Dövlət Bayrağı Meydanının yaradılması hər bir azərbaycanlıda qürur hissi oyadır
Sentyabrın 1-də Azərbaycan xalqı öz tarixinin şərəfli günlərindən birini yaşadı. Bakıda əzəməti və gözəlliyi ilə tayı-bərabəri olmayan Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin iştirakı ilə açılan abidə müstəqillik tariximizdə ən mühüm bir hadisə kimi qeyd olunmaqdadır. Şübhəsiz ki, yeni Bayraq Meydanı hər bir azərbaycanlının qürur və şərəf yerinə çevriləcək. Yeni Meydanın açılmasına münasibət də birmənalıdır. Əksəriyyət onun azərbaycanlıların qürur yerinə çevriləcəyi qənaətindədir. Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov bu hadisəni çoxdan gözlədiyini deyir. «Çünki indiki bayrağımız 1918-ci ildə elan edilən dövlətimizin bayrağı olub. 1991-ci ildə elan edilən Konstitusiyadakı maddələrdən birində yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yəni bu bir növ varisliyin əlamətidir, həm də dövlət simvolunun bir abidə kimi rəsmiləşdirilməsidir. Bu, dövlət rəmzlərinin təsdiq olunması kimi qiymətləndirilməlidir. Mənim bir vətəndaş kimi buna münasibətim çox müsbətdir». Professor hesab edir ki, Dövlət Bayrağı Meydanının açılışı gənclər arasında vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olacaq: «Bu bizim mili rəmzlərimizdən biridir. Ona görə də bu, psixoloji nöqteyi-nəzərindən, vətənpərvərlik baxımından böyük bir əhəmiyyət kəsb edən bir hadisədir. Hesab edirəm ki, Dövlət Bayrağı Meydanının yaradılması və onun bu şəkildə qurularaq istifadəyə verilməsi hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır».
Açılış mərasimində iştirak edən Milli Məclisin deputatı Musa Quliyevin də təəssüratları böyükdür. Onun sözlərinə görə, sentyabrın 1-də Azərbaycan xalqı müstəqil dövlətçilik tarixinin ən şərəfli günlərindən birini yaşadı: «Olduqca möhtəşəm Bayraq Meydanının açılışının şahidi olduq. Meydanın özü qədər möhtəşəm olan bayrağımız ucaldıldı. Ölkə prezidentinin çıxışını dinlədik. Şahanə bayrağımızın qəhrəman Azərbaycan əsgərinin çiynində meydana daxil olmasını görəndə hamımız qürur hissi keçirdik. Bayrağın uca yüksəkliyə qaldırılaraq dalğalanmasını görəndə Azərbaycan dövlətinin qüdrətinin bir daha şahidi olduq. Cənab prezidentin çıxışında bir məqam məni xüsusi təsirləndirdi. O dedi ki, «bu bayraq bu gün dünyanın ən hündür, ən yüksək bayrağıdır. Amma bu yüksəklik nisbi bir şeydir. Gələcəkdə kimsə bundan da yüksək bayraq yüksəldə bilər. Amma bu gün bu bayraq müstəqil Azərbaycanın qüdrətinin rəmzidir». Qısa müddət ərzində biz möhtəşəm bir dövlət qurmuşuq və bu bayraq meydanı da onun göstəricilərindən biridir. Cənab prezident çıxışında qeyd etdi ki, Azərbaycan bu gün heç kimin yardımına ehtiyacı olmayan bir dövlətdir. Azərbaycan bu gün lazım gəldikdə özü kiməsə yardım edə bilər və yaxın illərdə beynəlxalq donor ölkəsinə çevriləcək. Azərbaycanın qüdrəti həmin o bayrağın rəmzi ilə yüksəlir. Bu gün Azərbaycanın hər yerində quruculuq, abadlıq işləri aparılır, insanların həyat şəraiti yüksəlir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya bu gün prezident İlham Əliyev tərəfindən modernləşdirilərək uğurla həyata keçirilir. Dünənki tədbir də göstərir ki, Azərbaycan xalqı birdir və dövlətin həyata keçirdiyi tədbirləri, siyasəti tam dəstəkləyir. Ötən gün həqiqətən də xalqımız həyəcanlı anlar yaşadı. İnşallah bizim bu bayrağımız gələcəkdə Azərbaycanın bütün işğal olunmuş rayonlarında dalğalanacaq. Beləliklə, Azərbaycan öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuş olacaq. Azərbaycan bütün dünya azərbaycanlılarının bu nəhəng bayraq ətrafında daha da sıx birləşməsinə, daha da möhtəşəm bir millətə çevrilməsinə nail olacaq».
