|
Azərbaycan bayrağı... Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin simvolu… Azərbaycan dövlətinin hörmət və ehtiramının tək ünvanı. Millətimizin və dövlətimizin tanıtım simvolu, hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək milli dəyərimiz.
Milli suverenliyin simvolu
Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edildi və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olundu. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və rəsmi olaraq Azərbaycan ərazisində ilk dəfə Naxçıvanda dalğalandı. Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət rəmzləri, o cümlədən dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bununla da bütün azərbaycanlılar üçün müqəddəs dövlətçilik rəmzinə çevrilən bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdi.
Bayraq meydanı
Bayrağımızın Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin mühüm amillərdən biri olduğunu nəzərə alan dövlət başçısı onun təbliğini də daim diqqətdə saxlayır. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı dövlət başçısının irəli sürdüyü ideya da ali məqsədlərdən, müqəddəs amallardan qaynaqlandı. Əsas diqqət ilk növbədə bu nəhəng layihənin reallaşması üçün paytaxtda ən münasib yerin seçilməsinə yönəldildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müzakirələr zamanı bir çox variant təklif edildi. Dövlət başçısı isə layihənin həyata keçirilməsi zamanı bir neçə mühüm məqamın üzərində xüsusilə dayandı. Dövlət bayrağı paytaxtın mərkəzində olmalı - ən hündür nöqtədə dalğalanmalı, şəhərin bütün yerlərindən, hətta Xəzər dənizindən Bakı buxtasına yan alan bütün gəmilərdən aydın görünməli idi. Nəhayət, gərgin iş prosesindən və səmərəli müzakirələrdən sonra müvafiq layihə hazırlandı və bəyənildi. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında imzaladığı sərəncam bayrağın dövlət rəmzləri sırasında xüsusi yerini və rolunu müəyyən etdi. Azərbaycan Prezidentinin həyata keçirmək istədiyi bu ideyanı ən çox dəstəkləyən də elə Azərbaycan cəmiyyətinin özü oldu. 2007-ci il dekabrın 30-da - Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində paytaxtın Bayıl qəsəbəsində, Bakının ən hündür nöqtələrindən birində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. Azərbaycan tarixində ilk dəfə reallaşan bu layihə parametrlərinə və görülən işin miqyasına görə unikal mühəndis-texniki qurğusudur. Dövlət Bayrağı Meydanının inşasının həm də ölkə əhəmiyyətli məsələ olması bu layihənin kəsb etdiyi dəyəri daha da artırıb. Bu, həm də Dövlət Bayrağı Meydanında görülən işlərin son dərəcə dəqiq və məsuliyyətlə həyata keçirilməsini şərtləndirib. Görkəmli arxitektor və memarlarımızın cəlb olunduğu böyük heyət dünyada ilk dəfə məhz Azərbaycanda belə bir layihənin həyata keçirilməsi üçün inqilabi nailiyyətə imza atıb.
Bayrağımızın fəlsəfi yükü
Azərbaycan bayrağı keçdiyimiz tarixi yolu, milli ideologiyamızın əsas prinsiplərini və dövlətimizin getdiyi yolu tam mənası ilə əks etdirir. Odur ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətdə bayrağımızın fəlsəfi yükü tam mənası ilə ifadə olunub. Azərbaycan bayrağını müqəddəsləşdirən tək onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə xalqımızın gedəcək yolu müəyyənləşdirən bələdçidir. Milliliyin, dini inancımızın və müasirliyin simvolizə edən bayrağımız Azərbaycan insanına öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir, İslamın xalqı birləşdirən əvəzolunmaz dəyər olduğunu xatırladır. Nəhayət, bayrağımız bizi milli hədəfimizə doğru – müasirliyə səsləyir, dövlət olaraq Azərbaycanın gələcək tərəqqisinin Avropada olduğunu göstərir. Cümhuriyyət yaradıcılarının müəyyənləşdirdiyi bu təməl prinsiplər milli-mənəvi dəyərlər sistemimizdən qaynaqlanır. Elə ona görədir ki, rus-sovet işğalı belə onu insanların təfəkküründən silmək gücündə olmadı. Bu gün üçrəngli bayrağımız ən yüksək zirvədə dalğalanır. Bu, Azərbaycan dövlətinin gücünün, xalqımızın isə birliyinin nümayişidir.
Yaşasın ay ulduzlu müqəddəs üçrəngli bayrağımız!
|