Köhnə filmlərin rəngli versiyasının ortaya çıxması birmənalı rəy doğurmur
1980-ci illərdə mətbuatda amerikalıların ağ-qara filmləri rəngləməyi öyrənməsi və bir neçə qədim vesternləri rənglədikləri barədə materiallar dərc olundu. Ancaq kinolentlərin necə alınması, keyfiyyətinin nə dərəcədə olması haqqında məlumat verilmirdi. Görünür, rusiyalı işbazlar da bu təcrübədən yararlanmaq istəyi ilə sovet kinosunun incilərinə əl uzadıblar. Belə ki, ötən il «Baharın 17 anı» teleserialının rəngli versiyası «Rossiya» telekanalında ekranlara çıxanda tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Xüsusən Rusiya kommunistləri filmin rəngli versiyasını ideoloji təxribat və sənət incisinə qəsd adlandıraraq, hətta telekanalı məhkəməyə verdilər. Onlar «Ştirlis”in ağ-qara lentdə qalmasını tələb edirdilər. Rusiya kommunistlərinin bu tələbi ölkə ictimaiyyətində də dəstək qazandı. Belə ki, bir sıra kino mütəxəssisləri də ağ-qara «Stirlis»in rəngli təsvirə köçürülməsini tənqid atəşinə tutdular.
Kommunistlərin yeni hərəkatı
Beləliklə, Sankt-Peterburq kommunistlərinin lideri Sergey Malinkoviç və onun kommunistləri, ümumiyyətlə, sovet filmlərinə qəsd edənlərə qarşı hərəkata başladı. Onların ilk etirazı Ümumrusiya Dövlət Teleradio Kampaniyasına ünvanlanıb. Kommunistlər, həmçinin Moskva şəhər məhkəməsinə müraciət ediblər. Ancaq məhkəmə onlara etiraz edərək məsləhət görüb ki, daha aşağı məhkəmə instansiyasına müraciət etsinlər. Kommunistlər, həmçinin bu ilin may ayında Dmitri Medvedyevə də müraciət ünvanlayıblar.
Həmçinin Rusiya mətbuatında «Rəngli Ştirlis: biabırçılıq, yoxsa yeni nəfəs» rubrikası altında yazılar yer almağa başlayıb. Mətbuat nümayəndələri «Necə rəngləyiblər?», «Necə cürət ediblər?», “Sənət incisinə necə əl uzadıblar?” – deyə suallar ünvanlamaqdan yorulmurlar.
Filmin rəngli versiyasını ərsəyə gətirən «Grading Dimension Zictures» şirkəti isə ünvanlarına səslənən ittihamları cavabsız buraxmayıb: «Ola bilər ki rəng sizin üçün darıxdırıcıdır. Ancaq siz bu barədə veteranlardan, ata və ananızdan soruşmusunuzmu? Axı onlar ömürlərinin çoxunu ağ-qara kinoya baxmaqla keçiriblər. Onlar filmin rəngli versiyasına isə sakitcə sevinəcəklər. Uşaqlarınızdan necə, soruşmusunuzmu? Onlar ağ-qara filmlərə heç vaxt baxmayıblar və heç vaxt da baxmayacaqlar. Onların beynində də bu fikir heç vaxt dolaşmayacaq: necə və nə üçün ağ-qara dönüb rəngli oldu?”
Rəngli versiyanın tərəfdarları həmçinin deyirlər: “Məsələ onda deyil ki, kinolentlər rəngli və ya ağ-qara olsun. Ağ-qara da rəngdir. Əsas odur ki, Ştirlis başını sükanın üzərinə qoyur və yuxulayır – düz 30 dəqiqədən sonra oyanır. Çünki ona Berlinə getmək lazım idi. Lazım idi ki, Ştirlis dəhlizlə getsin. Lazımdır ki, film yaşasın və ağ-qara ikonaya dönməsin”.
