Aparıcı Zaur Kamal: "Xarici ölkələrdə yaşayan sənətçilərin evinə qonaq gedənlər mənim proyektimi oğurlayıblar"
"Ay Zaur" verilişinin aparıcı Zaur Kamalın Milli.Az xəbər portalına müsahibəsi
Qadınlar bayramından başlanan yol...
- Elə başlayaq kimliyindən… Zaur kimdir?
- Mən də hamı kimi sadə bir ailədə dünyaya göz açmışam. Gürcüstanlıyam. Elə uşaqlıqdan aparıcı olmaq arzusu ilə yaşamışam. Ancaq radio aparıcısı olacağımı düşünməmişdim. Televiziya aparıcısı olmaq istəyirdim. Elə İncəsənət İnstitutuna da o arzu ilə gəldim. Ancaq konkret aparıcılıq fakültəsi olmadığından sənədlərimi televiziya rejissorluğu fakültəsinə təqdim etdim. Düşünürdüm ki, təsadüfən televiziyaya gəlmək çətin olacaq. Televiziya rejissorluğu sahəsi məni aparıcılığa aparan bir yol kimi idi. Hesab edirdim ki, televiziya rejissoru sahəsində mütləq özümə bir cığır açacam ki, aparıcılıq arzum reallaşsın. Artıq ali məktəbdə oxuyanda mənə Rafiq Hüseynov, rəhmətlik Həsən Əbluc dərs deyirdilər. Onlar mənə məsləhət gördülər ki, sənin səsin qəşəngdir, radioya yatır, radio aparıcısı ol. Ali məktəbi bitirdikdən sonra radioya üz tutdum. Səsimi yoxladılar, çox bəyəndilər. Qara Tağızadənin məsləhəti ilə radioda çalışmağa başladım. Hərbi xidmətə getdikdən sonra yenə bu sahədə çalışmaq qərarına gəldim. Sözün düzü, o zaman bir az qeydiyyatla bağlı problemim var idi. Nəsə, radioda aparıcılar tələb olunduğunu eşitdim. Düzü bilmirdim ki, "Bürc FM"-dir. Gəldim. Səsimə qulaq asdılar, işə götürdülər. İndiyə qədər də yadımdadır, 8 Mart Qadınlar Bayramına bir həftə qalmışdı. 8 mart günü dedilər ki, efirə çıxa bilərsən. Çıxdım. Beləcə Zaurun radiodakı fəaliyyəti başladı.
"İnsanları özümdən rədd edirəm"
- İnsanları özünə tabe etmək, səncə nə dərəcədə düzgündür?
- Sözün düzü, mən insanları özümdən rədd edirəm. Bunun nə dərəcədə düzgün olub-olmadığını deyə bilmərəm. Həmişə öz fikrimin üstündə dururam.
- Hətta səhv olsan belə? Ümumiyyətlə, peşman olduğun vaxt olur?
- Heç vaxt peşman olmuram. Heç vaxt, heç bir addımıma görə peşmançılıq hissi keçirmirəm.
- Niyə? Özünə etirafdan qorxursan?
- Demək istəyirsiz ki, peşman olduğumu boynuma almıram?
- Ən azı özünə etiraf etməyi də bacarmaq lazımdır...
- Mən hər hansı addım atanda düşünmürəm ki, bu səhv ola bilər. Düşünülmüş şəkildə hansısa addımı atmıram.
- Sənə qəliz insan demək olar?
- Yəqin, hə. Bəzən üzümə də deyirlər ki, çox qəliz xarakterim var. Hətta qeyri-adi adam olduğumu da deyirlər. Yenə deyirəm, adam var bir addımı atmamış düşünür ki, bunun sonu necə olar, mənim üçün bunun önəmi yoxdur. Efirə çıxanda da beləyəm.
- Elə təəssürat yaratdın ki, sanki səni heç nə düşündürmür...
- Gələcəyimi fikirləşirəm. Düşünürəm ki, nə vaxta qədər aparıcı olacam? Nə işləyəcəm ki, ailəmi dolandıracam. Ailəmin sabahını, onların maddi təminatını düşünürəm.
- Söhbətimizin əvvəlində oyuncaqdan danışdıq. Belə bir fikir var ki, qadınlar dünyanın ən təhlükəli oyuncaqlarıdır. Bununla razılaşırsanmı?
- Hər bir qadının səhv hərəkətində bir kişinin barmağı olur. Əgər hər hansı qadın nə vaxtsa axmaq bir hərəkət edirsə, deməli, orada mütləq bir kişinin barmağı var.
- Bir barmaq bir qadının həyatını nə qədər dağıda bilər?
- O barmaq çeçələ barmaq qədər də ola bilər, ondan da uzun olar. İstənilən halda bir barmağın bir insanın, bir qadının həyatını dağıtmağa gücü yetər.
"Küsən sənətçilərə efirdə qadağa qoyuram"
- Sənətçilərdən səndən inciyən olurmu?
- Çox. İnciyən olur. Bir ay , iki ay danışmırlar, mən də efirə qadağa qoyuram, mahnılarını vermirəm, sonra barışırıq.
- Buna vəzifədən sui-istifadə demək olar?
- Yox, o, bir hərəkət edir, mən də onun cavabını bu şəkildə verirəm. Efirdə biabır etmirəm ki...
- Özləri gəlib barışır?
- Demək olar ki, əksər hallarda, bəlkə də həmişə.
- Bu, səni qane edir? Hesab etmirsən ki, onlar Zaur xatirinə yox, efir xatirinə səninlə barışırlar?
- Bəlkə də elədir. Ancaq onlar arasında Zaur xatirinə mənimlə barışanlar da var. Ancaq çox səmimi danışsam, sənətkarla oturub-durmağı sevmirəm. Hesab edirəm ki, onlarla çox ünsiyyət quranda, səmimi olanda başın ağrıyar.
- Bəs əslində onlarla səmimi olmayan Zaur efirə çıxanda qeyri-səmimilik onun üçün problem yaratmır ki? Axı tamaşaçı səmimi və qeyri-səmimi münasibətləri tez sezir.
- Axı mən efirdə qeyri-səmimi olmuram. Efir vasitəsilə yadıma gəlmir ki, kimisə tərifləyim. Tənqid etdiyim, irad bildirdiyim vaxtlar olub. Tərifəlayiq olmayanı isə tərifləmirəm. Ona görə də qeyri-səmimilik mənim verilişlərimdə hiss olunmur. Yalandan kiməsə "sən gözəlsən" deyə bilmirəm, demirəm də. Deyirəm sən busan, vəssalam. Yarızarafat da olsa, yarıgerçək də olsa, həqiqəti açıqlayıram.
- Hesab etmirsən ki, sən hər kəsə subyektiv mövqe tutmağa üstünlük verirsən?
- Əslində mən neytral mövqeyə üstünlük verirəm. Amma təbii ki, subyektiv münasibətlərim olur.
- Yəqin ki, bizə qədər də bunu sənə deyən olub. Aparıcı Zaur efirə qədər tamaşaçıda fərqli təəssürat yaratmışdı. Yəni, sənin səsin başqa bir insanı yada salırdi... Efirə çıxandan sonra səsinin yaratdığı təəssüratı darmadağın etdin...
- Hə, bunu mənə deyən olub. Siz necə təsəvvür edirdiz? Yaşlı adam?
- Yaşlı adam olmasa da, hər halda fərqli təəssürat idi. Açıq danışırıqsa, radiodakı Zaur tamaşaçıya fikrimizcə, daha yaxın idi.
- Radio qapalı bir yerdir. Orada mənim asqırmağımı və ya hər hansı bir səhv hərəkətimi kimsə görmür. Bir sözlə, qüsur hiss olunmur. Efir isə vizual görünüş baxımından da tamaşaçıya çox söz deyə bilir. Həqiqətən mən radiodan sonra televiziyaya çıxanda qınayanlar da oldu. Dedilər ki, nahaq çıxmısan. Elə gərək radioda qalaydın. Ancaq əks fikirdə olanlar da var. Bəziləri deyir ki, yaxşı etdin efirə çıxdın. Hətta bəziləri deyir ki, verilişə müğənniyə görə yox, sənə görə baxırıq.
"Populyar olmaqdan bezmişəm"
- Yeni mövsümdə yeni layihə nəzərdə tutursan?
- Təbii ki, televiziya yeniliyi sevir. Artıq myeni mövsümdə fərqli bir proyektlə tamaşaçı qarşısına çıxmağı düşünürəm. Hələ ki, proyekt bardə geniş açıqlama vermək istəmirəm. Ancaq sizə bunu açıqlayıram ki, yenilik olacaq, fərqli formatda bir verilişlə tamaşaçı qarşısında olmaq istəyirəm. Mən elə bilirdim «Ay Zaur» 2 ildir efirdədir. Sən demə, 3 il imiş.
- Bəs nə əcəb ixtisasın üzrə fəaliyyət göstərməyi düşünmürsən? Yəni rejissor kimi.
- Siz deyəsən mənim ürəyimi oxudunuz. Bu mövsümdə istəyirəm ki, konkret öz ixtiasasım üzrə də özümü sınayım. Rejissor kimi. Düzünü desəm, populyarlıqdan bezmişəm. Populyar olmaq insanın sərbəstliyini əlindən alır. Mən istirahətə gedəndə bunun fərqinə daha çox vardım. Səni tanıyırlar deyə sərbəst ola bilmirsən. Radioda uğurlarım oldu, televiziya aparıcısı kimi də sevilə bildim. İndi rejissor kimi fəaliyyətimin vaxtı çatıb.
- Səni parodiya edənlər oldu. Parodiyalara münasibətin necədi? Sənin parodiyanda haqqında bəzi ifadələr birmənalı qarşılanmadı da…
- Mənim parodiyaya münasibətim normaldı. Bəli, «Bu şəhərdə»nin uşaqları parodiya etdilər. Əslində onlar məni yox, Səbuhini parodiya ediblər. Məsələ ondadır ki, bizim səslərimizi oxşadanlar çox olub. Əvvəllər radioda olduğum üçün məni üzdən o qədər də tanımırdılar. Səs oxşarlığımız olduğu üçün hətta bəziləri elə bilirdi ki, Səbuhinin apardığı dini verilişi də mən aparıram. Mən Müşfiqgilə də bunu bildirdim. Özüm də gəib oturmuşdum, baxmışdım. Parodiyaya pis baxmıram. Ancaq onların təqdim etdiyi tipaj mən deyildim. Bunu Müşfiqə də bildirdim. O da qəbul etdi. Dedilər ki, gələcəkdə bunu nəzərə alıb, fərqli bir parodiya təqdim edəcəklər. Ancaq yenə deyirəm ki, oxşar parodiya olsa da, normal baxıram. Yəni, o parodiyada anlaşılmazlıq olmuşdu. Parodiyada alçaldıcı heç nə yoxdu. Sadəcə oxşatmaq mumkundüsə, olsun.
- Bu gedişlə Zaur hara gedir?
- Düzünü deyim, hərdən özüm də bu barədə düşünürəm. Fikirləşirəm ki, radioda tanındım, istənilən səviyyəyə gəlib çatmışam. Televiziyaya da çıxdım, aparıcı kimi tanınıb sevilirəm. Bəs bundan sonra? Sonra fikirləşirəm ki, başqa bir sahəyə gedim, öz işim olsun. Nəsə bu mühitdən uzaqlaşa bilmirəm. Düz deyirsiniz, nə vaxta qədər aparıcı olacam? Əvvəllər bilmirdim camaat məni istəyir, ya yox? Çünki üzdən tanımırdılar. Deyirdim radioya zəng vuranlar da elə-belə, yalandan tərifləyirlər. Ancaq televiziyaya çıxandan sonra o sevgini hiss etməyə başlamışam. Adi uşağın belə təbəssümünü görəndə hiss edirsən ki, nə qədər səmimidir. Bundan ləzzət alıram.
- Bəs efirə çıxmağın sənə çətinlik yaratmadı ki?
- Bir az yaratdı. Çünki efirdən tanınanda istəsən də, istəməsən də səliqəli geyinməlisən, hərəkətlərinə fikir verməlisən. İşdə də, evdə yoldaşım da deyir ki, yaxşı geyin, səni tanıyırlar. Yoldaşım narahat olur. Deyir ki, efirdə tanıdıqları üçün daha səliqəli, daha zövqlü görünməlisən.
"Radioya qoyduğum mövzuları yuxuda görürəm"
- Sevilməyindən, populyar olmağından çox danışdın, elə bil səndə də ulduz xəstəliyi hiss olunur...
- Televiziyaya gəlişimdən sonrakı dönəmi nəzərdə tutursuz? Bayaq dedim axı, bəziləri deyir ağlın yoxdur ki, efirə çıxdın. 9 ildir ki, radio verilişləri arasında reytinqdə birinciyəm. Nəyinə lazımdır efirə çıxasan? Mən radio aparıcısı kimi pik nöqtəmə çatmışam. Ən korifey sənətçi bu gün Zeynəb Xanlarovadır, o da mənim qonağım olub. Polad Bülbüloğlunu da dəvət etmişəm. Daha kim qaldı? Daha nə lazımdır ki, mənə? Sonra baxıram ki, yox. Radioda mənim işim tükənməyib.
- Onda qəbul edirsən ki, radiodakı Zaurun uğuru cəmiyyətdə daha çox qəbul olundu?
- Qəbul edirəm. Mənim öz üslubum var.
- Radioda olanda mövzuların müxtəlif şaxəli olur.
- Qəribə də görünsə, mən radioya qoyduğum mövzuları çox zaman yuxuda görürəm. Hətta əvvəllər telefona yazırdım, indi yanımda diktofon qoyuram. Gecə saat 4-də də oyansam, dərhal onu yazıram ki, yadımdan çıxmasın. Olub ki, yuxuda maraqlı bir mövzum olub. Səhər durmuşam, yadımdan çıxıb. Nə qədər fikirləşmişəm, yadıma düşməyib. Efirə 5 dəqiqə qalmış yadıma düşüb. Ya da efir başlayana qədər mövzunu təyin edə bilməmişəm. Sonda könlümdən nə keçibsə, o barədə danışmışam.
- Ümumiyyətlə, qəliz mövzuları sevirsən, yoxsa sadə məişəti?
- Düzünü deyim ki, qəliz mövzuları. Bəlkə bu da mənim xarakterimdən irəli gəlir. Belə mövzuları daha ürəklə işləyirəm. Hətta axtarışlarım da olur.
- Efirdə öz verilişlərinə baxırsan? Qüsurlarını tuta bilirsən?
- Baxıram. Hətta olub ki, bir verilişə iki-üç dəfə təkrar baxmışam. Ancaq hesab etmirəm ki, burda nəyisə dəyişmək lazımdır. Yenə bayaqkı məsələ oldu. Peşman olmuram. Sadəcə, hərdən hiss edirəm ki, gözümün altı qara düşüb və ya saç düzümüm dağılıb. Bu da ondan irəli gəlir ki, radioda verilişim bitən kimi çəkilişə gedirəm, yorğun oluram. Ancaq başqa qüsurumu görmürəm.
"Nazirin bağını çəkib efirə verdim"
- Verilişdən sonra sənə minnətçi düşən sənətçilər olubmu ki, filan yeri kəs, montaj elə...
- (Yenə gülür) Olur, çox olur. Çəkirəm, deyir filan yerini vermə. Onu deyəndə əgər verməyəcəkdimsə, mütləq verəsi oluram.
- Yəni dəlinin yadına daş salırlar?
- Hə, lap elədir. Dəlinin yadına daş salırlar. Bəlkə də deməsəydilər, verməzdim. Ancaq deyəndə nədənsə qıcıqlanıram. Bir dəfə bir müğənninin bağında çəkiliş aparırdım. Əlini uzadıb yanındakı bağı göstərib dedi ki, bu, filan nazirin bağıdır. Yəqin ki, efirə verməzsiniz. Elə onun dediyi sözü olduğu kimi efirə verdim, bağı da göstərdim. Burda nə var ki?
- Bəs sənə rüşvət təklif edən necə, olubmu?
- Əgər ona rüşvət demək olarsa, adını elə qoyun. Ancaq hədiyyə edən olub. Xatirə İslam qızıl qolbağı hədiyyə edib. Ətir hədiyyə edənlər də olub. Ancaq bunlar mənim aparıcılıq missiyama təsirini göstərməyib.
- Sənin proyektlərin də oğurlanıb deyəsən...
- Bu barədə çox danışmaq istəmirəm, ancaq olub. Radio proyektlərimi də oğurlayıblar. Məni digərlərindən fərqləndirən o olub ki, kitab dili ilə camaatla danışmamışam. Efirdən də elə loru dildə danışmışam ki, sadə adamlar fikirlərimi anlasın. Necə deyərlər, nazir də başa düşür, kəndçi də. Kiminsə üslubuna meyil göstərməmişəm. Bəlkə elə ona görə də uğur qazanmışam. Bir də ola bilər ki, mən ikibaşlı mövzulara üstünlük vermişəm. Bu, maraq doğurub. Mən radioda olanda müəyyən teleproyektlərim satıldı. Hətta bir sənətçinin yanında proyekt barədə danışmışdım. Az sonra həmin proyekti başqa bir telekanalda gördüm. Həmin sənətçiyə iradımı bildirdim. And-aman elədi ki, mən heç nə deməmişəm. Ancaq bu gün televiziya aparıcısı kimi bir çox proyektlərin həyata keçməsi üçün imkanlarım var. Ümid edirəm ki, yavaş-yavaş onlar da reallaşacaq. Oğurluq edənlər isə göz qabağındadır. Bu gün xarici ölkələrdə yaşayan sənətçilərin evinə qonaq gedənlər mənim proyektimi oğurlayıblar. Ancaq layihələr bununla bitmir.
- Səhv etmirəmsə, toylarda tamadalıq da etmisən...
- Tamadalıq yox, aparıcılıq etmişəm. Toylara gedəndə də məni təqdim edəndə deyirlər ki, tamada Zaura söz verilir. Deyirəm ki, tamada yox, aparıcıya. Çalışıram ki, idarə etdiyim toylarda da efir təəssüratı yaradım.
Tahirə Məmmədqızı