Rusiya ilə Azərbaycan arasında uğurlu dialoq qarşılıqlı faydalı münasibətlərin inkişafına ciddi impulslar verir
Sabah Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana səfərə gəlir. Səfər zamanı iki ölkə iqtisadi, siyasi sahədə bir sıra mühüm sazişlərini imzalanması nəzərdə tutulub. Heç kimə sirr deyil ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı zəruri edən başlıca amillərdən biri məhz tarixən formalaşmış iqtisadi əlaqələrimizdir. Sovetlər Birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki soyuqluq buna müəyyən problemlər yaradırdı. SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən hər iki ölkə arasında münasibətlər aşağı səviyyədə olsa da, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu münasibətlər normallaşmağa başladı. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə əvvəlki hakimiyyətlərin siyasi səbatsızlığı ucbatından rəsmi Bakı ilə Moskva arasında yaranmış siyasi gərginliyi aradan qaldırdı, ölkələrimiz arasında normal münasibətlərin əsası qoyuldu. Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişikliklər tezliklə özünü bir sıra məsələlərdə, o cümlədən Xəzərin statusu məsələsində büruzə verdi. Əvvəl bununla bağlı fərqli mövqe sərgiləyən Rusiya Xəzərin statusu məsələsində Azərbaycanla eyni mövqedən çıxış etməyə başladı. “Lukoyl” şirkətinin "Əsrin müqaviləsi"ndə iştirakı da Rusiyanın ölkəmizin yeni neft strategiyasına münasibətinin göstəricisi idi.
Praqmatik siyasətçi kimi tanınan Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoydu, psixoloji-siyasi gərginliyin tədricən aradan qalxması iqtisadi-siyasi, humanitar və hərbi-texniki sahələrdə əməkdaşlıq üçün real imkanlar açdı. 2000-ci ildən Azərbaycan-Rusiya münasibətlərində hökm sürən psixoloji gərginlik mərhələsinin geridə qaldığını tam əminliklə söyləmək olar. Tarixən bir-birinə bağlı olmuş iki qonşu dövlət arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyi heç kimə sirr deyil. Son illər yaranmış xoş münasibətlərin məntiqi nəticəsi olaraq Rusiya respublikamızla əlaqələrin perspektivinə böyük inamla yanaşır, təkcə siyasi deyil, iqtisadi sahədə də əməkdaşlığı genişləndirmək niyyətini konkret şəkildə ortaya qoyur. İki ölkə arasında uğurlu dialoq və anlaşma mühitinin yaranması isə qarşılıqlı faydalı münasibətlərin inkişafına ciddi impulslar verir. Rusiya ilə münasibətlər elə yüksək səviyyədə qurulub ki, Azərbaycanın aparıcı Qərb dövlətləri ilə çoxşaxəli əməkdaşlığı rəsmi Kremlin mənfi reaksiyası ilə qarşılanmır. Bu ölkənin praqmatik meyilli siyasi dairələri respublikamızın Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə çalışırlar. Praqmatik və rasional baxışlı siyasətçi olan prezident İlham Əliyev Rusiyanın dünya siyasətindəki həlledici rolunu və imkanlarını yetərincə düzgün qiymətləndirir. Dövlət başçısının 2004-cü ildə bu ölkəyə reallaşan ilk rəsmi səfərindən sonra Putin administrasiyasının Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində praktik addımlar atdığı daha qabarıq sezilir. Ölkələrimiz arasında iqtisadi münasibətlər son illərdə kifayət qədər yüksək templə inkişaf edir. Müxtəlif iqtisadi layihələr həyata keçirilir, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası intensiv işləyir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanla ticarət edən ölkələr arasında birinci yeri tutur - 2005-ci ildə əmtəə dövriyyəsi 1 milyard dolları keçib. Rusiyanın baş naziri Vladimir Putin bildirib ki, Rusiya Azərbaycan üçün olduğu kimi, Azərbaycan da onlar üçün həmişə etibarlı tərəfdaş olub və belə olaraq qalır: «Mən Azərbaycan iqtisadiyyatındakı müsbət artım meyillərini nəzərə alaraq bilirəm ki, bu, nəinki MDB məkanı üçün, hətta dünya miqyasında rekorddur».
