700-ə yaxın işçinin çalışdığı Park Bulvara gələn gündəlik ziyarətçilərin sayı 6000-15000, aylıq ziyarətçilərin sayı isə 250000-dən artıqdır
Artıq Bakıda insanların tez-tez üz tutduğu yeni bir məkan var - Dənizkənarı Milli Parkda yerləşən Park Bulvar Alış-Veriş Mərkəzi. Bu ilin iyul ayında istifadəyə verilən Bakı Plaza Turizm İşlətmələri MMC-nin dünya standartlarına uyğun Park Bulvar Alış-Veriş Mərkəzi elə ilk baxışdan müasir dizaynla yanaşı Şərqin ənənəvi elementlərini özündə cəmləşdirən unikal məkan təsiri bağışlayır.
Hamının xidmətində
Bizi Park Bulvarın girişində qarşılayan Mərkəzin mətbuat xidmətinin rəhbəri Aynur Məmmədova bildirdi ki, Park Bulvarın fəaliyyətinin əsas məqsədi ziyarətçilərin alış-verişini, istirahətini, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizi ziyarət edən turistlərə unudulmaz təəssüratlar bəxş etməkdən ibarətdir. Belə ki, Park Bulvar maddi, mənəvi və əyləncə cəhətdən bütün yaş təbəqələri üçün nəzərdə tutulub.
Öyrəndik ki, Mərkəzin 4 yerüstü və 2 yeraltı mərtəbələrində: geyim mağazaları, aksessuarlar, dəniz mənzərəsi ilə terraslı VİP restoranlar, kafe və fast-food, 6 kinozal (3D sistemi daxil olmaqla), Tusi-Bohm Planetarium, Happy Land uşaq əyləncə və oyun məkanı, 7 zolaqlı boulinq meydançası, gözəllik salonu, supermarket, 500 avtomobillik avto dayanacaq, dərzi, quru təmizləmə, ayaqqabı və saat təmiri və digər xidmətlər insanların istifadəsinə verilib. Mərkəzin əlavə “Mezonin” mərtəbəsində qalereya və kafe yer alıb.
Mərkəzdə 16-dan artıq beynəlxalq brendlər fəaliyyət göstərir. Park Bulvarın birinci mərtəbəsini bütünlüklə əhatələyən dükanlarda müştərilərə ən yeni kolleksiyalar təklif olunur.
“Park Bulvar” AVM eskalatorları ilə mərtəbələrə qalxdıqca özünü sanki nağıllar aləmində hiss edirsən. 2 panoramlı lift isə şəhərin gözəlliyini seyr etmək üçün əla imkan yaradır. A.Məmmədovanın sözlərinə görə, 700-ə yaxın işçinin çalışdığı Park Bulvara gələn gündəlik ziyarətçilərin sayı 6000-15000, aylıq ziyarətçilərin sayı isə 250000-dən artıqdır. Və təbii ki, Park Bulvarın insanların sevimli məkanında yerləşməsi bura gələnlərin sayına xüsusi təsir göstərir.
Göyü seyr etmək imkanı
Mərkəzdə olarkən aldığımız təəssüratlar Park Bulvar təmsilçisinin söylədikləri ilə üst-üstə düşdü.
Mərkəzin 4-cü mərtəbəsində fəaliyyət göstərən “M-Studio” ilk dəfə olaraq Azərbaycanda müştərilərə yeni xidmət təklif edir. “M-Studio”-nun işçisi Rasim Əliyev deyir ki, müxtəlif formalı kristal şüşələrin içərisinə istənilən ölçülü şəkli salmaqla sevdiyiniz insanlara onu hədiyyə etmək olar. Bunun üçün isə sifarişə uyğun olaraq 15 manatdan 50 manata qədər xərc tələb edilir. Bu əməliyyatları həyata keçirmək üçün “M-Studio”da problem olmasa da, ölkədə bu sahədə Lazer aparatı ilə işləyən mütəxəssis qıtlığı hiss olunur.
Park Bulvar Alış-Veriş Mərkəzinin ən unikal məkanı Tusi- Bohm Planetarium sayılır. Öyrəndik ki, bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhalini maarifləndirmə funksiyasını daşıyır. Hələlik tam fəaliyyətə başlamayan Planetariumun proqram təminatı səmanın istənilən yerinə və istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verəcək. Burda filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunacaq. Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunacaq. Planetariumun 60 tamaşaçı üçün nəzərdə tutulub. Belə ki, şou-proqramlar Azərbaycan dilində və əlavə bir necə xarici dildə də keçiriləcək. Planetarium həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin böyük marağına səbəb ola bilər.
