İnsanlar özləri də bunun sadəcə bir dəb, yoxsa zərurət olduğunu anlamaqda çətinlik çəkirlər
Bu gün arıqlamaq haqqında düşünməyən çox az insana təsadüf etmək olar. Bu xəyala düşüb müxtəlif vasitələrlə çəkisini azaltmaq istəyənlər öz fikirlərində qərarlı olduqca, üzlərinə geniş meydan açıldığını görən işbazlar fürsəti qaçırmamağa çalışırlar. Hazırda idman, pəhriz kimi üsullarla başlayan “arıqlamaq dəbi” tərkibi bilinməyən dərmanların qəbulundan tutmuş, əməliyyat stoluna qədər yol gedir. Yolun sonunda isə nəticədən razı qalanlar da, qalamayanlar da olur.
Əslində, arıqlamaq sözü ortaya atılan kimi göz önünə daha zərif və gözəl görünmək istəyində olan qadınlar gəlirsə, hazırda çəki qayğısına qalanlar arasında kişilərə daha çox təsadüf etmək mümkündür. Hətta iş elə gətirib ki, insanlar özləri də bunun sadəcə bir dəb, yoxsa zərurət olduğunu anlamaqda çətinlik çəkirlər. Bəs əslində vəziyyət necədir? Doğrudanmı hazırda arıqlamaq yalnız bir dəb halına çevrilib?
2,3 milyardı hədəfə alan piylənmə
Hazırda təxminən 1,6 milyard insanın həddindən artıq köklükdən əziyyət çəkdiyini araşdıran Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni “21-ci əsrin epidemiyası” adlandırıb. Bu gün “köklüyün əsiri”nə çevrilənlərin 20 milyona yaxını 5 yaşa qədər uşaqlardır. ÜST-ün gələcək proqnozları isə daha bədbin görünür. Belə ki, 2015-ci ilə qədər yer üzündə təxminən 2,3 milyard nəfər artıq çəkidən, 700 milyona yaxın insan isə piylənmədən əziyyət çəkəcək. Bu insanların daha çox hansı ölkələrin payına düşəcəyi dəqiqləşdirilməsə də, kainatın daha kök insanlarının inkişaf etmiş ölkələrdə yaşayanlardan ibarət olacağını təxmin etmək olar. Belə ki, statistika bu gün inkişaf etmiş ölkələrdə hər üçüncü insanın piylənmədən əziyyət çəkdiyini təsdiqləyir. Artıq çəkisi olan sakinlərinin sayına görə dünya ölkələrinin reytinqini dərc edən Amerikanın «Forbes» jurnalının araşdırmaları da piylənmənin artıq problemə çevrildiyini göstərir. 15 yaşdan yuxarı olan insanların çəkisi əsasında hazırlanan reytinqdə ən çox Nauru (94,5 faiz), Mikroneziya (91,1 faiz) və Kuk Adalarının (90,9 faiz) sakinlərinin piylənməyə məruz qaldığı təsdiqini tapıb. ABŞ 74,1 faizlə siyahıda 9-cu, Rusiya isə 49,1 faizlə 92-ci yeri tutur. Postsovet məkanında piylənmədən ən çox 66,7 faizlə 22-ci yerdə qərarlaşan Belarus əhalisi əziyyət çəkir. Tacikistan sakinlərinin isə yalnız 37,3 faizi artıq çəki problemi yaşayır. Azərbaycana gəlincə, 194 ölkə arasında 53-cü yeri tutan ölkəmizdə əhalinin 57,1 faizinin çəkisinin normadan artıq olduğu vurğulanır. Yer kürəsində ən arıq insanlar isə Eritreyadadır. Əhalisinin yalnız 4,4 faizinin kök olduğu qeydə alınan adıçəkilən ölkə reytinq cədvəlində sonuncu - 194-cü yerdədir.
