Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Türkiyə böyük bir yanlışlığa yol verə bilər
Rəyini soruşduğumuz millət vəkilləri, politoloqların əksəriyyəti sərhədlərin açılmasına mənfi münasibət ortaya qoyublar

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. Bu dəfə NATO təlimləri adı altında qısa müddətə sərhədlərin açılması nəzərdə tutulub. Bakıda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bununla bağlı ona ünvanlanan suala cavab verməməsi sərhədlərin açılacağı şübhələrinə yol açıb. Gülün Bakı səfərinə qədər dəfələrlə bəyan edilib ki, sərhədlərin açılması məsələsi həlli olunub. Belə ki, Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan Bakı səfəri zamanı işğal altında olan Azərbaycan torpaqları azad olunmayınca, sərhədlərin açılmayacağını bəyan etdi.

Lakin Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıc da verdiyi son müsahibədə sərhədlərin açılacağını istisna etməyib. «Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir". Bununla da o, sərhədlərin "istisna hal kimi müvəqqəti açılması" mümkünlüyünə işarə etmiş olub.
Bəs ekspertlərin bununla bağlı fikirləri necədir? Rəyini soruşduğumuz millət vəkilləri, politoloqların əksəriyyəti sərhədlərin açılmasına mənfi münasibət ortaya qoyublar.
Politoloq Cümşüd Nuriyev Türkiyənin sərhədləri açmaqla özünə qarşı hörmətsizlik qazanmasına inanmadığını bildirib. Onun sözlərinə görə, əgər NATO-nun Ermənistana hansısa bir avadanlığın keçirilməsinə ehtiyacı varsa, bunu Yuxarı Lars qapısı vasitəsi ilə Gürcüstan üzərindən edə bilər: «Həmin məsafə daha yaxındır, böyük vəsait sərf edib onu Qarsa gətirib oradan isə Ermənistan ərazisinə gətirməyə lüzum yoxdur. Bu baha başa gəlir. Yuxarı Lars yolu isə daha rahat və ucuz başa gəlir. Türkiyə bununla həm özünü qoruyar, həm də Azərbaycanla bağlı problem gündəmdən çıxar. İkincisi, Azərbaycan Türkiyə üçün çox ciddi addımlar atıb. Ümummilli lider Heydər Əliyev Rusiya kimi fövqəldövlətin təzyiqlərinə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan layihəsini gündəmə gətirdi. Bakı-Qars dəmir yolu layihəsində ABŞ Azərbaycan əleyhinə olsa da, prezident İlham Əliyev bu addımı atdı. Eləcə də, Bakı-Ərzurum qaz kəmərini reallaşdırdı. Bundan başqa da, NABUKKO layihəsində də Azərbaycan əsas rolu oynayır. Yəni Azərbaycan birmənalı şəkildə Türkiyənin bölgədə rolunu artırıb, onu beynəlxalq nəqliyyat dəhlizi dövlətinə çevirib. Azərbaycan eləcə də Türkiyənin büdcəsinin artmasında da böyük rol oynamış olub. Mənə elə gəlir ki, Türkiyə bunları unutmayıb və unuda da bilməz. Əgər indiki şəraitdə Türkiyə bu addımı atmış olsa, böyük bir yanlışlığa yol verə və Azərbaycan kimi böyük bir partnyoru incidə bilər. İstəmirik ki, Türkiyə bizi seçim qarşısında qoysun. Hər halda, bununla bir qədər narazılıq yarada bilər. Ən azı Türkiyə bunun nəzərə almalıdır. Mən inanmıram ki, Türkiyə belə bir addım atsın. Lakin Türkiyənin prezidenti və bu ölkənin Bakıdakı səfiri Hulusi Kılıcın son açıqlamalarında daha çox ikili söhbətlər var. Bu bir qədər açığı narahatçılıq yaratmaya bilməz» - deyə o bildirib.
Ekspert sərhədlərin açılması məsələsində Türkiyəyə təzyiqlər olması fikri ilə də razı deyil: «Əvvəla Türkiyə güclü bir dövlətdir. İkincisi, necə olur ki, Qərb 2 milyonluq Ermənistan üçün 75 milyonluq Türkiyəni qurban verir? Türkiyə nədən bunu qəbul etməlidir? Bu basabasda ABŞ erməniləri Amerikada məhkəməyə müraciət ediblər ki, Ankarada prezident Abdulla Gülün iqamətgahında yerləşdiyi ərazi, o cümlədən, ABŞ-ın hərbi bazasının yerləşdiyi İncirlik ermənilərin babalarına məxsusdur. Türkiyə bunları nəzərə almalıdır. Əgər Türkiyə daha dəqiq desək, AKP iqtidarı belə bir addım atarsa, bu, çox mənfi nəticələrə səbəb olacaq. Türkiyə bunu mütləq nəzərə almalıdır.
Digər bir politoloq Fikrət Sadıqov isə hesab edir ki, NATO və ABŞ təlimlərin açılması ərəfəsində Türkiyəyə təzyiq göstərir. Onun sözlərinə görə, bunu Ankaradan erməni-türk sərhədlərinin açılması ilə bağlı daxil olan ziddiyyətli fikirlər sübut edir. «Türk rəsmilərinin məsələ ilə bağlı bəyanatları bir-birini tam şəkildə təkzib edir» - deyə o bildirib. Belə ki, əgər əvvəlcə sərhədlərin açılacağı qeyd olundu, sonra isə Türkiyənin xarici işlər naziri Əhməd Davdoğlu bu informasiyanı təkzib etdi. Politoloqun sözlərinə görə, bir şey tam aydındır: sərhədlərin yaxın perspektivdə açılacağı gözlənilmir. O ki qaldı təlim çərçivəsində onun açılması - NATO və ABŞ bu istiqamətdə təzyiqlərini davam etdirəcək. Onlar yaranmış vəziyyətdən yararlanmaq və özlərinin regionda strateji maraqlarını nümayiş etdirmək istərdilər. Türkiyə hökumətinin müstəqil xarici siyasət və kurs yürütməsinə baxmayaraq, müəyyən mənada manevr etmək istəyi göz önündədir». Ekspert hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri müəyyən şərtlər müqabilində azad etməyi qarşıya məqsəd qoyub. Bu da işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasından keçir.
Milli Məclisin üzvü Zahid Oruc hesab edir ki, NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə-Azərbaycan münasibətlərinə ciddi zərər vura bilər. Onun sözlərinə görə, Türkiyənin siyasi elitası analoji fikirdədir: «Azərbaycan əmindir ki, belə bir addım atılmayacaq». Deputatın sözlərinə görə, istənilən halda Türkiyənin siyasi rəhbərliyi verdiyi vədə sadiq qalacaq, əks halda Türkiyə-Azərbaycan ittifaqının sonu ilk növbədə Türkiyəyə zərbə vuracaq və onun Qafqazdakı nüfuzuna təsir edəcək. Türkiyə yaxşı başa düşür ki, onun dövlətçilik və regionda böyük hərbi imkanlarına baxmayaraq, sərhədlərin açılması məsələsində beynəlxalq təsir və təzyiq altındadır.
