Nabranın turizm potensialının görünən və görünməyən tərəfləri
Yay gələn kimi insanların ürəyində istirahət hissləri baş qaldırır. Bütün yay boyu gərgin iş rejimində çalışanlar qısa müddət də olsa yorğunluqlarını çıxarmaq istəyirlər. Eyni zamanda istirahət həvəskarları da yayın dadını çıxarmaqda maraqlı olurlar.
Bu il havaların gözləniləndən də isti keçməsi isə istirahət arzularını daha da artırıb. İsti yay aylarında məzuniyyətə çıxıb Bakıda oturmaq ağıldan belə keçmir. Təbii ki, imkanları böyük olan vətəndaşlar daha çox ölkə xaricinə üz tuturlar. Burada istirahət təklifləri səviyyəsinə görə qiymətləndirilir və qiymətlər təxminən 500 manatdan başlayır.
İmkanı bir qədər məhdud olanlar isə daha çox ölkə daxilindəki turizm zonalarına üz tuturlar. Bu yazımızda Nabranın timsalında daxili turizmin mövcud durumu, əldə edilən nailiyyətlər və gələcək perspektivlərlə bağlı məqamlara toxunacağıq.
Əvvəlcədən onu qeyd edək ki, son illərdə ölkədəki qeydə alınan iqtisadi inkişaf daxili turizmin çiçəklənməsinə də səbəb olub. Ölkə daxilində istirahətə pul ayırmaq imkanı olan vətəndaşların sayı artıb, müştərilərə xidmət təklif edən modern istirahət mərkəzlərinin sayı da çoxalıb. Artıq Azərbaycanın özünəməxsus turizm infrastrukturu formalaşdırılmağa başlayıb.
Qeyd etmək lazımdır ki, Bakıdan 200 kilometrlik məsafədə yerləşən Nabranın turistləri cəlb etmək üçün çox böyük imkanları var. Burada dənizlə meşə bir arada cəmlənib. Meşə massivi ilə dənizi sahil boyu uzanan şose yolu ayırır. Nabran təbiətinin qəribəlikləri ilə də diqqəti cəlb etmək imkanlarına malikdir. Burada dəniz sahilinin bir neçə metrliyində şirin sulu bulaqlar qaynayır. Təbiətin bu ecazkarlıqları iş adamlarını da buraya cəlb edib. Hazırda Nabranda onlarla istirahət mərkəzi öz xidmətlərini müştərilərinə təklif edir. Yayın istiləri başlayan kimi Bakıdan buraya turist axını başlayır. Məlum üçün bildirək ki, burada istirahət etmək insanlara elə də ucuz başa gəlmir. Burada istirahət edənləri 3 kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya daxil olanlar maddi imkanları o qədər də yüksək olmayanlardır. Onlar günlərini dənizdə çimməklə keçirib, Allah verəndən yeyib, gecəni meşədə qurduqları çadırlarda keçirirlər. Bu kateqoriyadan olanlar Nabranda bir günü təxminən 20-30 manata yola verə bilirlər.
İkinci kateqoriyaya daxil olanlar fərdi evləri icarəyə götürməklə istirahət edirlər. Bu kateqoriyadan olanlar gündüzləri dənizdə və istirahət mərkəzlərinin hovuzlarında keçirir, qida tələbatlarını isə öz hesablarına ödəyirlər. Hazırda Nabranda bir otağın qiyməti təxminən 15-30 manat arasında dəyişir. Bütövlükdə 2-3 ailənin yerləşə biləcəyi evlərin günlük icarəsi isə təxminən 50-100 manata başa gəlir. İstirahətə gələnlərə günü 100-300 manat arası dəyişən gözəl villalar da təklif olunur. Ümumiyyətlə, bütün xərcləri nəzərə alsaq bu kateqoriyadan olan vətəndaşların bir günlük istirahəti təxminən 50-70 manata başa gəlir.
Üçüncü kateqoriyadan olanlar isə əsasən imkanlı şəxslərdir. Bu kateqoriyadan olan əsasən istirahət mərkəzlərində məskunlaşmağa üstünlük verirlər. Bu istirahət mərkəzlərində qiymətlər belə desək fantastikdir. Burada nömrələrin qiyməti 80 manatdan başlayır. Özü də bura yemək xərcləri daxil deyil. İstirahət mərkəzləri adətən müştərilərinə ödənilən pulun müqabilində yalnız yataq dəsti, hamam və hovuz xidmətlərini təklif edir. Bu o deməkdir ki, müştərilər həm də istirahət mərkəzlərinin bahalı yeməkləri və əyləncə xidmətləri üçün də pul ödəməlidirlər. Düzdür, bəzi istirahət mərkəzləri ödənilən pulun müqabilində müştərilərinə səhər yeməyi də təklif edirlər. Bəzi istirahət mərkəzlərində isə müştərilərə münasib qiymətə (adambaşına 5-8 manat) İsveç stolu təklif edirlər. Amma buna çox nadir hallarda rast gəlmək mümkündür. Əksər istirahət mərkəzlərində müştərilər qidalanma sahəsində ciddi problemlərlə üzləşirlər. Məsələ burasındadır ki, istirahət mərkəzlərinin restoranlarında qiymətlər çox bahadır. Bir nəfər üçün bir normal nahar ən azı 20-30 manata başa gəlir. Gün ərzində ən azı 3 dəfə yemək yeməli olan müştəri ən azı 50-60 manat da xərcləməli olur. Nabrandakı istirahət mərkəzlərində bir neçə ildir ardıcıl istirahət edən bir dostumuz bizə dedi ki, bir neçə il əvvəl buradakı məşhur istirahət mərkəzilərinin restoranları həmişə müştəri ilə dolu olub. Bu il isə həmin restoranların xidmətindən çox az adam istifadə edir. Səbəb isə təbii ki, bahalıqdır. Təbii ki, bir dəfə aldanan müştəri ikinci dəfə aldanmaq istəmir. Nəticədə qida tələbatını ödəmək üçün başqa variant axtarır. Bu variantlardan biri yeməklərin müştərilərin özləri tərəfindən hazırlanmasıdır. Amma istirahət mərkəzlərindəki adi nömrələrdə bunu etmək mümkün deyil. Kotejlərin isə əksəriyyətində mətbəxlərə qaz sobası qoyulmayıb. Nəticədə müştərilərin bəziləri özləri ilə elektrik qızdırıcısı gətirib yemək bişirmək üçün ondan istifadə edirlər. Bəziləri isə qidalanmaq üçün istirahət mərkəzindən kənardakı restoranlara və kafelərə yollanırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, istirahət mərkəzlərində müştərilərə təklif edilən digər xidmətlər də bahalıdır. Misal üçün adi tirdə 5-10 dəqiqəlik əyləncə müştəriyə ən azı 5-10 manata başa gəlir. Bütün bunları ümumiləşdirsək, müştəri qənaətə fikir verməsə, istirahət mərkəzlərində gün ərzində ən azı 200 manat xərcləməlidir. Beləliklə, belə yerlərdə bir həftəlik dincəlmək 1400 manata başa gələ bilər. Halbuki hazırda Türkiyənin Antaliya və Bodrum kimi şəhərlərində beşulduzlu otellərində bir həftəlik istirahətin qiyməti təxminən 1000-1200 manatdır. Özü də buraya təxminən 400 manat olan yol xərci və gündə 5 dəfə yemək də daxildir.
Digər bir problem turizm zonalarında fəaliyyət göstərən restoranların qiymət siyasətində şəffaflığın olmamağıdır. Məsələn, biz Nabranda olduğumuz müddətdə xidmətlərindən istifadə etdiyimiz heç bir restoranda təklif edilən yeməklərin və içkilərin çeşidini və qiymətini özündə əks etdirən menyu görmədik. Təbii ki, bu, müştərilərdə bir diskamfort yaradır. Məhz elə bu səbəbdir ki, bir samovar çayına görə bizdən 24 manat pul aldılar. Halbuki keçən il həmin yerdə bir samovar çayın qiyməti 10 manat idi. Təbii ki, menyu olsaydı və orada bir samovar çayın 24 manat olması əksini tapsaydı, biz o çayı içməzdik. Menyu olmayanda isə müştəriləri aldatmaq çox asan olur. Başqa sözlə, sahibkarlar istehlakçı hüquqlarını kobud şəkildə pozurlar.