Quruluşu dəyişən Qida rasionumuz çox kalorili, zülallı modelə çevrilib
Azərbaycanda şişmanlaşmanın artması Dövlət Statistika Komitəsinin (DSK) təhlillərində də özünü göstərir. Belə ki, DSK Dünya Bankının metodologiyası və tövsiyələrinə uyğun olaraq, 2009-cu ildə ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə reprezentativ seçmə üsulu ilə rübdə 4 250 ev təsərrüfatında sorğu keçirib. Həmin ev təsərrüfatlarında orta hesabla 16 434 şəxs sorğuya cəlb edilib. Təhlillər göstərib ki, son illərdə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi ilə bağlı meyvə, giləmeyvə və tərəvəz məhsullarının istehlakı artmaqda davam edir. Belə ki, 2008-ci illə müqayisədə bu məhsulların istehlakı müvafiq olaraq 9,4% və 6,1% artıb. Çörək və çörək məhsullarının qida rasionunda nisbi azalması, digər məhsulların tərkibinin zənginliyinə və beynəlxalq normativlərə uyğun olaraq ümumilikdə insan inkişafı potensialının artmasına dəlalət edir. Bununla yanaşı, 2009-cu ildə gündəlik qida rasionunun kaloriliyi əvvəlki ilə nisbətən artaraq sutkada 2 563,6 kKal təşkil edib. Bu isə minimum istehlak səbətinin tərkibində müəyyən olunmuş ərzaq məhsulları toplusunun minimal həddindən (sutkada adambaşına 2 258 kKal) 305,6 kKal yaxud 11 faiz yüksəkdir. Təhlillərin üzə çıxardığı diqqət çəkən əsas məqam odur ki, əhali tərəfindən istehlak olunan ərzaq məhsullarının artması, qida rasionunun quruluşunu dəyişdirərək, onu tərkibi daha rasional və zəngin olan çox kalorili, zülallı modelə çevirib. İstehlak edilmiş məhsulların tərkibində sutkada adambaşına zülallı maddələr 74,9 qram, yağlar 71,2 qram, karbohidratlar isə 460,9 qram olub.
Əhalinin 42,7 faizi köklüyə və piylənməyə meylli, 6,7 faizi isə şişmandır
Ümumiyyətlə, hesab olunur ki, əhalinin sağlamlıq vəziyyəti yalnız çəkinin saxlanması ilə deyil, bir neçə amildən, əsasən də əhalinin yaşayış tərzindən asılıdır. Yaşayış tərzi özlüyündə bir sıra məsələləri əks etdirir ki, bunlardan da idmanla məşğul olmanı, əmək vərdişlərini, iş şəraitini, mədəni-mənəvi istirahəti, siqaretə meylliliyi və s. göstərmək olar. Tədqiqatın məlumatlarına əsasən, 16 və yuxarı yaşlı kişilərin 25,1 faizi eyni yaşda olan qadınların təxminən 7,7 faizi idmanla məşğul olur. Həmin yaşda olan əhalinin təxminən 17,1 faizi siqaret çəkir, kişilər arasında bu zərərli vərdiş 36,3%, qadınlar arasında isə çox az rast gəlinir (0,016%). Siqaret çəkən kişilər orta hesabla gündə 16,1 ədəd olmaqla 18,6 illik siqaret çəkmə “stajı”na malikdirlər. Siqaret çəkən kişilərin 5,5 faizi gündə 20 ədəddən çox siqaret çəkir.
Azərbaycanda əhalinin boy və çəkisinə gəlincə, aparılmış tədqiqatın nəticəsi göstərir ki, ölkə əhalisinin orta statistik çəkisi 67,2 kq, boyu isə 166,8 sm olub. Kişilərin orta çəkisi 70,4 kq, boyu 170,3 sm, qadınların isə orta çəkisi 64,3 kq, boyu 163,7 sm olub.
İnsan orqanizminin arıq və ya köklüyünü müasir metodlarla təyin edən bədənin çəkisinin orta indeksinin hesablanması zamanı da maraqlı məlumatlar əldə edilib. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, bu indeks 18-dən azdırsa - çəki normadan azdır. 18-25 olarsa, çəki normal, 25-30-da - piylənmə ərəfəsində hesab olunur. Bədənin çəkisinin orta indeksi 30-dan yuxarı olması isə həddən artıq piylənmə kimi dəyərləndirilir. Tədqiqatın yekunlarına görə, bədənin çəkisinin orta indeksi Azərbaycanda 24,1 təşkil edir ki, bu da çəkinin normal olması deməkdir. Məlumatların təhlili göstərir ki, 16 və yuxarı yaşda olan əhalinin 1,5 faizinin çəkisi normadan aşağı, 49,1 faizinin normaya yaxın, 42,7 faizi köklüyə və piylənməyə meylli və 6,7 faizi şişmandır. Kişilərin 46 faizi, qadınların 52 faizi normal boy/çəki əmsalına malikdirlər. Piylənmə əsasən 40 yaşdan yuxarı əhali arasında müşahidə olunur, 45-64 yaşda olan qadınların 13 faizdən çoxu piylənmədən əziyyət çəkir.