Ölkələrimiz arasında əmtəə dövriyyəmiz çox böyük sürətlə, 50 faizdən çox artıb, özü də onun strukturu yaxşılığa doğru dəyişir. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı maraqlar, dostluq, mehriban qonşuluq əsasında qurulursa, bu münasibətlər proqnozlaşdırıla bilirsə, iqtisadi inkişafla bağlı bütün məsələlər daha uğurla həll edilir. Maraqlıdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olması erməniləri ən çox özündən çıxaran hal olub. Ermənipərəstliyi ilə seçilən rusiyalı politoloq Sergey Markedonov bugünlərdə mətbuata verdiyi açıqlamada bildirib ki, «Azərbaycan Rusiya üçün Ermənistanı əvəz edə bilməz». İddia kifayət qədər məntiqsiz səslənməklə yanaşı, həm də absurddur. Birincisi, Azərbaycan özünün müstəqil xarici siyasətilə artıq illərdir sübut edir ki, nəinki kimdənsə asılıdır, eyni zamanda kimisə əvəz etmək niyyətində deyil! İkincisi, həqiqətən də Ermənistanın gördüyü bəzi xidmətlər baxımından onu istəsən belə əvəz etmək olduqca müşkül məsələdir. Azərbaycanın isə Rusiyadan heç bir asılılığı yoxdur: nə iqtisadi, nə də siyasi sahədə. Tərəflər arasındakı mal mübadiləsi 2 milyard dollarlıq həddə çatıb. Bu, Ermənistanın bütöv büdcəsi deməkdir. Azərbaycan bir çox ölkədən fərqli olaraq Rusiyadan enerji asılılığında deyil, hətta bir il əvvəl qazın qiymətini az qala astronomik həddə çatdıran Moskvanın özü indi bizdən mavi yanacaq almaq istəyir. Bu baxımdan şübhə yoxdur ki, Markedonovun analogiyası olduqca qüsurludur. Təbii ki, onu danışdıran dairələr var və paralel olaraq Ermənistanda da bu tipli bəyanatları araşdırarkən ümumi nəticəyə gəlmək olar ki, prezident Dmitri Medvedyevin Azərbaycana səfəri fonunda son illərdə izlənən Bakı-Moskva yaxınlaşmasından həm Yerevanda, həm də Moskvanın müəyyən dairələrində ciddi narahatlıq keçirənlər var.
Bu gün də iqtisadi və geostrateji üstünlüklərindən maksimum yararlanmaqla daha yüksək inkişaf fazasınna qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Rusiya ilə münasibətlərə kifayət qədər diqqətlə yanaşır. Xarici siyasətdə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və milli maraqlara söykənən siyasi kursu böyük məharətlə davam etdirən prezident İlham Əliyev Rusiya ilə münasibətlərin genişlənməsinə daha da böyük diqqət yetirir. «Bizim yaxşı siyasi əlaqələrimiz, ikitərəfli məsələlərdə, regional əməkdaşlıq məsələlərində tam qarşılıqlı anlaşmamız var, bir çox beynəlxalq problemlərdə mövqelərimiz uyğun gəlir. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və biz bu strateji tərəfdaşlığa sadiqik. Mən bu xətti davam etdirəcəyəm» - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin son üç il yarım ərzində Rusiya Federasiyasına rəsmi və işgüzar səfərləri, həmçinin Rusiyanın dövlət rəsmilərinin Azərbaycana səfərləri ikitərəfli münasibətlərə təsirsiz ötüşməyib. Son illərdə isə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoyub, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılıb. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanıb və bunların 70-i dövlətlərarası və hökumətlərarası sənədlərdir.
Son 10 ildə ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi münasibətlər yüksək dinamizmlə inkişaf edir, müxtəlif iqtisadi layihələr həyata keçirilir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə MDB məkanında Rusiya Azərbaycanın əsas tərəfdaşı olaraq qalır. Qlobal böhranla müşayiət olunan 2009-cu ildə iki qonşu dövlət arasında əmtəə dövriyyəsinin 40 faiz artaraq 3 milyard dollara yaxınlaşması qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud olan zəngin potensialdan xəbər verir. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, siqaret, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, neft və neft-kimya məhsulları ixrac olunur. Hazırda Azərbaycanda təxminən 350 Rusiya şirkəti fəaliyyət göstərir və onların 82-si 100 faiz Rusiya kapitalına məxsusdur. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak edirlər, bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da ölkəmizlə iqtisadi əlaqələri gücləndirməkdə maraqlı görünürlər. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanmışdır. Rəsmi məlumata görə, Azərbaycanda təqribən 140 min rus yaşayır. Azərbaycan Rusiya Federasiyasının 68 subyekti ilə əməkdaşlıq edir. Azərbaycanda Rusiya investisiyaları əsasən neft hasilatı və nəqli sahəsinə yönəldilib. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak edir, bir neçə beynəlxalq konsorsiumda paya malikdir.
Azər NURİYEV