 “Xudafərin Su Anbarında qazıntı aparılanda bizim də əlimizə Azərbaycan padşahının mumiyasının tapılması ilə bağlı şəkillər gəlib çatmışdı. Bu şəkillər çox naməlum şəraitdə çəkilib, bilmək olmur haradan tapılıb. Bu məsələ hələ aydınlaşdırılmayıb. Bu, təxribat xarakterli də ola bilər. Buna görə də yalnız araşdırma aparıldıqdan sonra məsələyə münasibət bildirmək olar”.
Bu açıqlamanı AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Xudafərin Su Anbarında qazıntı aparılan zaman Azərbaycan padşahının mumiyasının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib. Həmin şəkli AMEA-ya təqdim edən şəxsin kimliyini açıqlamaq istəməyən tarixçi alim bildirib ki, İran tərəfi Xudafərin Su Anbarında arxeoloji qazıntı aparılması barədə Azərbaycan tərəfini məlumatlandırmayıb: “Beynəlxalq qanunda da var ki, qazıntı işləri aparılarkən qarşı tərəfə məlumat vermək lazımdır. Çünki həmin yer Azərbaycanın tarixi ərazisidir. Mumiyanın aid olduğu dövrdə bu sərhədlər yox idi. Ora Azərbaycanın ərazisi idi. Amma sonra İran tərəfi qazıntı işləri zamanı belə mumiyanın tapıldığını təkzib edib”. Y. Mahmudov deyib ki, İran qədim Azərbaycan ərazisində tapılan bütün arxeoloji materiallar barədə Azərbaycana məlumat verməlidir: “Bunun mumiya olduğunu biz görməmişik. Gərək bu da araşdırılsın, bizim əlimizdə yalnız şəkillər var. Bu da hələ inandırıcı fakt deyil. Mumiyanı görmək lazımdır, Azərbaycan tərəfinə bu barədə məlumat verilməlidir. Əgər Azərbaycan ərazisində həqiqətən də belə tapıntı aşkarlanıbsa, bizim qonşuluq münasibətlərimiz, eyni zamanda bunun Azərbaycan tarixinə məxsus olması nəzərə alınaraq, Azərbaycan və İran tarixçiləri, arxeoloqları birgə araşdırma aparıb elmi bəyanat verməlidirlər. Bu tarixi birtərəfli qaydada gizli saxlamaq olmaz”. Y. Mahmudov deyib ki, həqiqətən də belə mumiya tapılıbsa, İran tərəfinin bunu gizlətməyə ixtiyarı yoxdur: “Onlar deyə bilər ki, belə bir şey tapılmayıb. Ona görə də bunu təsdiqləyən lazımdır”. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova da açıqlamasında həmin şəkilləri gördüyü deyib: “Şəkillər bizə gizli formada təqdim edilib. Mən ona baxdım, fikrimi də dedim ki, bu şəkil muzeydən çəkilib. Bir neçə mütəxəssis də yığışıb şəkillə bağlı mövqe bildirə bilmədi. Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər”. M. Rəhimova qazıntının kimlər tərəfindən və necə aparıldığı barədə məlumatsız olduğunu söyləyib. İnstitut direktoru da hesab edir ki, arxeoloji qazıntı aparılan zaman İran tərəfi Azərbaycan mütəxəssislərini bu işə cəlb etməli idi: “Əgər cəlb etməyiblərsə, gərək bizim mütəxəssislər indi ora gedib, fikirlərini desinlər. Bu işə bizim mütəxəssislər cəlb olunduqdan sonra qəti bir söz deyə bilərik”. APA
|