Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Verdiyim vədlərin yerinə yetirilməsi üçün əlimdən gələni etmişəm”
Nazim Məmmədov: “Mənə daxil olan müraciətlərin yarısından çoxu səlahiyyətlərimə aid olmayan məsələlərlə bağlıdır”

«Yenidən mandat istəyirəm» rubrikamızın budəfəki qonağı respublikanın dağlıq rayonları olan Gədəbəy və Tovuzu parlamentdə təmsil edən iqtisadçı millət vəkili Nazim Məmmədovdur. Məlum olduğu kimi, N.Məmmədov artıq bu il noyabrın 7-də keçiriləcək seçkilərdə təkrarən öz namizədliyini verəcəyini bəyan edib. Onunla söhbətdə ötən 5 il ərzində gördüyü işlər və növbəti 5 il üçün seçicilərinə ünvanladığı vədlər barədə danışdıq.
- Nazim müəllim, 5 il bundan əvvəl seçki kampaniyasına qatılarkən seçicilərinizə hansı vədləri vermişdiniz?

- Mən seçkilərə cənab prezident İlham Əliyevin 2003-cü ildə apardığı seçki kampaniyasından sonra qoşulmağı qərara almışdım. Seçki platformam da əsasən cənab prezidentin seçki platformasının üzərində qurulmuşdu. Məlum olduğu kimi, 2003-cü ildə prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması ilə bağlı vədlər vermişdi. Mən də təmsil etdiyim bölgənin xüsusiyyətlərini nəzərə alaraq bu arzu ilə seçkilərə qatılmışdım. Yeri gəlmişkən qeyd edim ki, mənim seçildiyim 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Ermənistanla təqribən 200 kilometr sərhədlərə malikdir. Bizim seçki dairəsindəki kəndlərdə də sovet dövründən qalma çoxlu sayda problem var idi. Kəndlərin elektrik təchizatı bərbad vəziyyətdə idi. Yaşayış məntəqələrinin təxminən 90 faizində qaz yox idi. Yolların müasir standartlara cavab verməməsi və digər problemlərimiz də yaddan çıxarılmamalıdır. O vaxt biz hələ seçki təbliğatına başlamamış, platformamızı elan etməmiş yerlərdə monitorinq aparıb problemləri ümumiləşdirmişdik. Müəyyən etmişdik ki, insanları daha çox nə maraqlandırır. Sonda belə qərara gəlmişdik ki, seçki platformasında bölgənin daha da inkişaf etdirilməsinə nail olmaq üçün infrastruktur layihələrinin həyata keçirilməsini hökumətin diqqətinə çatdıraq. Bir növ vətəndaşlarla hökumət arasında körpü olaq. Mən seçicilərimə söz vermişdim ki, onların vəkili olacağım təqdirdə qaldırdıqları məsələlərə biganə yanaşmayacağam. Eyni zamanda, bölgənin təhlükəsizliyi, sərhədyanı kəndlərin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı müvafiq təkliflərlə çıxış edəcəyimə də söz vermişdim. Mənim platformamda yeni iş yerlərinin açılması üçün yerli sahibkarlara dəstək verilməsi ilə bağlı bənd də var idi.

- Ötən illər ərzində bu vədlərinizi reallaşdıra bilmisinizmi?