Şirkətin prodüseri daha sonra bildirib ki, əfsanəvi teleserialın yenidən canlanmasına yalnız sevinmək lazımdır. Onlar hesab edir ki, rəngli film qətiyyən köhnə filmin təhrif olunmuş variantı deyil. Təşkilat filmlərin rənglənməsini tamaşaçıların diqqətini daha çox cəlb etmək məqsədi daşıdığını bildirib. Onların fikrincə, bu, çox vacibdir. Çünki indiki gənclər ağ-qara filmlərə baxmağı sevmirlər. Telekanal rəhbərliyi isə onlara ünvanlanan ittihamları rədd edərək rəngli təsvirdə kinolentə xələl gəlmədiyini bildirib: «Film bizim xüsusi sifarişimizlə rənglənib və ümid edirik ki, tamaşaçılar bu variantdan yeni müsbət hisslər alacaqlar».
Rusiya mətbuatı isə Ştirlisin rəngli versiyada hind kino ulduzu Amitab Baççandan azca fərqləndiyini yazır. Qeyd olunur ki, yeni versiyada onun üzü, əlləri tamam fərqli rəngdədir. “Ümumiyyətlə, bu, şəkil həvəskarları üçün əla, kino versiyası üçün ən uğursuz variantdır”.
«Mədəni vandalizm»
Rusiya mətbuatı məsələyə münasibətini bildirərək daha sonra yazır ki, rənglənmə fenomeni meydana gəldiyi ilk vaxtlardan – 20-ci əsrin əvvəllərindən çoxlarını təmin etməyib. Köhnə kino və cizgi filmlərinin həvəskarları ağ-qara lentlərin rəngli təsvirə köçürülməsini «mədəni vandalizm» adlandırırlar. Kino klassiklərinin rəngli versiyasını «Millətin rəngi» əməliyyatı adlandıranlar da var. Köhnə filmlərin rənglənməsini mənzillərin avrotəmirinə bənzədənlər də az deyil.
Şirkət təmsilçiləri bildiriblər ki, rejissor Eldar Ryazanov 1992-ci ildən «Avtomobildən qorunun» filminin rənglənməsinə çalışırdı və bu işin məsuliyyətini də onlar boyunlarına götürüblər. Şirkət, həmçinin «Döyüşə qocalar gedir» filmi də daxil olmaqla 17 ekran işinin rəngli versiyasını hazırlayıb. «Biz köhnə lentlərə ikinci həyat veririk. Onları daha da baxımlı edirik, ekran ömrünü uzadırıq. Bu filmlərin DVD variantı əla satılır» – deyə klassik filmlər üzərində texnoloji eksperiment aparan şirkətin prodüseri İqor Lopatenko bildirib. Onun sözlərinə görə, filmlər onlar üçün sənət incisindən daha çox mədəni məhsuldur: «Rəngli effekt tamaşaçıya daha çox informasiya və nüanslar bəxş edir». Şirkətin prodüseri hətta «Döyüşə qocalar gedir» filminin nümayişi zamanı telekanalın reytinqinin artdığını da bildirib.
Ancaq tamaşaçıların narazılığına görə, artıq bu filmlər yeni versiyada ekrana çıxmır. Rusiyada ictimai rəy belədir ki, klassik filmlərin rəngli versiyası həmin filmi əvvəllər görməyən tamaşaçılar üçün daha yaxşıdır.
Şirkət, həmçinin «Lenfilm-video» studiyasında «Zoluşka» filminin lentlərini də rəngləməyə nail olub. Ancaq film köhnə variantdan tamamilə fərqlənir. Bu filmin də rənglənməsini müasir uşaqların ağ-qara filmlərə həvəsinin olmaması ilə əlaqələndirirlər. Studiyanın direktoru Yuri Livanov: “İş prosesində mütəxəssislərimiz unikal sənəd əldə ediblər. Kinematoqrafiya İttifaqının bədii şurasının iclasının stenoqramına əsasən «Zoluşka»nı mütləq rəngli çəkmək lazımdır”-deyə bildirib. Ancaq 1946-cı ildə Stalin kinometrlərin sözünü eşitməyib. O zaman rəngli lentlər ölkədə az olsa da, ölkə rəhbəri o lentlərə çəkilən xərci artıq hesab edib.
