Ekspertlər hesab edir ki, Azərbaycan ictimaiyyəti Türkiyə prezidentindən dəqiq cavab gözləyirdi
Türkiyə prezidenti Abdulla Gülün ölkəmizə səfəri, keçirilən görüşlər və müzakirə olunan məsələlər diqqət mərkəzində qalmaqdadır. Xüsusən də Türkiyə prezidentinin birgə mətbuat konfransı zamanı söylədiyi fikirlər geniş müzakirələrə yol açıb. Əksəriyyət hesab edirdi ki, Türkiyə prezidenti birgə mətbuat konfransı zamanı Azərbaycanla Türkiyə arasında münasibətlərdə bir müddət soyuqluq yaratmış Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə nöqtə qoyacaq. Lakin gözləntilərin əksi oldu. Belə ki, Abdulla Gül sentyabrın 17-də NATO təlimləri çərçivəsində Türkiyə ilə Ermənistan arasında sərhədlərin müvəqqəti olaraq açılması ilə bağlı ona ünvanlanmış sualdan yayındı. Ölkə prezidenti ona ünvanlanmış sualı cavablandırmaq əvəzinə tamam başqa məsələyə yer ayırdı. Gözlənildiyi kimi, bu, sərhədlərin açılacağı şübhələrinin güclənməsinə səbəb oldu. Ekspert və politoloqların sərhədlərin açılacağı ilə bağlı fikirləri birmənalı deyil. Məsələn, politoloq Rasim Musabəyov hesab edir ki, Türkiyə prezidenti suala konkret cavab verməməklə düzgün etmədi: «Hər halda hiss olunur ki, Türkiyə bu məsələdə tərəddüd edir. Ola bilsin ki, Ankara çox böyük məmnuniyyətlə qısa müddətə də olsa NATO təlimləri üçün sərhədləri açardı. Amma mən hər halda hiss edirəm ki, Azərbaycanda onun bu cür meyilliliyi başa düşülməyib». Politoloq sərhədlərin sentyabr ayında açılacağını gözləmir: «Ümumi şəkildə demək istəyirəm ki, sərhədlər açılmayacaq. Hər bir halda bu məsələ Türkiyə prezidentindən asılı deyil. Bu məsələ ilə hökumət, Xarici İşlər Nazirliyi məşğul olur”. Politoloq eyni zamanda Bakıda iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni yüksək qiymətləndirib. O, sənəddə hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı yeni məqamların olduğunu istisna etməyib: «Bu, yeni Rusiya-Ermənistan hərbi razılaşmasına cavab reaksiyası ola bilər. Reallıqda Ermənistandakı Rusiya hərbi bazasının statusu artmır. İndiyədək qeyd olunurdu ki, baza Rusiyanın maraqlarına xidmət edir. İndi əlavə olunur ki, Ermənistanın da maraqlarının təminatını nəzərdə tutur. Elə bunsuz da baza Ermənistanın maraqlarını müdafiə edirdi və onun şəxsi heyətinin yarısını yerli ermənilər təşkil edir. 5 min nəfərlik Rusiya bazası ilə Azərbaycanı qorxutmaq olmaz, üstəlik, Rusiyanın bu bazanın təchizatı ilə bağlı imkanları olduqca məhduddur».
Tarixçi alim Musa Qasımlı hesab edir ki, Türkiyə prezidentinin sərhədlərin açılması ilə bağlı suala verdiyi cavab bir sıra məqamları üzə çıxarır: «Hesab edirəm ki, Türkiyə NATO blokunun üzvü olduğundan həmişə olduğu kimi yenə də bu təşkilatın qəbul etdiyi bütün qərarlara - o cümlədən Ermənistana Türkiyə ərazisindən keçərək getmək istəyinə hörmət edəcək. Fikrimcə, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi zaman söhbətidir. Yalnız nə zaman açılması barədə mülahizələr yürütmək olar. İndinin özündə də Türkiyə ilə Ermənistan arasında əlaqələr rəsmi dövlət səviyyəsində olmasa da, bu əlaqələr mövcuddur. İstanbuldan Yerevana çarter reysləri həyata keçirilir. Gürcüstan ərazisindən Ermənistan vətəndaşları Türkiyəyə səfərlər edirlər. Bu gün Ermənistan Gürcüstan və Azərbaycandan istədiyini ala bilmədiyi üçün daha çox Türkiyəyə möhtacdır. Türkiyə Ermənistandakılar üçün dolanışıq mənbəyinə çevrilib. Türkiyədə təxminən 70 min erməni yaşayır. Ermənistandan gedənlər də daxil olmaqla bu rəqəm 100 minə çatır. Hesab edirəm ki, Türkiyə müstəqil dövlət olduğu üçün ona sərhədlərin açılıb-açılmaması məsələsində tövsiyə vermək doğru olmazdı. Amma Türkiyə diplomatiyası fikirləşməlidir. Ermənistanla münasibətləri yaxşılaşdırıb Azərbaycanı itirmək, incitmək Türkiyəyə nə qədər sərfəlidir və bu, türk dünyasının maraqlarına nə qədər uyğundur. Nəzərə almaq lazımdır ki, xarici siyasətdə sıfır problemi olmur». M.Qasımlı hesab edir ki, kim düşünürsə ki, Ermənistanla bütün problemi həll ediləcək və münasibətlər qurulacaq, bu, düzgün yanaşma deyil. Türkiyə bu gün hətta sərhədləri açsa belə, tarixdə heç bir zaman olmayan qondarma soyqırımı tanınsa belə, Ermənistan Türkiyə ilə münasibətdə düşmən münasibətini yerə qoymayacaq. Onun sözlərinə görə, qondarma soyqırımı Ermənistan dövlətini və xalqını qorumaq halına gəlib. O, bir-biri ilə didişən iqtidarı da, müxalifəti də birləşdirir: «Hesab edirəm ki, sərhədlərin açılması məhdud mənada Türkiyənin maraqlarına cavab versə də, Azərbaycanın incidilməsi həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğun deyil. Sərhədlər açılandan sonra əgər Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyəcəksə, məcburi köçkünlər öz evlərinə qayıtmayacaqlarsa, Ermənistan Türkiyəyə qarşı olan iddialarından əl çəkməyəcəksə, yenə uduzan vəziyyətdə Türkiyə qalacaq. Amma bu bir diplomatiyadır. Hesab edirəm ki, Türkiyə sona qədər öz xoşməramlı niyyətini göstərəcək. Ermənistan bütün siyasətinin mahiyyətini açıb ortaya qoyacaq».
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elman Nəsirov Türkiyə prezidentinin Azərbaycana səfərini olduqca vacib və əhəmiyyətli hesab edir: «Səfər gedişində bir çox vacib, dövlət əhəmiyyətli məsələlər, xüsusilə də Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ məsələsi müzakirə predmeti olub. Abdulla Gül bir daha Azərbaycanın mövqeyini müdafiə etdiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacib olduğunu vurğuladı. Yəni Türkiyə bir daha bəyan etdi ki, onun üçün bundan vacib məsələ yoxdur. Ancaq müzakirələr gedişində təbii ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi də müzakirəyə çıxarıldı. Xüsusilə mətbuatla ünsiyyət zamanı Türkiyə prezidenti sərhədlərin müvəqqəti olaraq açılması ilə bağlı verilən suala dəqiq cavab vermədi. Azərbaycan ictimaiyyəti Türkiyə prezidentindən dəqiq, konkret cavab gözləyirdi. Bu da ondan ibarətdir ki, Azərbaycan xalqı sərhədlərin müvəqqəti olaraq da açılmasını istəmir. Amma Türkiyə prezidenti müxtəlif fikirlərin yaranmasına imkan yaratdı. O, ümumi sözlərlə qeyd etdi ki, Azərbaycanın mövqeyini hər zaman müdafiə edir. Münaqişənin həllində hər zaman Azərbaycanı dəstəkləyir. Amma hər halda sərhədlərin müvəqqəti olaraq da açılmasının baş tutmayacağını açıqlamadı. Belə olan halda istisna deyil ki, qısamüddətli bir açılma prosesi baş tutsun. Türkiyə prezidentinin sualın cavabından yayınmasını məhz belə qiymətləndirmək lazımdır. Əgər Türkiyənin Ermənistanla sərhədlərini açmaq niyyəti yoxdursa, onda Abdulla Gül də gərək deyərdi ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyib, sərhədlərin açılmasından söhbət gedə bilməz. Ona görə də istisna deyil ki, çox qısa müddətə də olsa sərhədlərin açılması baş tutacaq».
Politoloq Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı gizli danışıqlar getməsini də istisna etməyib: «Gül özü də açıqlamasında bildirdi ki, hazırda elə bir proses gedir ki, cəmiyyət bundan məlumatlandırılmır. Üzdə olmayan bir diplomatiya var, bu elə bir ifadədir ki, onun altında gizli danışıqların getməsi istisna edilmir. Gülə ünvanlanmış sualın birmənalı cavabı ola bilərdi. O, bu sualı ünvanlayan jurnalistlərə deyə bilərdi ki, Türkiyə indiyə qədər sərhədləri açmayıb və bundan sonra da açmayacaq. Amma o, suala bu şəkildə cavab vermədi. Ümumi şəkildə sualı cavablandırmağa üstünlük verdi. Belə diplomatik mövqe istər-istəməz qarşı tərəfdə belə bir rəy formalaşmasına səbəb olur ki, sərhəd istər-istəməz açılacaq. Sərhədlərin açılması ehtimalı kifayət qədər var».
E.Nəsirov sərhədlərin açılması məsələsində Türkiyəyə Qərbdən təzyiq olduğunu da bildirib. «Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi ilə bağlı iki il danışıqlar aparılıb. Bu, birbaşa Qərbin təzyiqi ilə həyata keçirilib. Türkiyəyə qarşı hər zaman təzyiqlər olub, indiki halda da təzyiq edən tərəf bunu həyata keçirməyə çalışır. Heç olmasa ona nail olmağa çalışırlar ki, Türkiyə qısa müddətə olsa da sərhədləri açsın. Qərb bu məsələdə öz simasını qorumaq istəyir. İndiyə kimi Türkiyə onun bütün tələblərini qulaqardına vururdu, Qərb və NATO çox çıxılmaz vəziyyətə düşürdü. Lakin NATO indiki vəziyyətdə göstərmək istəyir ki, bəli, biz bunu etdik, sərhədlərin açılmasına nail olduq. Söhbət ondan getmir ki, sərhədlər həmişəlik açıldı və yaxud bir saatlığa açıldı».
Yeri gəlmişkən, məsələyə Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun münasibəti fərqlidir. O, jurnalistlərlə söhbətində bildirib ki, sentyabrın 11-17-si aralığında NATO-nun Ermənistanda hərbi təlimləri çərçivəsində Ankara ilə İrəvan arasında sərhədlərin açılması ehtimali ilə bağlı Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül konkret mövqe bildirməsə də, rəsmi Bakı Ankaranın bu addımı atmayacağını düşünür. Eyni zamanda Azərbaycan ümidini itirmir. O, hələlik Türkiyə tərəfinin konkret mövqeyini bilmədiklərini deyib: “Belə hadisə olacaq, ya olmayacaq, bu planlaşdırılır, ya planlaşdırılmır, hələ dəqiq bəlli deyil. NATO çərçivəsində bu məsələyə bir neçə aydır ki, toxunulur. Türkiyə tərəfi də bir dəfə mövqe bildirib ki, belə bir şey olmayacaq. Bu açıqlama xarici işlər nazirləri səviyyəsində olub. Bakıda Türkiyə dövlətinin başçısı suala daha geniş aspektdə, konseptual baxımdan cavab verdi, onun cavabı konkret olmadı. Əlaqələrimizin inkişafı, üzərimizə götürdüyümüz məsuliyyət bir daha bizə ümid etməyə əsas verir ki, Türkiyə bu təlimlər və bu tədbirlər çərçivəsində Ermənistanla sərhədləri müvəqqəti olsa da açmayacaq”.
Azər NURİYEV