Vidadi Bərdəlinin 35 ildən sonra nəhayət, yadına düşüb ki, “mən də bu sənətdə varam, niyə mənim fəxri adım olmasın?”
Keçən həftə toy müğənnisi Vidadi Bərdəli "Ay Zaur" verilişinin qonağı idi. Sözün düzü, onu ilk dəfə idi ki, ekranda görürdüm. Uşaqlıq illərimin yaddaşında da belə bir müğənninin qaldığını nə illah edirəmsə, xatırlaya bilmirəm ki, bilmirəm. Mənə qəribə gələn onun toylarda oxuduğu "Görəsən dünyaya nöş gəlib insan?" tipli mahnılarını veriliş boyu səsləndirməsi yox, fəxri ada iddialı olması idi. Nöşün ki, verilişin aparıcısı ona "Siz sənət aləmində olduğunuz yerdən razısınızmı?"- deyə sual verəndə bir ağızdan: "Mən 35 ildir ki, sənətdəyəm. Amma bu müddətdə qapılar döyməyi xoşlamamışam" cavabını verdi.
Xatırladım ki, verilişin digər qonaqları – bu tipli verilişlərin birində "toylar kralı" titulunu qazanan Manaf Ağayev, müğənni Nazənin və meyxana ifaçısı Namiq Qaraçuxurlu idi. Onlar da elə veriliş boyunca Vidadi Bərdəlinin heç olmasa, Əməkdar artist adına layiq görülməsi arzusunu dilə gətirirdilər. Verilişin müğənninin evində çəkilən süjetlərində də həyat yoldaşı və övladları müğənninin sənətdə tutduğu yerdən narazılıqlarını vurğuladılar. Ancaq söhbət boyu o da bəlli oldu ki, 35 il ərzində toylarda özünün dediyi kimi, kisə-kisə pul qazanan Vidadi Bərdəli 5 övladının hamısına gün ağlayaraq onlar üçün ev-eşik qurub. Nazənin verilişdə "biz axşam yatanda toy arzusu ilə ona görə yatırıq ki, xoşməramlı adamıq” fikirləri də bu qəbil müğənnilərin yalnız el şənliklərini yol vermək üçün çalışmalarını sərgiləyir.
Vidadi Bərdəli də bu illər ərzində həmişə el şənliklərində oxuyaraq ara müğənnisi kimi tanınıb. Nə Filarmoniyanın solisti olub, nə də Azkonsertin. Konsert briqadaları ilə rayon-rayon, kəndbəkənd gəzərək zəhmətkeşlər qarşısında konsertlər də verməyib. Rayonlara, kəndlərə "qastrolları" toy xarakterli olub. Ölkədən xaricə də getməsi musiqimizin təbliğatı xarakteri daşımayıb. Manaf Ağayev kimi Rusiyada yaşayan azərbaycanlıların toy şənliklərini yola verib. Bir sözlə, onun fəaliyyətində sənət adına heç nə yoxdur. Məqsəd ailəsi üçün pul qazanmaq olub. Əslində, burda təəccüblü və pis heç nə yoxdur. Təəccüblü olanı budur ki, sənətini özü üçün gəlir mənbəyinə çevirənlər indi də musiqi mədəniyyətimizə xidmətdən, təəssübkeşlikdən danışırlar. Vidadi Bərdəlinin də 35 ildən sonra nəhayət, yadına düşüb ki, “mən də bu sənətdə varam, niyə mənim fəxri adım olmasın?”
Elə Namiq Qaraçuxurlunun özünü götürək. İki ay əvvəl redaksiyamızda qonaq olarkən ondan soruşdum ki, Aygün Kazımova konsertlərdə tez-tez “inşallah Namiq də halal haqqını – fəxri adını alar” deyə ismarıclar səsləndirir. Özünüz necə bilirsiniz, layiqsinizmi, ya bəlkə hələ tezdir?" deyə soruşanda, cavab verdi ki, “əgər bu sualı mənə keçən il versəydiniz “yox” deyərdim. İndi isə düşünürəm ki, mənim də fəxri ad almağa haqqım var. Vaxtdır artıq”. Digər müğənnilər də onun kimi... Heç kəsə sirr deyil ki, "ulduzlar”ımızın özlərini əsas yada salmaq metodu gündəmdə olmaqdır. Yəqin hamınız fikir vermisiniz, efirin indiki "ulduz"ları və "ulduzcığaz"ları haqqında ən xırda məlumatlar belə, günün ən vacib xəbəri kimi əhaliyə çatdırılır və əsas mədəniyyət hadisəsi kimi təqdim olunur. Onlar "efirdə görünməyən tez unudulur" devizini əldə rəhbər tutaraq vaxtaşırı aşağı səviyyəli "maqazin" verilişlərinə çıxıb özlərini reklam etdirməkdən çəkinmirlər. Bir-iki dəfə solo konsert verdikdən və konsert turlarına çıxdıqdan sonra sənətdəki xidmətlərindən danışmağa başlayırlar.
Stimul yoxsa bədbəxtlik?
Müğənnilər yeri gəldi-gəlmədi, layiq oldular - olmadılar fəxri ad arzusu ilə yaşayır, məqamı düşəndə istəklərini dilə gətirirlər. İş ondadır ki, onlar fəxri ad almaq istəklərini sənətdəki xidmətlərini keyfiyyəti ilə deyil, kəmiyyəti ilə ölçürlər.
Düzdür, elə sənət adamları var ki, onların yaradıcılığına nəzər salanda, sənət aləmində külüng çalmalarına baxmayaraq, fəxri ad sarıdan bəxtləri gətirməyib. Yaddan çıxıb, unudulublar. Gözdən uzaq düşdükləri kimi, könüldən də iraq düşüblər. Onlarla söhbət edəndə bəziləri incikliklərini dilə gətirsələr də, bəziləri də “canımız sağ olsun, kifayətdir” deyir. Elə sənət adamları da var ki, "xalq məni tanıyıb sevirsə, bəsdir, "ad" verməsələr də olar" , deyə heç də indiki zamanın meyarı olmayan sözlərlə illər uzunu özlərini aldadıb yaşayırlar. Ancaq təqdimat siyahısı açıqlanan kimi onların da qıcığı üzə çıxır.
Xalq artisti Nurəddin Mehdixanlı həmişə deyir ki, "aktyorun yeganə mənəvi təsəllisi onun fəxri adıdır". Yəni sənət adamı zəhməti müqabilində hansısa mükafatla qiymətləndirilməlidir. Əlbəttə, bu sözlərdə həqiqət var, ancaq layiqli sənət adamının qiymətləndiriləcəyi və umacağı təqdirdə.
Şuşa Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov isə: "Biz "ad" xatirinə bu sənətə gəlib özümüzü bədbəxt etmişik" deyir. Təzadlı fikirlər olsa da hər ikisində həqiqət var. O gün aktyor Teymur Məmmədov da dedi ki, özləri fəxri ad alanlar “daha fəxri adı ləğv eləmək lazımdır” deyirlər, amma bu ad bizim üçün stimuldur”. Hər halda onun bu sözü deməyə haqqı var, nəinki “Ay Zaur”un qonaqlarının...
Belə bir məşhur söz də var: “Utanmasan oynamağa nə var ki”
Təranə Məhərrəmova