Hər kinolentin öz yeri
Azərbaycan kinosunda da ağ-qara filmlərin rənglənməsinə münasibət birmənalı deyil. Kinoşünas Aydın Kazımzadə hesab edir ki, bəzi köhnə filmlərin rəngli versiyası lazımdır: «Amerikada bu proses çoxdan başlayıb. Artıq Rusiyada da yayılıb. Köhnə lentlərin rənglənməsi estetikadır, göz oxşayır. Filmlər tamam yeni formada təqdim olunur: «Kaş, 1945-ci ildə çəkilən «Arşın mal alan» filmi rəngli olaydı!»
Eyni zamanda, kinoşünas ağ-qara filmlərin öz yerinin olduğunu da qeyd edir. Onun fikrincə, elə filmlər var ki, onlar ağ-qara olmalıdır: «Məsələn, «Tütək səsi» filmi müharibədən bəhs edir. Onu necə rəngli vermək olar? Həmçinin «Fəryad» filmində də rənglər azdır. Operator bilərəkdən həmin filmdə soyuq rənglərə üstünlük verib». A.Kazımzadənin fikrincə, «O olmasın, bu olsun» filmindəki al-əlvan rənglərin çoxluğu əhval-ruhiyyəni qaldırmaq baxımından effektlidir.
Kinooperator Rafiq Quliyevin köhnə filmlərin rəngli versiyasına münasibəti müsbət deyil: «Biz filmləri ağ-qara görməyə alışmışıq. Hər bir ekran əsəri öz dövrünün ab-havasını, estetikasını, aurasını yaşadır. Mövzuya təkrar müraciəti xoşlamadığım kimi bunu da xoşlamıram».
R.Quliyevin fikrincə, rənglər dramaturgiyanın bir daşıyıcısıdır və ağ-qara kinoda bunu yaratmaq xüsusi qabiliyyət tələb edir: «Ağ-qara filmlər daha təsirli idi, seyrçi də ona daha çox öyrəşmişdi. 20-30-cu, eləcə də müharibə illərindən bəhs edən filmləri rəngli qəbul edə bilmirəm. Mən «Kəndlilər» və «Bismillah» filmlərini heç cür rəngli təsəvvür edə bilmərəm. Belə filmləri yenidən rəngli şəkildə təqdim etmək düz deyil».
Xalq rəssamı Mais Ağabəyov da ağ-qara filmlərin rəngli versiyasının əleyhinədir. Rəssamın fikrincə, hər bir sənət əsəri öz dövrünü tərənnüm edir. Ağ-qara çəkilən filmlərə rəng vermək o dövrün ab-havasını dəyişir. «Rejissor Tofiq Tağızadə «Yeddi oğul istərəm» filmini rəngli lentə çəkə bilərdi. Amma dövrü nəzərə alaraq ağ-qara çəkməyə üstünlük verib. Məncə, dünyadan köçən rejissorlar istəməzdilər ki, onların filmləri rəngli versiyada çıxsın. Çünki o, başqa cür qavranılır».
Kinorejissor Oqtay Mirqasımov hesab edir ki, bu prosesin qarşısını almaq mümkün deyil. Rejissorun fikrincə, indiki nəsil ağ-qara fotonu, ağ-qara filmi qəbul etmir: «Bizim nəsil üçün bu bir xatirədir, bütövlükdür. Ağ-qara filmlərin estetikası tam fərqlidir. Amma televiziyanın öz tələbləri var. Əgər biz istəsək ki, efirdə hər gün köhnə filmləri göstərsinlər, bu, mümkün deyil. İndiki nəslin və iqtisadiyyatın öz tələbləri var. Onlar bizim zövqlərimizdən üstündür».
Təranə Məhərrəmova