Rusiya-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün bütün mümkün resurslardan istifadə olunur
Strateji münasibətlər və mehriban qonşuluq prinsiplərinə söykənən Rusiya-Azərbaycan münasibətləri özünün yüksəliş dövrünü keçirir. Təsadüfi deyil ki, iki ölkə arasında son illər ən yüksək səviyyədə səfərlər təşkil edilir. Bu səfərlərdən biri də bu gün həyata keçirilir. Rusiya prezidenti Dmitri Medvedyevin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlir. Son illər ölkələrimiz arasında strateji önəm alan münasibətlər qarşılıqlı səfərlərlə yüksəlməkdədir desək, yəqin ki, yanılmarıq. Müstəqillik əldə edildikdən sonra Rusiya və Azərbaycan qarşılıqlı əlaqələrin yeni keyfiyyətini bərqərar etdilər - keçmiş ittifaq respublikaları diplomatik münasibətlər yaradılması haqqında saziş imzalayaraq müstəqil dövlətlər oldular. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildikdən dərhal sonra etdiyi elə ilk rəsmi çıxışındaca bildirdi ki, «Azərbaycan ilə Rusiya və digər keçmiş müttəfiq respublikalar arasında uzun illər ərzində bizim iqtisadi, mədəni və sırf insani əlaqələrimiz çox yaxın olub, bunları qırmaq almaz». O, Rusiyanın Bakıdakı səfiri ilə ertəsi gün olan söhbətdə isə vurğuladı ki, Rusiya ilə qarşılıqlı surətdə faydalı əlaqələrin genişlənməsinə çalışacaq: «Əgər rus və Azərbaycan xalqları arasında, Rusiya və Azərbaycan arasında əlaqələrdən danışsaq, o zaman bu əlaqələrin böyük tarixə və dərin ənənələrə söykəndiyini görərik. Və bütün bunlar bizim üçün böyük nailiyyətdir». Bu müdrik sözlərin təsdiqi olaraq bu gün tam əminik ki, mehriban qonşuluq siyasəti təhlükəsizliyə, sabitliyə və sülhə xidmət edir. Heç kimə sirr deyil ki, iki ölkə arasında münasibətlər məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə düzəlməyə başladı. Onun dahiyanə şəkildə söylədiyi aşağıdakı fikirlər hər zaman aktuallığını saxlayır: «Belə bir faktı uğur hesab edirəm ki, Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin tənqidini müsbət tərəfə döndərmək mənə müyəssər oldu. Mənim ilk addımlarım Rusiya ilə xeyirxah münasibətlərin bərpasına yönəlmişdir. Bu xətt davam etdiriləcəkdir. Rusiya Azərbaycan üçün həm yaxın qonşu, həm də istər Azərbaycanda, istərsə də Rusiyada yaşayan respublika vətəndaşlarının bir çoxunun taleyinin bağlı olduğu böyük ölkədir».
Ötən dövr ərzində Azərbaycan və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin ən müxtəlif sahələrinə dair yüzdən artıq razılaşma imzalanıb ki, onların təxminən 70-ni dövlətlərarası və hökumətlərarası sazişlər təşkil edir. Bu səbəbdən də Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri yalnız Bakı üçün deyil, eləcə də Moskva üçün ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi planında vacibdir. Bu gün əminliklə demək olar ki, prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılmasına nail olub. Bu siyasət bütünlükdə Azərbaycan-Rusiya münasibətlərinin, ayrı-ayrılıqda hər iki dövlətin və xalqın dövləti maraqlarına, mənafeyinə xidmət edir.
Bəlli olduğu kimi, iki ölkə arasında münasibətlər xüsusən Rusiyada Vladimir Putin hakimiyyətə gələndən sonra strateji önəm almağa başlayıb. Putinin prezident seçilməsilə Rusiya və Azərbaycan arasında əməkdaşlıq möhkəmlənib. Belə ki, tərəflər Xəzərin statusu məsələsində razılığa gəlib. 2001-ci ilin yanvarında prezident Putinin Azərbaycana ilk rəsmi səfəri oldu. Səfər bir çox illər ərzində ilk dəfə olaraq müsbət nəticələr verdi: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yeni prinsiplərinin əsasını qoyan Bakı bəyannaməsi imzalandı. Sonra o, genişləndirilərək strateji tərəfdaşlıq haqqında sazişə çevrildi. Ümumiyyətlə, XXI əsrin başlanğıcının ilk illəri Rusiya siyasətində postsovet məkanına düşünülmüş yanaşma ilə əlamətdar oldu, bununla bərabər, Qərblə davranışın və ona inteqrasiyanın yeni xətlərinin işlənib hazırlanmasına cəhdlər edilirdi. Hazırda Azərbaycanda olan 100 min tələbədən 15 min nəfəri rus dilində təhsil alır və bu, olduqca ciddi göstəricidir. Azərbaycan ilk dövlətlərdəndir ki, Slavyan Universitetinin əsasını qoyub və burada rus dili kafedrası fəaliyyət göstərir.