Onunla həmfikir olan millət vəkili Nazim Məmmədov də hesab edir ki, ölkəmiz möhtəşəm layihələrindən birinə imza atdı: «Cənab prezident Dövlət Bayrağı Meydanının açılış mərasimində böyük nitq söylədi, bayrağın əhəmiyyətindən geniş bəhs etdi. Bayraq, himn, gerb – bu anlayışların hər bir azərbaycanlıya, vətəndaşa hissiyyatını anlatmaq qeyri-mümkündür. Bu bizim qanımızdır, canımızdır. Bundan əziz bizə nə ola bilər? Yəni tarixdən bizim müstəqil bayrağımızın olması üçün dədə-babalarımız nə qədər zülm, əziyyət çəkiblər. 1918-ci ildə AXC qurulan zaman üçrəngli bayrağımız müstəqilliyimizin və suverenliyimizin rəmzi kimi qəbul olundu. Əfsuslar olsun ki, o zaman rus imperialistləri azadlığımızı gözümüzdə qoydu. Buna baxmayaraq, 1991-ci ildə təzədən biz müstəqillik əldə etdik. Yeri gəlmişkən, ilk dəfə Sovet İttifaqının süqutuna qədər, Naxçıvan Ali Məclisində Heydər Əliyev üçrəngli bayrağımızı asdı. Halbuki, SSRİ-nin dağılmasına hələ bir il qalırdı. Bu bizim hamımızın yaddaşımızdadır. Təsadüfi deyil ki, bu bayraq meydanının əzəmətli və tarixi açılışı oldu. Azərbaycanın iqtisadi imkanları ona imkan verir ki, ən uğurlu layihələrə imza atsın. Ölkə prezidenti də qeyd etdi ki, bu, dünyada ən uca bayraqdır. Yəni bu, Azərbaycanın inkişaf simvoludur. Həm də bizim suverenliyimizin rəmzidir. Hər bir evdə Azərbaycan bayrağı olmalıdır. Hər bir azərbaycanlıda bayrağa sevgi güclənməlidir. Həmin mərasimdə sevincdən gözlərim yaşardı. Bu əzəmətli bayrağın altında himni oxuyarkən böyük hisslər keçirdik.
Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, bu hadisə özünün siyasi, tarixi, mənəvi yükünə görə qeyri-adi, böyük bir hadisə idi. «Yəni söhbət sadəcə bir abidənin açılışından getmir. Söhbət azərbaycanlıların, ölkəmizə təşrif buyuran qonaqların böyük həvəslə seyr edəcəkləri və yaddaşlara yazılacaq bir monumental abidənin açılışından gedir. Xarici ölkələrdə bu tip abidələr var. İndiyə qədər bir çox ölkədə olmuşam, ancaq bu abidə sayaq abidə görməmişəm. Burada həm memarlıq, həm milli köklər, vətənpərvərlik, eyni zamanda mən deyərdim ki, burada bir siyasi əhəmiyyət də var» - deyə o bildirib. Onun sözlərinə görə, hazırda ölkəmiz özünün atributları ilə tanınmaqda və nüfuz qazanmaqdadır. Biz sadəcə bir ölkə rolunu oynamırıq, ümumilikdə bu gün regionun aparıcı ölkələrindən birinə çevrilmişik. “Apardığımız demokratik islahatlar, bütün sahələrdə əldə edilən dəyişikliklər ümumən Azərbaycanı başqaları üçün nümunə olan bir dövlət modelinə çevirib. Ölkə prezidenti İlham Əliyev çıxışında Azərbaycan dövlətinin 20 illik müstəqillik dövründə keçdiyi yola nəzər saldı. O, qarşıya yeni bir məqsəd qoydu. Azərbaycan qısa bir müddətdən sonra donor ölkəyə çevriləcək. Dünyada donor ölkələr azdır. Özünün iqtisadi, siyasi, texniki imkanları ilə başqa ölkələrə kömək etməyə qadir olan ölkələr azdır. Əgər Azərbaycan bu gün özünün apardığı uğurlu siyasət nəticəsində belə bir dövlətə çevrilə bilibsə, bu, tək Azərbaycanın deyil, bütövlükdə regionun da uğurudur. Bu gün torpaqlarımızı işğal edən Ermənistan qısa zamandan sonra Azərbaycandan kredit almağa cəhd edəcək. O, Azərbaycanla birgə layihələrdə iştirak etməyə, onun imkanlarından ölkəsinin inkişafı üçün istifadə etməyə çalışacaq. Bütün bunların hamısı hesab edirəm ki, açılan abidənin fəlsəfəsini təşkil edir. Abidə möhtəşəmdir, orada böyük işlər görülüb» - deyə millət vəkili qeyd edib. A.Mirzəzadə onu da vurğulayıb ki, abidənin açılışı dünyanın bir çox ölkəsinin mətbuat və televiziyalarının diqqətini cəlb edib. Hələ abidə açılmamışdan öncə onun haqqında çoxsaylı informasiya gedib: «Hesab edirəm ki, Dövlət Bayrağı Meydanı tək bakılıların deyil, bütün azərbaycanlıların sevimli istirahət və gəzinti yerlərindən birinə çevriləcək. Bu, hələ başlanğıcdır. Ümumən götürdükdə Azərbaycan özünün uğurlu layihələri ilə dünyanı yaxşı mənada təəccübləndirməkdə davam edəcək. Hamısı ondandır ki, ölkəmizin dövlətçilik modeli düzdür, inkişaf xətti var. Bu gün Azərbaycan vətəndaşları burada yaşamaqdan, onun uğurlu nəticələrindən yararlanmaqdan bir qürur hissi keçirirlər».
Azər NURİYEV