Digər bir problem Nabranın infrastruktur olaraq hələ turizm mərkəzi olmağa hazır olmamağıdır. Qəsəbənin yolları bərbad gündədir. Düzdür, son illərdə çəkilən Bakıdan Rusiya sərhədinədək uzanan beton yol bu problemi böyük ölçüdə həll edib. Son bir ildə beton yoldan Xaçmaza qədər olan yol da yenidən çəkilib. Amma yenə də Xaçmazdan Nabrana uzanan yol ideal səviyyədə deyil. Qəsəbə daxilindəki yol isə lap bərbad vəziyyətdədir. Ətrafında qiyməti 10 milyon dollarla ölçülən istirahət mərkəzləri olan yollarda xarici markalı avtomobillərin hərəkət etməsi çox çətindir. Halbuki həmin yolların normal vəziyyətə gətirilməsi elə də böyük maliyyə tələb etmir.
Başqa bir problem Nabranın hələ də qazlaşdırılmamasıdır. Əslində, əgər bu gün Ermənistanla sərhədə kəndlərinə, Gədəbəyin ucqar yaşayıq məntəqələrinə qaz çəkilirsə, paytaxtdan cəmi 200 kilometr məsafədə olan Nabrana da qaz çəkmək problem olmamalıdır. Özü də problem təkcə qazla bitsəydi, dərd yarı idi. Bu gün Nabranın ciddi işıq problemi də var. Orada olduğumuz bir həftə ərzində dəfələrlə elektriklərin kəsilməsinin şahidi olduq. Son illər sürtələ artan evlərin işıqlandırılmasında ciddi problemlər var. İşıqlar yananda da çox zəif olur və artıb azalır. Bu işıqla hər hansı məişət texnikasının işlədilməsi də ciddi problemdir. Bir sözlə, Nabranın keçmişdən qalma elektrik təsərrüfatı bu günün artan tələbatını ödəmək iqtidarında deyil. Bunun nəzərə alan istirahət mərkəzləri problemi öz hesablarına həll etmək məcburiyyətində qalıblar. Əziyyət çəkən isə sadə vətəndaşlardır.
Başqa bir ürək ağrıdan problem isə sanitariya məsələləri ilə bağlıdır. Təsəvvür edin ki, bu boyda turizm zonasında zibillərin yığılması xidməti yoxdur. Burada adi zibil qutuları da qəhətə çıxıb. Əhali zibili qəsəbə kənarında qazılan quyulara tökür.
Təbii ki, bu şərtlər altında dünyanın turizm bazarına daxil olmaq mümkün deyil. Elə bu səbəbdəndir ki, hazırda Nabranda istirahət edən əcnəbilərə rast gəlmək çox çətindir. Bu problemlər səbəbindən turizm komplekslərimiz yerli müştərilərini də itirir.
Doğurdan da əgər inkişaf etmək istəyiriksə, əldə etdiklərimizlə kifayətlənməməliyik. Yuxarıda qeyd edilən problemlər qısa müddət ərzində aradan qaldırılmalıdır. Müştərilərə daha modern xidmətlər təklif edilməli, xarici ölkələrdən turistlər cəlb olunmalıdır. Eyni zamanda təcili şəkildə xidmət səviyyəsi yüksəldilməlidir. Bu işdə dövlətlə turizm biznesinin təmsilçiləri əlbir işləməlidirlər. İqlim şərtlərini, təbiəti nəzərə alsaq, Nabran Antaliya və Bodrumla rəqabətə girə biləcək potensialdadır. Amma mövcud problemlər həll edilmədən bu iddiada olmaq heç də real görünmür.
İlham QULİYEV