Qeyd edək ki, prezident İlham Əliyev Dmitri Medvedyevlə o, hələ Rusiya Prezidenti Administrasiyasının rəhbəri olduğu dövrdə şəxsən tanış olub. 2005-ci ilin yayında Medvedyev Bakıya işgüzar səfərə gəlib. Sonra daha bir neçə görüş, o cümlədən 2008-ci ildə MDB ölkələri dövlət başçılarının sonuncu qeyri-formal sammitində görüş olub. Hazırda ikitərəfli münasibətlər elə vəziyyətdədir ki, hər hansı kəskin şərait yaranması çətin mümkün olsun: sadəcə olaraq ona görə ki, münasibətlər sisteminin özünün daxilində böhranların qarşısının alınması mexanizmi var. Məsələn, media məkanında bu və ya digər rusiyalı siyasətçilərin Azərbaycan barəsində kəskin ifadələri ilə əlaqədar xoşagəlməz epizodlar və onlardan irəli gələn qalmaqallar hamıya məlumdur. Bəzən bu qalmaqallar XİN və başqa rəsmi strukturlar səviyyəsinə qaldırılır. Lakin bu münaqişəli vəziyyətlər və insidentlər münasibətləri heç vaxt əsaslı şəkildə pozmamış və əslində, əməkdaşlığın iqtisadi blokuna təsir göstərməmişdir. İkinci məqam münasibətlərin geosiyasi aspekti - ikitərəfli münasibətlərə üçüncü ölkələrin təsiri ilə bağlıdır. Burada ən «ağrılı» məqam Qarabağ münaqişəsidir. Lakin yenə də çoxdan məlumdur ki, bu mövzuya münasibətlərin ayrıca bir bloku kimi baxılır ki, bu da əlaqələrin əsas məzmununa təsir göstərmir. Yəqin bunu izah etməyə ehtiyac yoxdur ki, Rusiya Azərbaycana heç də Azərbaycanın Rusiyaya lazım olduğundan az lazım deyildir. Ümumi vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda bu böyük dünyada müttəfiqlərin və tərəfdaşların olması təmtəraq deyil, zərurətdir. Bu, hər iki ölkənin güclü siyasətinin həm şərti, həm də nəticəsidir. Əməkdaşlığı gücləndirmək üçün bütün mümkün müsbət resurslardan istifadə etməyə səy göstərmək lazımdır. Rusiyanı və Azərbaycanı birləşdirən iqtisadi, sosial, humanitar körpülər öz yerində, ölkələrimizin davamlı və sürətli inkişafı baxımından biz istənilən müsbət amilləri artırmalıyıq. Özü də düşmənlərimizə sərfəli qarşıdurma və ziddiyyətlərdən uzaq olmağa çalışaraq, Heydər Əliyevin Azərbaycana vəsiyyət etdiyi kimi, ölçülüb-biçilmiş yolu taparaq bacarıqla irəliləməliyik.
Bu gün Ermənistan Rusiya ilə münasibətlərinə görə qürrələnsə də, onun yeri forpostluqdan başqa bir şey deyil. Bu ölkə Rusiyanın sözün əsl mənasında vassalıdır: müstəqil xarici siyasəti yoxdur, hakimiyyətin kimliyi Moskvada müəyyən olunur, iqtisadiyyat tam olaraq şimal sahibin əlindədir, ölkə ərazisində iri rus hərbi bazası yerləşir və s. Yerevan açıq şəkildə bəyan etməkdən belə utanmır ki, Rusiyanın hərbi bazası Ermənistanın və erməni xalqının təhlükəsizliyinin əsas təminatçısıdır. Maraqlıdır ki, Medvedyevin Azərbaycana səfəri fonunda son illərdə izlənən Bakı-Moskva yaxınlaşmasından həm Yerevanda, həm də Moskvanın müəyyən dairələrində ciddi narahatlıq keçirənlər var. Ermənistanda düşünürlər ki, birincisi, Rusiyanın yeni liderinin ənənəvi strateji müttəfiq (forpost) ölkəyə deyil, həmin müttəfiqin düşməni olan dövlətə səfər etməsi heç də yaxşı göstərici deyil. İkincisi, Rusiya ilə Azərbaycan arasında imzalanmış strateji əməkdaşlığa dair müqavilə bir çox halda Moskvanın Yerevana olan xüsusi münasibətlərini neytrallaşdırmış olur. Nəhayət, üçüncüsü, ermənilər çox ehtiyatlanırlar ki, Bakı ilə Moskva arasında başlamış qaz ticarəti son nəticədə Dağlıq Qarabağın itirilməsilə yekunlaşacaq. Prinsipcə, Ermənistanda vəziyyətə aydın və praqmatik yanaşanlar razılaşırlar ki, bütün bunlar təbiidir və nə vaxtsa olmalı idi. Dünyada qiymətlər artır, Rusiya Ermənistanı daim özünün subyektlərindən biri kimi yemləyə bilməz; siyasi oriyentirlər dəyişir - əbədi müttəfiqlik amorf anlayışa çevrilir; nəhayət, iqtisadi amil siyasəti üstələyir və müəyyənləşdirir: Ermənistanın Dağlıq Qarabağ iddiasına görə Azərbaycanla irimiqyaslı, milyardlıq iqtisadi dividentləri əldən vermək də rentabelli iş deyil.
Dosye
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Rusiya prezidenti V.Putinin Bakıya ilk rəsmi səfəri 2001-ci il yanvarın 9-da baş tutub. Səfər zamanı Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərə dair Bakı bəyannaməsi və Xəzərdə əməkdaşlıq prinsiplərinə dair birgə bəyanat qəbul edilib. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.
Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf edir. 2003-cü ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə Saziş, 2006-cı il dekabrın 4-də isə – ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası Saziş imzalanıb. Qafqazda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər nəzərə alınmaqla, sərhədyanı əməkdaşlıq əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır. Azərbaycanla dövlət sərhədinin delimitasiyası istiqamətində iş davam etdirilir. 2008-ci il yanvarın 29-30-da Moskvada danışıqların 15-ci raundu keçirilib. İki dövlət arasında ümumi uzunluğu 336,5 km olan sərhədin işçi protokollarda əksini tapmış, xəritələrə və digər təsviri sənədlərə köçürülmüş hissəsinin uzunluğu 301,1 km-dir. Yəni iki ölkə arasında sərhədin 90 faizi delimitasiya edilib.
Azər NURİYEV