Dəmir qlobal miqyasda ən böyük ictimai səhiyyə əhəmiyyətli 3 çatışmazlıqdan biri olaraq qalır
Bəzən qarşımızdakı insan başgicəllənməsi, halsızlıq, təngnəfəslik və iştahasızlıqdan şikayətlənəndə, çoxlarımız buna keçici bir hal kimi baxır, müvəqqəti yorğunluğun səbəbini yaxşı dincəlməməkdə, istirahət etməməkdə axtarırıq. Bu əlamətlərin həqiqi səbəbinin orqanizmdə dəmir çatışmazlığı ilə birbaşa əlaqəsi olması isə ağlımıza da gəlmir. Yəqin çoxumuz ondan da məlumatsızıq ki, dəmir yod və A vitamini kimi bu gün qlobal miqyasda ən böyük ictimai səhiyyə əhəmiyyətli 3 çatışmazlıqdan biridir. Böyümə, inkişaf və mühafizə üçün orqanizmin kiçik ölçülərdə ehtiyac duyduğu bu qidalandırıcı mikroelementlərin yoxluğu üzündən dünyada milyonlarla insan korluq, anemiya, kəmağıllıq və ur kimi xəstəliklərə düçar olur. Mütəxəssislərin son araşdırmalarına görə isə bu mikroelementlərin hətta orta dərəcədə çatışmazlıqlarının uzun sürən dağıdıcı nəticələrinin ola biləcəyi üzə çıxıb. Hazırda dünya əhalisinin üçdə biri qidalandırıcı mikroelementlərin ən azı orta səviyyəli çatışmazlığından əziyyət çəkir ki, bu da zehni qabiliyyəti, enerjini aşağı salır və iş məhsuldarlığına ciddi xələl gətirir.
Dəmir çatışmazlığı – ölüm riski
Orqanizmin bütün hissələrində mövcud olan dəmir insanın yaşayıb sağ qalması üçün zəruri olan bir çox həyati funksiyalara malikdir. İnsan hər dəfə nəfəs aldıqca bu maddə hemoqlobin şəklində müxtəlif toxumalara oksigen daşıyır. O, həm də əzələlərdə oksigenin istifadə və toplanmasına kömək edir. Bu isə orqanizmdə gedən bir çox ferment reaksiyalarının ayrılmaz tərkib hissəsidir. Məhz ona görə də dəmir çatışmazlığı həyati funksiyalara müdaxilə edir və nəticədə xəstəliyə və ölümə səbəb olur.
Həkim Mahir Kərimovun sözlərinə görə, el arasında qanazlığı kimi tanınan anemiya qırmızı qan hüceyrələrinin sayının, hemoqlobin konsentrasiyasının və ya hematokritin normadan az olması ilə müşahidə edilir: ”Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman insan ümumi zəiflik, yorğunluq hiss etməyə başlayır”. Amma müxtəlif səbəblərdən əmələ gələn anemiya davametmə müddətinə görə fərqlənir. Qanın normal göstəricilərinə gəlincə, onun tərkibində eritrositlər – 4,5-6,3 milyon/mm3, hemoqlobin – 13-18 g/dl, hematokrit isə 40-54 % olmalıdır. Həkim deyir ki, anemiya zamanı əsas əlamətlər taxikardiya, təngnəfəslik, rəngin avazıması, başgicəllənmə, bəzən baş ağrısı, yorğunluq, tərləmə, ağızda quruluq, qulaqda küylər, arterial təzyiqin düşməsi, nəbzin zəif dolğunluqda olması və tezləşməsi ilə özünü göstərir. Anemiyaya səbəblər isə kəskin qanaxma, yaralanma, mədə xorası, qida borusunun varikoz genişlənmiş venaları, böyük damarların cırılması, hemorragik diatez, hemorroy və s.dir. M.Kərimov qanazlığına səbəb olan amili müəyyənləşdirmək üçün isə qanın genişləndirilmiş ümumi analizi (retikulositlər, trombositlər, eritorositar indeks və s. daxil olmaqla), qanın laxtalanma qabiliyyəti, biokimyəvi analizı (Bilirubin, LDH, serum zülalları daxil olmaqla) və s. müayinə üsullarından istifadə olunduğunu da deyir.