- Hər halda verdiyim vədlərin yerinə yetirilməsi üçün əlimdən gələni etmişəm. Vədlərimin reallaşdırılması istiqamətində ən böyük irəliləyişə 2006-cı ildə prezident İlham Əliyev Gədəbəyə səfər etdikdən sonra nail oldum. Həmin il noyabrın 1-də cənab prezident rayonumuzda səfərdə oldu. Həmin səfər zamanı mən ölkə başçısının diqqətinə bölgənin qazla təmin olunmamasını çatdırdım. Dedim ki, ölkə əhalisinin 85 faizi qazla təmin olunsa da, Gədəbəyin cəmi 8-10 faiz əhalisi təbii qazla təmin olunur. Şükürlər olsun ki, cənab prezident elə Gədəbəydə olarkən bütün sərhədyanı kəndlərin qazlaşdırılması ilə bağlı tapşırıq verdi. Həmin vaxtdan etibarən Gədəbəyin qazlaşdırılması işi başlanıb. Artıq bu gün Yeni Saratovka adlanan kəndə rayon mərkəzindən 35 kilometr uzunluğunda magistral kəmər çəkilib. Bununla həm də ətrafdakı 6 kənd qazlaşdırılıb. Eyni zamanda, rayon mərkəzindən 60-75 kilometr məsafədə olan Şınıx bölgəsinə də qaz çəkilişinə başlanılıb. Hesab edirəm ki, hər halda 70 il ərzində sovet hökumətinin görə bilmədiyi işi biz cənab prezidentin dəstəyi ilə çox qısa müddətdə etdik. Ümid edirəm ki, götürülən öhdəliyə müvafiq olaraq bu ilin sonuna qədər Gədəbəyin bütün sərhədyanı kəndləri qazlaşdırılacaq. Paralel olaraq bu ilin sonuna qədər Şınıxın 17 kəndinə də qaz verilməsi plandadır. Eyni zamanda, Tovuzun Böyük Qışlaq və ətraf kəndlərinə sovet dövründə çəkilmiş qaz xətlərinin təmiri işləri davam etdirilir. Fəaliyyətimiz dövründə biz seçicilərimizin yol probleminin həllinə də diqqət yetirmişik. Bilirsiniz ki, mənim deputat seçildiyim bölgə çox mənzərəli olduğundan turizm üçün əlverişlidir. Bunun üçün isə bölgədəki yolların standartlara uyğunlaşdırılmasına ehtiyac var. Bu istiqamətdə ən önəmli addım keçən il atıldı. Ölkə prezidenti Tovuz-Böyük Qışlaq-Qaralar yolunun tikintisi ilə bağlı sərəncam imzaladı və müvafiq vəsait ayırdı. Artıq həmin yolun 35 kilometri müasir standartlara uyğun asfaltla örtülüb. Yolun rekonstruksiyası ilə bağlı layihə davam edir. Biz sahibkarlara dəstək istiqamətində verdiyimiz vədi də yerinə yetirməyə çalışmışıq. Bu yaxınlarda da Sahibkarlığa Kömək Milli Fondu Gədəbəydə kredit yarmarkası keçirdi, sahibkarlara güzəştli kreditlər verildi. Yaxın vaxtlarda Saratovka kəndində böyük bir soyuducu anbarın tikilməsi də nəzərdə tutulur. Biz bununla bağlı biznes-layihənin fonda təqdim olunmasına mənəvi dəstək olmuşuq.

- Seçicilərinizin şəxsi müraciətlərini necə cavablandırmısınız?

- Fəaliyyətim müddətində mənə seçicilərimin saysız-hesabsız müraciətləri daxil olub. Bunların bir qismi onların hüquqlarının qorunması, bir qismi isə problemlərin həlli ilə bağlı olub. Mən bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarına saysız-hesabsız məktublar göndərmişəm. Eyni zamanda, bu işlərin görülməsini nəzarətimdə saxlamışam. Fəaliyyətim dövründə bölgədəki ictimai-siyasi tədbirlərdə də yaxından iştirak etməyə çalışmışam. Bilirsiniz ki, mənim Milli Məclisdə də çoxlu sayda çıxışım olub. İqtisadiyyatımızın müxtəlif sahələri ilə bağlı problemləri qaldırmışam. Məlumdur ki, millət vəkilinin əsas funksiyalarından biri də qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir. Mən bu istiqamətdə də fəal olmuşam. Məsələn, mən maliyyə böhranı zamanı «Milli Bank haqqında» qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etmişdim. Sonradan bu təşəbbüs nəzərə alındı. Mən səhmdar cəmiyyətlərin idarə olunması ilə bağlı Mülki Məcəlləyə dəyişikliklər edilməsi təşəbbüsünü gündəmə gətirmişdim. Bu məsələ də öz həllini tapdı. Ötən il dövlət büdcəsi müzakirə olunarkən mən ali məktəblərin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmişdim. Təxminən 2 ay sonra ölkə prezidenti bununla bağlı sərəncam imzaladı və bu sahədə islahatlar başladı. Bu islahatların nəticəsi olaraq ali məktəblər diplom verməklə deyil, savad verməklə məşğul olacaqlar.

- Nazim müəllim, adətən bizim seçicilər millət vəkillərindən onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həllini də istəyirlər. Sizə də belə müraciətlər olubmu?

