadan deyə bilmərəm.
Verilişə qatılan gənclərin gələcək talelərinin necə olacaqlarını, özlərinə həqiqi sevgi tapa biəcəklərini də söyləmək çətindir. Çünki tamaşaçının bilmədiyi pərdəarxası məqamlar çoxdur. Təkcə onu deyə bilərəm ki, artıq şou əsirinə çevrilən tamaşaçılar bu tip verilişlərə qatılmaq istəsələr də nə intelektual, nə də mənəvi baxımdan buna hazır deyillər. Bu cür verilişlər bizim xalq üçün deyil – mən bunu əminliklə deyirəm. İki qəlbin pıçıltısı efirdən elan olunmur. İnsanların həyatda sevib sevilmək istəklərinə, el dəbi ilə toy arzularına mənasız bir çalar qatmaq kimə və nəyə lazımdır? Kim təminat verir ki, canlı yayımda qurulacaq ailənin təməli elə telekanalın kandarına qədər davam etməyəcək?
Verilişə qatılan gəncləri gördükcə onların studiyalara öyrədilən zənglər kimi cəlb olunduğunu da düşünürsən. Çünki inanmaq olmur ki, kifayət qədər savadlı gənclər efir vasitəsilə özlərinə ömür-gün yoldaşı axtarsınlar. Diğər tərəfdən... qəzetimizin “Bürclər” rubrikasını oxuyub redaksiyamıza davamlı zəng edən və probleminin həlli ücün kömək axtaran qızın yalvarışlarını xatırladıqca, verilişdən yardım umanların çox olacağına inandım. Telekanalların bu cür verilişlərdə SMS-lərlə insanların cibinə girmək məqsədinə də həmçinin...
Təranə Məhərrəmova