Argentina yığmasındakı dəyişiklik ulduz futbolçunu məyus edib
Argentina yığmasının baş məşqçi postundan istefa verən Dieqo Maradona yenidən gündəmə gəlib. Argentina futbol federasiyasının prezidenti Xulio Qrondonanın çıxışından bir gün sonra Dieqo dilə gəlib. Özü də argentinalı futbol azarkeşləri üçün ideal olan dahi "10" nömrə yenə emosiyalarını gizlədə bilməyib: "Qrondona məni aldatdı. Bilardo (yığmanın texniki direktoru) isə məni satdı. Almaniyaya məğlubiyyətdən sonra Qrondona işimdən razı qaldığını söyləyərək mənimlə işbirliyini davam etdirmək niyyətini vurğulamışdı. Bütün yığma məğlubiyyətə görə hüzndə olarkən Bilardo məni baş məşqçi postundan salmaq üçün ayağımın altını qazırdı. Mən sona qədər hamını - futbolçuları və komandanın texniki personalını müdafiə etdim. Onlar bunu hiss edirdi. Məncə, birgə işlədiyim bütün şəxslərə öz ölkələriylə fəxr etmək hissini aşılaya bildim". Maradona ölkə futbolunun başında duran şəxsləri cinayətkar kimi də qələmə verib: "Məni komandaya çağıranda daxili vəziyyət çox qarışıq idi, problemlər başdan aşırdı. Bu münaqişələri yatırmağımı istədilər. Biz bunu bacardıq. Bütün gücümü ortaya qoydum. Amma görünür başdakılar Argentina futbolunun yaxşılığını istəmirlər. Bu, sadəcə cinayətdir. Rəhbər şəxslər yalnız şəxsi maraqları naminə fəaliyyət göstərirlər. Guya Qrondona mənimlə görüşəndə fikrimi dəyişməyəcəyimi bilmirdi?!" Maradonanın belə kəskin ittihamlarından sonra qarşı tərəfin də susmağa haqqı yoxdur. Axı don Dieqo AFA prezidentiylə yığmanın texniki direktoruna çox sərt ittihamlar irəli sürüb. Artıq AFA başqanı Qrondona Maradonanın ittihamlarını cavablayıb və onları rədd edib: "Maradonaya yalan deməmişəm. Almaniyayla oyundan sonra həqiqətən də ona işindən razı qaldığını və postunda qalmasının tərəfdarı olduğunu söyləmişdim. Sadəcə, sözlərim düzgün başa düşülməyib. Mən Maradonanın müəyyən şərtlər daxilində millidəki işini davam etdirə biləcəyini demişdim. Müəyyən dəyişiklik qaçılmaz idi. Mən heç kimi aldatmamışam". Yığmanın texniki direktoru Karlos Bilardo isə Maradonanın ittihamlarını gələn həftə cavablayacağını bəyan edib: "Bizi çoxillik dostluq əlaqəsi bağladığından onun cavabını verməliyəm. Seçmə mərhələdə Boliviyaya məğlubiyyətdən sonra hamımızı qovmaq istəyirdilər. O vaxt mən getməyə hazır idim. Amma indi başlanılan işi sona çatdırmaq üçün qalacam". Yeri gəlmişkən, Maradonanın Argentina yığmasının baş məşqçisi postunda qalmayacağı dəqiqləşəndən sonra onun davamçısı kimi qələmə verilən Lionel Messi çox məyus olub. "Barselona"nın oyunçusu don Dieqonu anladığını deyib: "Çox təəssüf. Don Dieqonu yığmanın başında görməyəcəyik. Amma onu başa düşürəm. AFA-yla problemləri var idi. Ortaq məxrəcə gələ bilmirdilər. Maradona isə prinsipial adamdır, kimsə söz verib vədini yerinə yetirə bilmirsə, o, bunu bağışlamır. Məhz buna görə də yığmadan getdi. Maradona heç vaxt yeni çağırışlardan qorxmayıb. Hətta onun komandanı asaqlınla DÇ-2014-ün final mərhələsinə çıxara biləcəyini də söyləyə bilərəm. Yenə də təəssüf..."
|