- Açığını deyim ki, mənə daxil olan müraciətlərin təxminən yarısından çoxu səlahiyyətlərimə aid olmayan məsələlərlə bağlıdır. Amma mən bu müraciətlərə hüquqi deyil, insani nöqteyi-nəzərdən yanaşmışam. Əgər mənə səlahiyyətimə aid olmayan məsələ ilə bağlı müraciət olunursa, bununla bağlı seçicilərimi maarifləndirmişəm. Amma eyni zamanda, səlahiyyətimə aid olmasa da, problemlərin də həllinə yardım etməyə çalışmışam. Bilirsiniz, bizdə vəziyyət elədir ki, vətəndaşlar millət vəkilinə ölkə prezidentinin yerlərdəki nümayəndələri kimi baxırlar. Ona görə də biz hər hansı bir addımı atarkən bunu nəzərə almalıyıq. Mən də daxil olan şəxsi xahişlərə bu prizmadan yanaşmışam. Qəbuluma gələn heç bir seçici ilə görüşdən imtina etməmişəm. Onları narazı salmamağa çalışmışam. Sirr deyil ki, bizdə bir insan faktoru da var. Vətəndaş gəlib hansısa probleminin həlli üçün kiməsə zəng etməyimi istəyəndə mən etiraz etməmişəm.

- Qarşıdakı 5 il üçün platformanız hazırdırmı?

- Mən Azərbaycanın inkişafının bölgələrin dirçəlməsindən keçdiyini düşünürəm. İşimizi də bu istiqamətdə quracağıq. Məlumdur ki, ölkə başçısı regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2013-cü ilə qədər olan dövrü əhatə edən dövlət proqramı imzalayıb. Bu proqramda hər bir kəndin probleminin həlli nəzərdə tutulur. Deputat seçildiyim regionda da infrastrukturla bağlı həllini gözləyən bir sıra məsələlər var. Bu proqram çərçivəsində 56 kilometrlik Gədəbəy-Qaravəllilər yolu yenidən qurulmalıdır. Biz eyni zamanda, ayrı-ayrı kəndlərin dirçəlməsi, ekologiyanın müvafiq standartlara gətirilməsi üçün də işlər görəcəyik. Məsələ burasındadır ki, bizim bölgənin meşələri müstəqilliyin ilk dövrlərindəki çətin vaxtlarda müxtəlif səbəblərdən yararsız hala düşüb. Mən növbəti deputatlığım dövründə həmin meşələrin bərpası üçün çalışacağam. Eyni zamanda, sahibkarlığın inkişafı ilə bağlı bölgədəki problemlərin həllinə də dəstək olacağam. Başqa bir məqsədim seçildiyim bölgənin iqtisadi miqrasiyaya məruz qalmış əhalisinin yenidən öz doğma kəndlərinə qaytarmaq olacaq. Gədəbəyin, Tovuzun ucqar kəndlərindən şəraitsizlik, işsizlik ucbatından paytaxta köçmüş xeyli sayda insan var. Onların əksəriyyəti Bakının Sabunçu, Balaxanı, Ramana, Suraxanı və digər kəndlərində ekoloji cəhətdən bərbad olan yerlərdə, neft buruqlarının arasında yaşayırlar. Onların yaşadıqları evlərin də əksəriyyəti hüquqi dillə desək, qanunsuz tikililərdir. Biz sərhədyanı kəndlərin qazlaşdırılması işini yekunlaşdırandan sonra həmin əhali arasında geriyə qayıtmaqla bağlı maarifləndirmə işi aparmalıyıq. Çalışmalıyıq ki, insanlar o gözəl təbiəti olan dağ kəndlərinə qayıtsınlar. Mənim qarşıma qoyduğum məqsəd odur ki, heç olmasa hər evdən bir ailə həmin kəndlərə qayıtsın. Başqa bir istəyim odur ki, Gədəbəydə təhsilin keyfiyyətini artıraq. Gədəbəy əhalinin hər min nəfərinə düşən alimlərinin sayına görə türk cümhuriyyətləri arasında intellekt paytaxtı sayılır. Biz bu statusu qısa müddətdə yenidən bərpa etməliyik. Növbəti 5 ildə mən əsas diqqətimi həm də bu məsələnin həllinə yönəldəcəyəm. Eyni zamanda, iqtisadi islahatların aparılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərimi də əsirgəməyəcəyəm. Hesab edirəm ki, ölkədəki iqtisadi islahatlar daha da dərinləşdirilməli, idarəetmə mexanizmləri  təkmilləşdirilməlidir. Biz iqtisadiyyatımızı liberal bazarın tələblərinə uyğunlaşdırmalıyıq.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 27.08.10 | Baxılıb: 242

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •