Bu fikir ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən Dəyirmi masada səsləndirildi
Seçki prosesinin işıqlandırılmasında KİV-in rolu gücləndirilməlidir. Bu fikir avqustun 24-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən Dəyirmi masada səsləndirildi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş silsilə tədbirlərin üçüncüsü olan Dəyirmi masada seçkilərin kütləvi informasiya vasitələrində ədalətli, əhatəli, düzgün və qərəzsiz işıqlandırılması yolları müzakirə edildi.
Tədbiri açıq elan edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel dedi ki, KİV seçki prosesi dövründə siyasi partiyalar, seçki blokları, vətəndaşların təşəbbüs qrupları, müstəqil namizədlərin ədalətli və qərəzsiz şəkildə xəbər buraxılışlarında yer almasına səy göstərilməlidir. Eləcə də seçkidə iştirak edən tərəflərin müsahibələri, debatları KİV tərəfindən işıqlandırılmalıdır. «Plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir və ATƏT-in Bakı ofisi Azərbaycan mediasına bu işdə kömək göstərir» - deyə səfir vurğuladı.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat öz işində daim KİV-lə əlaqələrə xüsusi diqqət yetirir. Bu tədbirdə isə əsasən namizədlərin KİV-in imkanlarından istifadə şanslarının artırılması müzakirə olunur. MSK sədri dedi ki, mövcud Seçki Məcəlləsi namizədlərin KİV-in imkanlarından səmərəli istifadə etməsi üçün münbit şərtlər təklif edir. Namizədlərə televiziyada və radioda ödənişsiz efir vaxtı verilir. MSK da çalışır ki, Seçki Məcəlləsində nəzərdə tutulan bu hüquq təmin olunsun. Namizədlər üçün ayrılan ödənişsiz efir vaxtı imkan daxilində artırılsın və tamaşaçılar üçün daha münasib zaman seçilsin.
ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidəçiliyi Missiyasının seçkilərin mediada əks etdirilməsinə dair tövsiyələrini diqqətə çatdırdı. O qeyd etdi ki, hətta ABŞ kimi ölkələrdə də namizədlərə ödənişsiz efir imkanlarının yaradılması zəruri olur. Azərbaycanın bu sahədəki keçmiş təcrübəsinə toxunan məruzəçi dedi ki, 2008-ci ildə keçirilən prezident seçkilərinin müşahidəsi zamanı belə qənaətə gəlinib ki, televiziyalar seçki prosesi ilə bağlı xəbərləri məhdud işıqlandırır. Bütün bunların dəyişdirilməsi üçün ATƏT DTİHB bir sıra tövsiyələrlə çıxış edib. Həmin tövsiyələrdə Seçki Məcəlləsinin 77-1-ci maddəsinin təkmilləşdirilməsi təklif olunur. ATƏT tövsiyə edir ki, seçki prosesində bütün namizədlərə KİV-ə çıxmaq üçün bərabər şərait yaradılsın. Mərkəzi Seçki Komissiyası və Milli Televiziya və Radio Şurası qanunvericilikdə nəzərdə tutulan müddəaların həyata keçirilməsinin yoxlanılması üçün daimi monitorinqlər aparılsın. Digər tövsiyədə isə dövlət büdcəsindən maliyyələşən televiziyaların dövlətdən asılılığının azaldılması təklif olunur. Tövsiyələrdə televiziyaların seçki kampaniyalarına daha çox vaxt ayırması, ayrı-seçkiliyə yol verilməməsi, xəbər proqramlarında, tok-şoularda bütün tərəflərin fikirlərini əks etdirən mövqelərin işıqlandırılması da təşviq olunub.
Müzakirələrdə çıxış edən Müsavat başqanı İsa Qəmbər təkcə İctimai Televiziyada deyil, Az.TV-də də ödənişsiz təbliğat üçün vaxt ayrılmasının vacibliyini vurğuladı. Onun sözlərinə görə, seçki kampaniyasının vaxtı qısaldığından MSK pulsuz efir vaxtının ayrılması ilə bağlı təlimatlarına yenidən baxmalıdır.
AXCP sədri Əli Kərimli televiziyalarda siyasi plüralizmin təkcə seçki dövründə deyil, bütün il boyu təmin olunmasının zəruriliyindən danışdı.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müxalifət nümayəndələrini seçkilərdəki məğlubiyyətlərinə haqq qazandırmaq üçün ümumilikdə seçki prosesinə kölgə salmamağa çağırdı. O qeyd etdi ki, hazırda müxalifətdə olan qüvvələr 20 ildir ki, bu missiyanın daşıyıcısı kimi çıxış edirlər. «Azərbaycan xalqı onları seçkilərdə dəstəkləmirsə, burada mətbuatı günahlandırmaq düzgün deyil» - deyə Ə.Əhmədov vurğuladı. O qeyd etdi ki, bəzi KİV-lər seçki prosesinin işıqlandırılmasındansa hakim rolunda çıxış etməyə çalışırlar.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanda əksər media qurumlarının siyasi qüvvələrdən asılı olmasının problemlər yaratdığını bildirdi. Onun sözlərinə görə, bəzi hallarda kütləvi informasiya vasitələri kütləvi böhtan vasitələri rolunu oynayırlar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev yalnız 60-dan artıq dairədə namizədləri qeydə alınmış siyasi partiyalara və seçki bloklarına ödənişsiz efir vaxtının ayrılması müddəasını pislədi. Onun sözlərinə görə, bu qayda namizədlər arasında qeyri-bərabərlik yaradır. Partiya sədri onu da bildirdi ki, seçkilərin demokratik keçirilməsi hakimiyyətlə yanaşı xalqdan da asılıdır.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı dedi ki, media seçki prosesində kimlərinsə vəkili rolunda çıxış etməməlidir. Çalışmalıdır ki, KİV-lər ayrı-ayrı namizədlərə qarşı böhtan kampaniyası aparmasınlar.
Ədalət Partiyasının sədri İlyas İsmayılov da KİV-in peşə etikası qaydalarına əməl etməməsindən şikayətləndi. O qeyd etdi ki, Azərbaycanda azad mətbuat haqqında qanun olsa da, insanların azad mətbuatdan qorunması haqqında hüquqi baza yoxdur.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev seçki təbliğatı prosesində regional televiziyaların imkanlarından yararlanmağın da vacib olduğunu bildirdi.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı seçki prosesinin KİV-də işıqlandırılması sahəsində irəliləyişə nail olmaq üçün siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə ehtiyac olduğunu vurğuladı.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu televiziyaların ödənişli seçki təbliğatı üçün müəyyənləşdirdiyi qiymətlərin bahalığından şikayətləndi. Onun sözlərinə görə, qanunvericiliklə televiziyaların müəyyənləşdirdiyi reklam qiymətlərinin maksimum həddi müəyyənləşdirilməlidir.
Ümid Partiyasının sədri İqbal Ağazadə də həmkarı ilə həmrəy oldu. O qeyd etdi ki, ötən seçkilərdə özəl televiziyalar ödənişli efir vaxtı üçün bir saniyəyə 43 manat tələb ediblər ki, bunun da namizədlər tərəfindən ödənilməsi mümkünsüz olub.
İlham QULİYEV