|
Yəqin ki, göydən düşənlər daha asan və əziyyətsiz başa gəldiyindən bu söz belə ümumişləkdir. Bir də bu göydəndüşmələr üçün müasir variantda, nəfis tərtibatda işlənmiş məsələbənzər deyim də var: “Hazırın “nazir”i olmaq”. Bir də məsələnin başqa tərəfi var ki, bu da göydən düşənlərin daha müqəddəs, göstərişli, toxunulmaz hesab olunmasıdır. Çox vaxt isə bu söz özündə layiq olmayanların çiyninə qonmuş Simurq quşunun gətirdiyi xoşbəxtlik, var-dövlət, vəzifənin tənqidinə xidmət edən bütün mənfi tonlu anlayış və mənaları əks etdirir. Göydəndüşmə sərvət, göydəndüşmə vəzifə, göydəndüşmə şöhrət yerdəkilərin başına, çiyninə düşəndə isə yerdəkinin balansı hər baxımdan pozulur.
Belə “göydən düşənlər”in havasına onlar da ayaqlarını yerdən üzür, hamıya göydən baxmaq eşqinə düşürlər. Amma maraqlısı ondadır ki, heç bir göydəndüşmənin sahibi göydən gələnin gəldiyi kimi qayıdacağı həqiqəti ilə razılaşmaq istəmir. Nəinki razılaşmaq istəməməklə qalır, hətta bunun üçün nə göydəkilərin, nə yerdəkilərin ağlına gələsi işlər tutmaqdan da çəkinmir. Mövqeyi ziddiyyətli bir müəllifin “göydəndüşmə” hekayəsində bu barədə çox maraqlı fikirlər səslənib, az da olsa. Hərçənd elə hekayə müəllifinin özü də elə göydəndüşmə səadət sahiblərindən biridir. Amma hər halda onun səadəti göydən hələ tam enib qurtarmadığına görədir ki, qonşularına baxıb, qıcıqlanıb. Əslinə qalanda biz hazırın “nazir”lərini yüngül bir zərbə ilə aşırda bilərik. Amma bunu heç vaxt etmirik, çünki onlarsız mümkün deyil. Gözümüz, könlümüz öyrəşib onlara. İnsanı ən çox dərdə, kədərə qərq edən kiminsə birdən-birə çarxının dönməsi, görmədiyi sərvətə sahib olması deyil. Belə göydəndüşmələri də kateqoriyalaşdırırıq. Layiq olana və layiq olmayana nəsib olan göydəndüşmə. Məsələn, qabiliyyət adına heç nəyi olmayanların, qabiliyyət tələb edən bir sahədə şöhrət kimi alışıb-yanması, üzündən oxumağı bacarmayanların və yaxud da səhv oxumağı bacaranların hökmranlıq mübarizəsi və qələbəsi, kiminsə haqqını açıq-aydın, günün istənilən vaxtı səhər yeməyi əvəzinə iştahla yeyənlərin, başqa birinin haqqının müdafiəsi zamanı hakim rolu oynaması, peşəkarları kirayədə, yataqxanada yaşayan mətbuatın qeyri-peşəkarlarının, kağız-qovluq daşıya-daşıya özünü müxbir kimi qələmə verənlərinin evinin ingilis evinə bənzəməsi və sair təbii ki, insanı dünyaya “qəm pəncərəsindən baxan bədbin ruhlu şair” edə bilir. Amma göydəndüşmələrin maddi dəyəri az, lakin insana özünü göy adamı kimi hiss etdirən sinfə aid olanları da var ki, göydən onlar düşəndə pulun da qurtarsa, adın qurtarmır. Yəni, belələrinin pulu da qurtarsa, dilimizdən düşmür, həm nümunə kimi, həm də köhnəlməyən mövzu kimi. Belə göydəndüşmə, daha doğrusu, yerdənçıxma sərvət sahibləri isə “ürəkdir, çiçəkdir, kəpənəkdir” qafiyəli şeirlərə müəllifliklə “Xalq şairi” adı alanlar, “bəxtinə tuz düşüb”lə hamını ağgün edən “ekstrasens”lər, qılıncı siyasəti kəsməyəndə ədəbiyyata “güc” verən politoloqlar (onların simasında bəzi köşə yazarları) və nəhayət, bütün qarpızların içindən çıxan “hərşeyşünas”lardır. Lakin nə olur olsun, real nəticəyə baxmaq lazımdır. Kimə nə lazım bu sərvət, divan-“kreslo” göydənmi düşüb, yerdənmi çıxıb. Əsas şərt - insan kimi yaşamaq üçün lazım olan hər şey var. Odur ki, üstünüzə göydəndüşmələr yağsın...
Odər Fateh
|