Azhərəkətlilik, urbanizasiya və «fast food»
Bəs problem niyə ortaya çıxır? Ekspertlər dünyada insanların tədricən kökəlməsinə əsas səbəblər kimi ilkin olaraq azhərəkətliliyi göstərirlər. Bu proseslərdə urbanizasiya və artıq bütün dünyada özünə yer tutan ayaqüstü yeməklər - «fast food», stress yaradan iş tərzi də əsas amillərdən sayılır. Hesab olunur ki, urbanizasiya ucbatından əhali daha sıx məskunlaşır ki, bu zaman onlar şəhərlərdə ənənəvi qida mənbələrindən uzaqlaşmış olurlar. Nəticədə sənaye məhsullarından, bəzən həddən artıq emal olunmuş qidalardan asılılıq vəziyyəti mənfi axara tərəf çevirir. Ümumiyyətlə, köklük və piylənmə ürək-damar, insult, ikinci dərəcəli diabet və başqa xroniki xəstəliklərin inkişafı riskinin əsas faktorlarından biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatları onu da vurğulayır ki, hər il 17 milyondan çox insan məhz ürək xəstəliklərindən vəfat edir. Bu da, yəni getdikcə artan ürək-damar xəstəlikləri artıq çəkinin ortaya çıxardığı əsas bəlalardan biri kimi qəbul edilir. Ona görə də arıqlamağın dəb olmadığını vurğulayan endokrinoloq Gülər Nəbiyeva bəzi xəstələrin həqiqətən arıqlamağa ehtiyacı olduğunu deyir. Köklüyün təyini üçün isə hər kəs üçün əvvəlcə bədən kütlə indeksi hesablanır: ”Bu indeksin 25-dən yuxarı olduğu xəstələrdə çəkinin azalmasına ehtiyac var. Çünki yüksək çəkili insanların müxtəlif xəstəlikləri və onlardan yaranan patologiyalar ortaya çıxır. Pəhrizə əgər düzgün qidalanmağa riayət olunsa, pəhrizlə arıqlamaq olar”. Amma qida rasionundan bəzi qidaları tam çıxarmaqla arıqlamağa cəhd göstərilməsində də bəzi patologiyalar yarana bilər: ”Çox insan qusma yolu ilə arıqlamağa çalışır. Bunlar da yeməkdən imtina ilə nəticələnən, eləcə də bir çox xüsusiyyətləri ilə diqqəti çəkən anareksiya nevrozu kimi xəstəliklərə, orqanizmdə bəzi qida maddələrinin çatışmazlığına gətirib çıxarır”. Endokrinoloq hesab edir ki, əgər şişmanlığın hər hansı endokrin patologiyası müşahidə olunmazsa, xəstədə yalnız piylənmə özünü göstərərsə, bu zaman fərdi pəhriz rejiminin tətbiqi məqsədəuyğundur: ”Bunun üçün hər insan orqanizminə uyğun konkret kilo-kalori hesablanır və ona uyğun pəhriz tətbiq olunur. Amma bu, hər xəstə üçün eyni pəhriz rejimi demək deyil. Hər kəs üçün fərdi pəhriz rejimi hesablanır. Azərbaycana gəlincə, yaşayış tərzimizə, qidalanma rejimimizə uyğun olaraq bizdə də yüksək çəkili insanlarımız daha çoxdur. Ona görə də özünü kök hesab edənlər hər bir halda həkimə müraciət etməlidirlər. Bədən çəkisinin normal olub-olmaması, insan üçün lazımi bədən çəkisinin saxlanmasında da həkim məsləhəti mütləqdir”.
Kalorini harada və necə azaltmaq olar?
Yalnız özünə güvənib üzərində müxtəlif vasitələri sınaqdan keçirməyə can atanlar bunu ağır fəsadlarla yekunlaşacağını da əvvəlcədən göz önünə gətirməlidirlər. Sadəcə, hər kəs bilməlidir ki, orqanizmdə ürək döyünməsi, bədənin daimi temperaturu, həzm, kimi həyati vacib funksiyaları qorumaq üçün orqanizmə enerji lazımdır. Bunun üçün də o, yeməklərdən qida maddələrini emal edərək maddələr mübadiləsini hərəkətə gətirir. Orqanizmə artıq qida düşdüyü zamanda isə bu prosesdən özünə lazımi enerjini götürən orqanizm yerdə qalanları piyə çevirir. Bu piyləri isə hər bir insan istənilən fəaliyyət zamanı azalda bilər. Ümumiyyətlə, müxtəlif fəaliyyət növləri zamanı insanın itirdiyi enerji də fərqlənir. Məsələn, 30 dəqiqə ərzində yerişdən 156, oturmaqdan 42, dayanmaqdan 48 kalori itirmək olar. Yatarkən isə insan heç bir kalorisini itirmir. Yarım saat kompyuter arxasında işləməklə 54, ev təsərrüfatında çalışmaqla, məsələn, ütüləməkdən 124, tikməkdən 64, təmizlik işlərindən 120, bişirməkdən 88 kalori itirmək mümkündür. Musiqi ilə kalorini azaltmaq olar. Belə ki, 30 dəqiqə fleytada çalmaqla 70, pianinoda 78, barabanda 130 kaloridən azad olmaq mümkündür.
Həqiqət İSABALAYEVA