|
Rəhman Namazov 15 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gədəbəy rayonunda 14 yaşlı yeniyetmənin qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qarşısında Rəhman Namazov cavab verib. İttihama görə, 1995-ci il təvəllüdlü Ramin Allahverdiyevin valideynləri bir ay əvvəl onun itkin düşməsi barədə polisə məlumat verib. Uzun müddət həyata keçirilən axtarış tədbirlərinə baxmayaraq, Allahverdiyevi tapmaq mümkün olmayıb.
Gədəbəy Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində 14 yaşlı Raminin qətlə yetirildiyi məlum olub. İstintaqla müəyyən edilib ki, o, qonşusu 1985-ci il təvəllüdlü Rəhman Namazov tərəfindən qətlə yetirilib. R.Namazov cinayət əməlini gizlətmək məqsədi ilə yeniyetmənin meyitini hissələrə bölərək dağlıq ərazidə torpağa basdırıb. Araşdırmalar zamanı məlum olub ki, qonşuların arasında it üstündə dava düşüb. R.Namazov və R.Allahverdiyevin itlərinin boğuşması hər iki şəxsin mübahisə etməsinə səbəb olub. Mübahisə isə R.Allahverdiyevin itinin R.Namazovun itinə qalib gəlməsi üstündə baş verib. Nəticədə R.Namazov özündə olan bıçaqla R.Allahverdiyevi qətlə yetirib. O, daha sonra törətdiyi ağır cinayəti gizlətmək məqsədilə R.Allahverdiyevi bir neçə hissəyə bölüb və dağların arasında basdırıb. Məhkəmənin hökmü ilə Rəhman Namazov 15 il müddətinə azadlıqdan məhrum edilib.
|