Hər 2 hamilə qadından biri, 10 məktəblidən 4-ü
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünya miqyasında 4-5 milyarda yaxın adamda, yəni dünya əhalisinin 66-80 faizində dəmir çatışmazlığı ola bilər ki, bunlardan da 2 milyardı anemik səciyyəlidir. Qanazlığı - anemiya ilə müşayiət olunan dəmir çatışmazlığı daha çox uşaqlarda və doğum qabiliyyətinə malik qadınlarda təsadüf olunur. Mütəxəssislər bu qənaətdədirlər ki, hamilə qadınların ölüm hallarının 20 faizi məhz bu səbəbdən baş verir. Hal-hazırkı dövrdə inkişaf etmiş ölkələrdə yeni doğulanların ölümü 75-85 faiz hallarda erkən neonatal dövrdə baş verir ki, bu fəsadı yaradan amillərdən biri də məhz anemiyadır. Azərbaycanda da ana və uşaq ölümü hallarının çox yüksək olması çoxdan öz təsdiqini tapıb. Hazırda anemiyadan əziyyət çəkənlərin 90 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu, təxminən hər 2 hamilə qadından birini və 10 məktəblidən 4-nü təşkil edir. Ümumdünya Ərzaq Proqramının Ərzağın Təhlükəsizliyi və Qidalanma üzrə apardığı araşdırmaları göstərir ki, Azərbaycanda anemiyanın yayılma dərəcəsi 5 yaşdan aşağı uşaqlar arasında 52 faiz təşkil edir. Bu göstərici ölkənin müxtəlif regionları üzrə nəsilartırma yaşında olan qadınlar arasında isə 30 və 80 faiz arasında fərqlənir. Bu, orta hesabla anemiyanın mülayim formasından əziyyət çəkənlərin təxminən 49 faizi, anemiyanın orta səviyyəsindən əziyyət çəkənlərin 6 faizi və nisbətən sərt formasından əziyyət çəkənlərin təxminən 2 faizi deməkdir. Göstəricini Azərbaycan üçün böyük rəqəm hesab edən mütəxəssislər vəziyyətin yaranma səbəblərini iki amillə əlaqələndiriblər. Onların fikrincə, 90-cı ilərin əvvəllərində SSRİ-nin süqutu ilə baş verən dəyişikliklər nəticəsində ölkədə adambaşına orta hesabla qəbul olunan qida dərəcəsi aşağı düşüb. Kalorili qidanın gündəlik qəbulunun əhəmiyyətli şəkildə aşağı düşməsi, yağ və proteinlərin istifadəsinin azalması ilə müşahidə olunur. Bu qədər çox qadın və uşaqda anemiyanın inkişafının səbəbini də məhz bu proseslə bağlayan mütəxəssislər digər amili Ermənistan-Azərbaycan münaqişəsinin kökündə axtarıblar. Belə ki, yaranmış müharibə nəticəsində Azərbaycan əhalisinin təxminən onda biri öz yurdunu tərk etmək məcburiyyətində qalıb. Məcburi köçkün və qaçqın kimi yaşayan bu insanlar əlverişsiz həyat şəraitində məhdud məşğuliyyət imkanları ilə yaşamaqdadırlar və bunun da nəticəsində təbii olaraq, zəif qidalanmanın və anemiyanın yüksək səviyyələrindən əziyyət çəkirlər.
Problemin həlli - dəmirlə zəngin qidalar
Vəziyyətdən çıxış yolu axtaran mütəxəsisslər hesab edirlər ki, hazırda bu qidalandırıcı mikroelementlərlə zəif qidalanmanın əksər növlərinin qarşısını almaq ən arzu olunan və əsaslı metoddur. Dəmir çatışmazlığı anemiyası müalicə olunmaq baxımından sadə olmaqla yanaşı, həm də bahalı deyil. Sadəcə, bilmək lazımdır ki, dəmirin lazımi miqdarda sorulmasını təmin etmək üçün tərkibi dəmirlə zəngin olan düzgün ərzaqlar yemək lazımdır. Yeməklərdəki dəmirin sorulmasına isə bir sıra amillər təsir edir ki, bu da dəmirin formasından asılıdır. Məsələn, heyvan mənşəli qidalarda müşahidə olunan hemli (reduksiyaedici hematin) dəmir yüksək dərəcədə sorula bilir, amma tərəvəz mənşəli ərzaqdan alınan qeyri-hemli dəmir orqanizm tərəfindən daha az sorula bilir. Tərkibində hemli dəmir olan dəmirlə zəngin ərzaqların ən yaxşı mənbələri molyusklar - dəniz molyusku, istridyə, dəniz molyusku növünə daxil olan midi, sardina, balıq, qırmızı ət və qaraciyərdən ibarətdir. Qeyri-hemli dəmirlə zəngin ərzaqlara lobya, mərci, yaşıl yarpaqlı tərəvəzlər, balqabaq tumu aiddir. Qeyri-hemli dəmirin sorulması hemli dəmirlə zəngin ərzaq mənbəyilə birlikdə istifadə olunduqda yaxşılaşa bilər. Dəmiri gücləndirən ərzaqlar-sitrus meyvələri, çiyələk, pomidor və bibər kimi bəzi tərəvəzlər də dəmirin sorulmasını gücləndirə bilər. Taxıl, kəpək, qəhvə, çay və s. kimi ərzaqlar isə dəmirin sorulmasına mane olur və ya müdaxilə edir. Ona görə də hesab edilir ki, yemək zamanı çay içmək kimi düzgün olmayan qidalanma vərdişləri dəmir çatışmazlığı anemiyasına təkan verən səbəblər sırasındadır. Dəmirin sorulmasını ən yüksək həddə çatdırmaq üçün dəmirlə zəngin ərzaqlarla yanaşı, belə qida məhsulları istifadə olunmamalıdır.
İnkişaf etməkdə olan əksər ölkələrdə malyariya və bağırsaq qurdları ilə yoluxma da dəmir çatışmazlığını kəskin artırır. Ona görə də mütəxəssislər hesab edir ki, ictimai qlobal səhiyyə və xəstəliyə nəzarət tədbirləri həyata keçirməklə malyariya və bağırsaq qurdları kimi infeksiyalı xəstəliklərə nəzarət edilməsi dəmirin sorulması və istifadəsinə əhəmiyyətli dərəcədə təsir edəcək.
Problemin həll edilməsi istiqamətində hazırda dünya praktikasında tətbiq olunan digər üsul isə ərzağın qidalandırıcı əlavələrlə zənginləşdirilməsidir. Bu, anemiyadan əziyyət çəkən əhali qrupu tərəfindən daha çox istifadə olunan ərzaq məhsuluna fol turşusu və ya bunsuz dəmirin əlavə olunması prosesidir. Bütün əhali tərəfindən dəmirlə zəngin yeməklərin istifadəsini təmin etmək məqsədi daşıyan bu addım dəmir çatışmazlığı məsələsini həll edir. Amma müalicəvi deyil, profilaktik səciyyə daşıyan bu tədbir anemiyanın orta və kəskin formaları ilə bağlı problemi həll etməyə qadir deyil. Anemiyanın bu formalarından əziyyət çəkənlərə dəmirə olan tələbatı ödəmək məqsədilə vitamin həbləri verilir.
Dəmir çatışmazlığı anemiyasını 33 faizə qədər aşağı salmaq mümkündür
Bir çox araşdırmalar və proqramlar göstərib ki, ərzağın qidalandırıcı əlavələrlə zənginləşdirilməsi qidalandırıcı mikroelementlərin çatışmazlıqlarının azaldılmasının ən səmərəli metodlarından biridir. Azərbaycanda bu məqsədlə taxıla üstünlük verən mütəxəssislərin qənaətinə görə, dəmirin qəbulunu artırmaq üçün taxıl və unun qidalandırıcı əlavələrlə zənginləşdirilməsi olduqca münasib və mənfəətli bir mexanizmdir. Çünki Azərbaycan qida qəbulunda çörəkdən daha çox istifadə edən ölkələrdəndir. UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Qidalandırıcı Mikroelementlər üzrə Təşəbbüsün hesablamalarına görə, Azərbaycanda unun dəmir və fol turşusu ilə zənginləşdirilməsinin layihələşdirilməsi nəticəsində dəmir çatışmazlığı anemiyasının yayılmasını 33 faizə qədər aşağı salmaq mümkündür. Bu, eyni zamanda, Azərbaycanda yuxarı göstəricilərə malik olan ana ölümü hallarının da azalmasına kömək edəcək. Əlavə olunmuş fol turşusu doğuşla əlaqədar baş verən qüsurları təxminən 50 faizə qədər azaltmağa da səbəb ola bilər.
Bu qurumların araşdırmalarına görə, hazırda anemiyadan əziyyət çəkən böyüklərin məhsuldarlığında hesablanmış artımdan və anemik uşaqların yaxşılaşdırılmış əqli inkişaflarından qazanılan gəlirdən ildə 100 milyonlarla dollar alınması mümkündür.
Qidanın dəmirlə səmərəli surətdə zənginləşdirilməsi üzrə proqram bütün maraqlı tərəflərin, xüsusilə hökumət, ərzaq sənayesi və istehlakçının birgə səylərini tələb edir. UNICEF-in Azərbaycandakı nümayəndəliyindən hesab edirlər ki, bunun üçün də qidalandırıcı əlavələrin ərzağa artırılmasına icazə verən, onları tənzimləyən və ya tələb edən qanunvericilik zəruridir. Bundan başqa, proqramın davamlı səmərəliliyinin təmin olunması məqsədilə dəmirlə zənginləşdirilmiş ərzaqların keyfiyyət və təhlükəsizliyini təmin edən qanunvericiliklər vacibdir. Əlavələrlə zənginləşdirmə səviyyələrinin təhlükəsizliyi və müvafiqliyi həm istehsal səviyyəsində, həm də ev təsərrüfatında yoxlanılmalıdır. Əlavələrlə zənginləşdirilmiş ərzağın təqdim olunması qablaşdırma, qiymətqoyma və dəstəklənmə strategiyaları kimi sualların nəzərdən keçirilməsini də labüdləşdirəcək.
HƏQİQƏT ISABALAYEVA