Hər cür təam
Mərkəzin ikinci və üçüncü mərtəbəsin demək olar ki, restoran və kafelərdən ibarətdir. Zeytun” restoranının inzibatçısı Şamilin sözlərinə görə, burada müştərilərə mövsümdən asılı olaraq ölkənin bütün bölgələrini təmsil edən milli mətbəx təklif olunur. Təxminən 140 nəfərin istirahəti üçün nəzərdə tutulan restoranda 30 manatdan başlayan qiymətlərlə yeməklər var. Axşam saat 20.00-dan sonra müştərilər tanınmış caz ifaçısı Salman Qəmbərovun canlı kompozisiyalarını dinləmək imkanı əldə edirlər. İnzibatçi bildirdi ki, restoranın dənizə baxan aynəbəndində və içəridə axşamlar adam əlindən tərpənmək olmur. Hətta qabaqcadan sifarişlər verənlər çoxdur.
Sərinləşdirici işkilər, çay, kofe və dondurma satışı ilə məşgul olan kafelərdən birinin satıcısı çeşidli dondurmaların İtaliyadan, kofenin Braziliyadan gətirildiyini bildirdi. Onun sözlərinə görə, ümumiyyətlə kafedə təklif olunan “Koppuçino, “Amerikano”, “Espresso”, soklar və s. xaricdən gətirilir. Bir fincan çay üçünsə 1 manat ödəməlisən. Satıcı qıymətin baha olmasını çayın 1 saatdan bir dəmlənməsi ilə izah etdi. Onu da bildirdi ki, xüsusən axşamlar mərtəbədəki kafelərin hər birində salon dolu olur. Onun sözlərinə görə, müştərilər arasında əcnəbi vətəndaşlar da az deyil. Qiymətlər də 2.50-7.50 AZN civarındadır.
Kitchenette və İl Patio restoranlarında, WORLD FASHION KAFE, SEGAFREDO, BASKIN ROBBINS, LA VITA KAFE, KEBAB PARK-İlk Azərbaycan fast-foodu, ATOM TOAST, FAN FANG, KALINKA, DA RANCHO, YEDOY, SULTAN'S kafe və retoranlarında da ayrı-ayrı ölkələrin və milli mətbəxin çeşidli yeməkləri təklif olunur.
Happy Land – gəl, əylən
Mərkəzin Boulinq zalında isə daha bir istirahət məkanı üzünüzə açılacaq. Burada həftənin 1-ci günündən 5-ci gününə qədər oyunun 1 partiyası - 20 topun atılması üçün 8 manat ödəyə bilərsiniz. Amma bu məbləğ həmin günlərdə axşam saat 18.00-a qədər qüvvədədir. Həmin saatdan sonra isə bir partiya üçün ödəniş 10 manat təşkil edir. Bundan başqa, şənbə və bazar günləri üçün də oyunun bir partiyasına görə edilən ödəniş 10 manatdır. Bu zalın əsas müştəriləri isə əsasən gənclərdən ibarət olur.
Mərkəzi gəzdikcə uşaqların da unudulmadığının şahidi olduq. Belə ki, balacaların istirahəti məqsədlə Park Bulvarın 1500 kv/m ərazisini tutan
Happy Land - Uşaq Əyləncə Mərkəzində hər cür əyləncə növünə rast gəlmək mümkündür. Burada uşaq menyusunu əks etdirən restorandan tutmuş balacaların valideyn nəzarətindən kənar qala biləcəyi “Xüsusi uşaq otağı”na qədər təşkil olunub. Burada xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalır. Tərbiyəçi Raifə Mirzəyevadan öyrəndik ki, 1 yaşdan 5 yaşa qədər balacalar üçün nəzərdə tutulan “Xüsusi uşaq otağı” 2 növbədə fəaliyyət göstərir. Səhər saat 10.00-dan axşam saat 23.00-a qədər fəaliyyət göstərən ”Xüsusi uşaq otağı”nda yaradılan əlverişli anaşı, tərbiyəçilər 3-5 yaşlılara rəqəm saymaq, rəsm çəkmək və s. öyrədirlər. R.Mirzəyeva dedi ki, burada tərbiyəçilər uşaqların şıltaqlıqları ilə də qarşılaşırlar. Belə ki, uşaqların 90 faizi ilə dil tapmaq olur. 10 faizi isə şıltaqlıqlarından əl çəkməyənlər, valideynin arxasınca ağlayanlardır. “Belə olanda uşaqların geri götürülməsi üçün valideynə zəng edirik”- deyə tərbiyəçi bildirdi.
Uşaqlar da böyüklər də Mərkəzdə hər cür istirahət və əyləncə ilə təmin olunmaq imkanı qazanıblar. Qaldı ki, Park Bulvarın alış-veriş və istirahət məkanı kimi fəqrliliyinə “yüz eşitməkdənsə, bircə dəfə görmək” məsləhətdir. Təbii ki, əlinizin cibinizdə olması şərti ilə. Yaxşı ticarət və istirahət üçün heç şübhəsiz, yaxşı da pul xərcləmək lazımdır.
Həqiqət İsabalayeva,
Təranə Məhərrəmova