|
"Barselona"nın yeni rəhbərləri, necə deyərlər, hakimiyyəti ələ alandan sonra klubun yetərincə borcunun olduğunu bəyan etmişdi. Onlar bir neçə həftə əvvəl yalnız ilkin hesablamaları ictimaiyyətə çatdırmışdı. İndi bu planda hər şeyə aydınlıq gəlib. Klubun vitse-prezidenti, maliyyə məsələləri üzrə səlahiyyətli Xavyer Faus ötən maliyyə iliylə bağlı məruzəylə çıxış edib. Onun dediyinə görə, "Barselona"nın xərcləri gəlirləri 77,1 milyon avro üstələyir. Faus klubun borcunun 442 milyon avroya çatdığını bildirib. Ortaya təbii sual çıxır: son illər idman sahəsində bütün mümkün titulları qazanan kataloniyalılar maliyyə cəhətdən niyə borclu durumda olmalıdırlar? İtkilər əsasən rəhbərliyin "Banco Santander" və "La Caixa" banklarından böyük məbləğdə kredit götürməsiylə bağlıdır. Amma Faus borcun böyüklüyünə rəğmən klubun heç də iflasa doğru getmədiyinə də aydınlıq gətirib. Onun dediyinə görə yeni rəhbərlik yaxın gələcəkdə maliyyə planında sabitliyə nail olmaq üçün bütün lazımi tədbirləri görəcək.
|