Milli Məclisin digər bir üzvü Aydın Mirzəzadə də hesab edir ki, sərhədlərin müvəqqəti olaraq da açılması Türkiyənin nüfuzuna böyük zərbə vurmuş olacaq. O, xatırladıb ki, Türkiyə rəhbərliyi bütün səviyyələrdə - prezidentdən tutmuş parlament sədrinə kimi bəyan ediblər ki, Azərbaycan torpaqları azad olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq: «Bu mövqe Azərbaycan və Türkiyə arasında fəaliyyətdə olan strateji tərəfdaşlığa uyğundur. Dünya ictimaiyyəti Ankaranın sərhədlərin açılması ilə bağlı mövqeyini məhz bu cür qəbul edib. Türkiyə prezidenti Abdulla Gülün Bakıya səfəri zamanı Bakı ilə Ankara arasında strateji tərəfdaşlıq rəsmiləşib. Ağlabatan faktlar ortaya qoymadan sərhədlərin açılması Türkiyənin nüfuzuna ciddi zərbə olacaq». Deputatın qənaətincə, bu, təbii ki, Azərbaycan ictimaiyyətində Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıması ilə bağlı şübhələrə gətirib çıxara bilər: «Sərhədlərin açılması ilə bu iki ölkənin yaxınlaşmasını gözləmək olar. Sirr deyil ki, Türkiyədə müəyyən ermənipərəst qüvvələr var və onlar  bir neçə milyon dollar naminə ölkələrinin maraqlarını və Azərbaycanla strateji tərəfdaşlığı Ermənistanla münasibətləri bərpa etmək naminə qurban verməyə hazırdırlar. Onların səyləri və fəaliyyətləri hamının gözü önündədir». Deputat maraqlı bir məsələyə də toxunub. «Axı türk və erməni hərbçiləri birgə nə öyrənə bilərlər? Bəlkə türk hərbçiləri onlara Azərbaycan ordusuna qarşı müxtəlif silah növlərini necə tətbiq etməyi öyrədəcəklər və yaxud işğal olunmuş Azərbaycan torpaqlarında necə möhkəmlənməyi başa salacaqlar? Türk ordusunun yüksək döyüş qabiliyyəti hamıya məlumdur. Türk hərbçilərinin Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrindən nə əldə edəcəkləri çətin məsələdir. Türk hərbçilərinin erməni həmkarları ilə bölüşəcəyi hərbi təcrübənin Türkiyənin özünə qarşı tətbiq edəcəyinə heç kim təminat verə bilməz. Sərhədlərin açılması ilə bağlı Andranikin törətdiyi qətliamlar təkrarlanmayacaqmı? İstənilən halda Ermənistanla sərhədlərin açılması heç bir sağlam məntiqə və xoş mərama söykənmir. Deputatın qənaətincə, Ermənistanla sərhədlərin açılması tamamilə Türkiyənin iradəsindən asılıdır. Bu ölkə beynəlxalq avtoritetə və çoxəsrlik dövlətçilik tarixinə malikdir. Bu səbəbdən də əgər o, beynəlxalq təzyiq qarşısında qısa müddətədə də olsa sərhədləri açarsa, bu Ankaraya başucalığı gətirməyəcək.
Politoloq Rasim Musabəyov isə bildirib ki, Abdulla Gülün sərhədlərin qısa müddətə açılması ilə bağlı verdiyi müəmmalı cavab Bakıda qeyri-müəyyənlik yaradıb: «Lakin aydınlaşdırsaq, onda bu məsələdə əsas əsəbilyi Rusiya və erməni ictimaiyyəti nümayiş etdirməlidir. Axı söhbət NATO-dan gedir. Onun bayrağı altında Qərb, o cümlədən türk hərbçiləri Ermənistana gələcək. Qısa müddətə açılacaq sərhədlərin gələcəkdə də açılacağı istisna deyil. Halbuki, türk liderləri işğal olunmuş Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılmayacağı barədə vədlər veriblər».
Yeri gəlmişkən, Türkiyənin dövlət naziri Cevdet Yılmaz Türkiyə-Ermənistan sərhədlərinin yaxın vaxtlarda açılacağı ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təkzib edib. Qarsa səfəri zamanı jurnalistlərin bununla bağlı verilən suallarını cavablandıran nazir bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmadan sərhədlərin açılmasından söhbət gedə bilməz. «Əlbəttə  biz hamımız qonşularımızla dostluq və sülh şəraitində yaşamaq istəyirik. Heç kəs sərhədlərin açılmasına qarşı deyil. Lakin Ermənistanla Azərbaycan arasındakı mövcud münaqişə sərhədlərin açılmasını mümkünsüz edir. Bunun üçün Ermənistandan müəyyən addımlar atmasını gözləyirik» - deyə Cevdet Yılmaz əlavə edib.
Sərhədlərin mümkün açılacağı günə, sentyabrın 17-nə isə az qalıb. Beləliklə, türk nazirin sözlərinə inansaq, onda sərhədlərin açılması ilə bağlı ermənilərin arzuları ürəklərində qalacaq. İnanmaq istərdik ki, Yılmazın bu sözləri reallaşacaq və Türkiyə-Azərbaycan qardaşlığı zərər çəkməyəcək.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 24.08.10 | Baxılıb: 276

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •