Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ABŞ- Türkiyə münasibətlərinə həsr edilmiş dinləmələr keçirilib
Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində “Türkiyənin yeni xarici siyasət kursunun ABŞ-Türkiyə münasibətlərinə təsirləri” mövzusunda dinləmələr keçirilib. Dinləmələr zamanı ABŞ-ın Türkiyə və Azərbaycanda keçmiş səfiri Ross Uilson, Vaşinqtonda Yaxın Şərq insitutunda Türkiyə araşdırmaları proqramının direktoru Söner Çaqaptay, Alman Marşall fondunda təhlilçi İyen Lesser və Amerika Sahibkarlar instutunda təhlilçi Maykl Rubun çıxış ediblər. Birləşmiş Ştatların strateji maraqları üçün olduqca böyük əhəmiyyəti olan Türkiyə ilə münasibətlər Vaşinqtonun siyasi dairələrində bu gün geniş müzakirə olunan məsələdir. Keçən ay İsrailin Türkiyənin yardım daşıyan gəmisinə hücumu və Türkiyənin BMT-nin İrana qarşı sanksiyaların son raundunun əleyhinə səsverməsi ABŞ-da NATO üzrə Amerikanın uzun zamandır müttəfiqinin xarici siyasət kursunda qərbdən uzaqlaşma meyilləri ilə bağlı narahatlıqlara yol açıb. Müzakirələrin keçirilməsinin əsas məqsədi də bununla izah edilirdi. Dinləmələrə sədrlik edən Hovard Berman hazırda Türkiyənin xarici siyasət kursunun dəyişməsindən narahatlığını bildirərək ABŞ-la münasibətlərə bunun təsirlərinin nədən ibarət olacağı ilə bağlı ekspertlərə suallar verib. ABŞ Konqresinin üzvləri Türkiyə və ABŞ arasında münasibətlərin iki ölkə və Birləşmiş Ştatların regionda maraqlarının təmin olunmasında əhəmiyyətini qeyd ediblər. Dinləmələrə dəvət olunmuş aparıcı təhlilçilər Ədalət və İnkişaf partiyasının hakimiyyətə gəlməsindən sonra Türkiyənin xarici siyasət kursu və ölkənin daxilində gedən proseslərdən danışıblar. ABŞ-ın Türkiyə və Azərbaycandakı səfiri Ross Uilson qeyd edib ki, iki ölkə arasında münasibətlər heç vaxt sabit şəkildə yüksək səviyyədə olmayıb, əksinə münasibətlərdə qabarmalar və çəkilmələr müşahidə olunub. O bildirib ki, İranın siyasi, müdafiə və təhlükəsizlik sahələrində bu gün yaratdığı çətin vəziyyət nə qədər ciddi olsa da, ABŞ NATO üzrə müttəfiqlərinə mümkün dərəcədə tam dəstək verməlidir: “Türkiyə bizim tərəfdaşımızdır, o bizimlə belə davranmalıdır, biz də onunla tərəfdaş kii davranmalıyıq”.
Ross Uilson Konqresi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq: “Təəssüf ki, Ermənistan və Türkiyə liderləri bildiriblər ki, hazırda onlar münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan protokolları ratifikasiya edə bilməzlər. Məncə, onların hələ də Dağlıq Qarabağ münaqişəsinin və türklərlə ermənilər arasında problemlərin həlli üçün lazım olan etimadı yaratmaq imkanları var”. Keçmiş səfir qeyd edib ki, Cənubi Qafqaz qeyri-sabit və kövrək regiondur. Onun sözlərinə görə, 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi Türkiyə və Ermənistan arasında barışığa təkan verib: “Rusiyanın Gürcüstana müdaxiləsindən bir ay sonra prezident Sarkisyanla prezident Gülün İrəvanda görüşündən belə bir rəmzi ifadə doğurdu ki, “Bizim Qafqazın gələcəyi haqqında təsəvvürlərimiz var və indi Gürcüstanda baş verənlərin bura dəxli yoxdur. Bizi öz aramızda mövcud olan daha mürəkkəb məsələlər düşündürür və biz onların həllinə çalışırıq”. Təəssüf ki, hər iki tərəf belə bir nəticəyə gəldi ki, hazırda daha irəliyə getmək imkanları yoxdur”.
ABŞ və Türkiyə arasında qısamüddətli maraqlar haqqında danışan Uilson Kipr, Yunanıstan, Balkanlar və Qara dənizlə yanaşı, ABŞ-Türkiyə münasibətlərinin gündəmində olan enerji, terrorizm, Əfqanıstan və Pakistan kimi məsələlərə də toxunub: “Zənnimcə bunu demək kifayət edər ki, bu məsələlərlə bağlı məqsədlərimiz eynidir. Düzdür, baxışlarda müxtəliflik var, amma ABŞ və Türkiyə bu sahədə yaxşı əməkdaşlıq edir”. Dinləmələr zamanı Konqres üzvlərini narahat edən məsələlərdən biri də Türkiyə xarici siyasətinin müxtəlif istiqamətləri, xüsusilə də İran və İsraillə bağlı tərəfləri olub.
Amerika Sahibkarlar institutunun təhlilçisi Maykl Rubin öz çıxışında Ədalət və İnkişaf Partiyasının Türkiyəni fundamental olaraq dəyişdirdiyini faktı üzərində quraraq, baş nazir Ərdoğanın həm xarici, həm də daxili siyasətdə əsaslı şəkildə fərqli kurs götürdüyünü qeyd edib. O deyib ki, ABŞ-ın əvvəlki və hazırkı administrasiyası Türkiyəyə özləri görmək istədikləri bir ölkə kimi münasibət bəsləyib və Türkiyənin hansı bir ölkəyə çevrildiyi faktını qəbul etməyib.Alman Marşall Fondunda təhlilçi İyen Lesser Türkiyənin xarici siyasət kursunun dəyişməsinin müsbət tərəflərini göstərib. Ölkənin dünya iqtisadi sistemində yerini qeyd etdi. O, Türkiyənin hazırkı hökumətinin müsəlman dünyası ilə münasibətlərini əvvəlki hökumətlərdən daha yaxşı şəkildə qura bildiyini bildirib. O, Türkiyənin təkcə Yaxın Şərq deyil, həmçinin daha geniş coğrafi məkanda əlaqələrini genişlətməyə nail olduğunu göstərib. Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında heç bir vaxt qızıl dövrün olmamasına baxmayaraq, iki ölkə İranın nüvə silahına malik olmasının qarşısının alınması kimi bir sıra məsələlərdə birgə iş görə bilərlər. Vaşinqtonda Yaxın Şərq insitutunda Türkiyə araşdırmaları proqramının direktoru Söner Çaqaptay Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra baş verən dəyişikləri təhlil edərək, onun yeritdiyi siyasət nəticəsində Türkiyənin həm qərb, həm dəYaxın Şərq ölkələri arasında regional qüvvəyə çevrilmədiyini bildirib: “Bu kurs Türkiyəni Translantik icmanın üzvü kimi görmür“. Söner Çaqaptay Türkiyənin Avropa Birliyinə üzvlüyü kimi bir perspektivin gələcəkdə görünmədiyinə işarə edərək bildirib ki, real problem ondadır ki, islam meylli Ədalət və İnkişaf partiyası liberal və qərb yönümlü Türkiyənin görüşlərini bölüşmür. O, Türkiyədə islahatlar prosesinin dayandığını, media, hərbi qüvvələr və elmi dairələrdə siyasi opponentlərin susdurulduğunu bildirdi. Söner Çaqaptayın sözlərinə görə, Ədalət və İnkişaf partiyasının türkləri özünün anti-qərb siyasəti arxasında apardığı yeni bir dövrdə əsas qayda Türkiyə və türklərə zərər verməməkdən ibarət olmamalıdır. Dinləmələr zamanı ekspertlər Türkiyədə gedən prosesləri nəzərə alaraq münasibətlərin qurulmasında ABŞ hökumətinə tövsiyələr vermiş və qanunvericilərin suallarını cavablandırıblar.
Azər NURİYEV