Qərb sanksiyaları sərtləşdirir və nəticə gözləyir
Avropa İttifaqının tarixində İrana qarşı qəbul etdiyi ən kəskin qadağalar iyulun 26-dan qüvvəyə minib. Brüsseldə quruma daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirilib ki, yeni sanksiyalar paketi çox güclü və əhatəlidir. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton İranın xarici ticarətini, bankçılıq və enerji sektorunu hədəfə alan yeni sanksiyaları aid olduğu qurumun rəsmi olaraq qəbul etdiyini açıqlayıb: «Nüvə proqramlarının bizdə ciddi narahatlıq meydana gətirdiyinə dair İrana güclü bir mesaj göndərdik. Bu narahatlıqlar üzündən xarici işlər nazirləri İrana qarşı məhdudlaşdırıcı tədbirləri qəbul etdi. Bu paket çox güclü və əhatəlidir. Enerji daxil olmaqla bütün əhəmiyyətli sahələr bu paketə daxildir». Ketrin Eşton əlavə edib ki, qadağalara görə İranın neft və qaz şirkətlərinə Avropadan vəsait və texnologiya göndərilməyəcək. Avropa İttifaqının rəsmisi bununla yanaşı bildirib ki, sanksiyalar öz-özlüyündə bir məqsəd deyil. «Hədəfimiz İranı danışıqlar masasına oturdaraq bu problemi həll etməkdir» - deyə o vurğulayıb. Sanksiyaların ardınca isə Avropa ölkələrindən İrana beynəlxalq ictimaiyyətlə əməkdaşlıq təklifləri gəlməyə başlayıb. Bir avropalı rəsmi deyib ki, bu, AB-nin indiyə kimi hansısa ölkəyə qarşı qəbul etdiyi ən sərt sanksiya olacaq. Bütün bunlar İranı danışıqları bərpa etməyə və uranın zənginləşdirilməsi proqramını ləğv etməyə məcbur etmək üçündür. İran prezidenti AB-ni reaksiya verəcəyi ilə xəbərdar edib. Amma Tehrandan sentyabr ayında yeni danışıqlara dair işarələr də alınmaqdadır.
Tehran isə hər hansı ilkin şərt qoymadan, nüvə dəyiş-düyüşü əməliyyatı üzrə danışıqlara qayıtmağa hazırdır. Bunu isə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əşğar Soltani sanksiyalardan dərhal sonra bildirib.
Yüksək vəzifəli Amerika rəsmisi BBC-yə deyib ki, İran üzərinə yeridilən sanksiyaların təsiri güclənməkdədir. Belə ki, artan sayda sərmayədar ölkəyə arxa çevirməkdədir. Amerika Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı şöbəsinin rəhbəri Stüart Levi deyib ki, ötən ay BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş sanksiyaların dördüncü mərhələsi özəl investorları İrana sərmayə qoymaqdan yayındırır: «Biz görürük ki, dünya üzrə özəl sektor sanksiyalar səbəbindən İrana münasibətini dramatik surətdə dəyişir. Görürük ki, çox sayda şirkət İranla iş aparmaqdan imtina edir. Şirkətlər İranın infrastrukturuna pul buraxmırlar. Bu isə çox mühüm məqamdır. Çünki əgər bu cür investisiyalar ölkəyə gəlmirsə, uzaq perspektivdə İran iqtisadiyyatı çox ağır bir duruma düşəcək».
Amerikalı rəsmi vurğulayıb ki, investisiya qıtlığı İranın neft və qaz yataqlarının inkişaf etdirilməsinə çox pis təsir göstərəcək. Stüart Levi İran xalqının BMT sanksiyalarının qurbanına çevrilməsi fikrini rədd edir: «Təkcə İran yox, başqa ölkələr üzərinə sanksiyaların yeridilməsi üçün məsuliyyət daşıyan bir şəxs kimi mən çox zaman belə cəza tədbirlərinin günahkarları hədəfləməsi, onların qurbanları olanlara ziyan vurmaması üzərində çox düşünürəm. Buna görə biz əlimizdən gələni edirik ki, beynəlxalq qanunları pozan şəxslərə sanksiyaların təsiri daha güclü olsun. Bunu edəndə, daha yaxşı nəticə əldə edirik. Daha yaxşı nəticə deyəndə mən İrandan kənarda olan özəl sektorun reaksiyasını nəzərdə tuturam. Bu sektor bizimlə daha yaxından əməkdaşlıq edərək, sanksiyaların təsirinin artmasına səbəb olur. Eyni zamanda, biz yerli əhalinin də bizi anlamasına ümid edirik. Burada optimal variant yoxdur. Lakin beynəlxalq neft və qaz şirkətləri üzərində diqqətimizi cəmləşdirərək, eləcə də İranın nüvə və digər hərbi qurumlarını hədəfə alaraq, biz sadə xalqın çətinliklərini tam heç etməsək də, minimallaşdıra bilirik».
Amerikanın Terror və Maliyyə Kəşfiyyatı üzrə nazir müavini təsdiq edib ki, son sanksiyaların əsas hədəflərindən biri İran İnqilab Qvardiyasıdır: «BMT TŞ-nın qətnaməsi çox əhəmiyyətlidir. Onun siyahısında İran İnqilab Qvardiyasının nəzarətində olan əsas şirkətlər var. Buraya “Katamol albium” və onun filialları və əlaqəli şirkətləri daxildir. Qətnamənin bu cür yazılmasının əhəmiyyəti odur ki, indi bu şirkətlər İrandan kənarda olan şirkətlərlə əməkdaşlıq edə bilməyəcəklər. Bu, əsas məqamdır. Bu şirkətlər ölkədən kənarda aparılan əməliyyatlardan son dərəcə asılıdırlar. İndi onların tərəf-müqabillərinə İranla işləmək qadağandır. Həm də təkcə qadağaya görə yox. Əsası odur ki, İranın son bir neçə ildə özünü aparmasını izləyən özəl şirkətlər müxtəlif səbəblərdən getdikcə İrana arxa çevirməkdədir. Ələlxüsus da İnqilab Qvardiyası ilə əlaqəli olan şirkətlərə».
Levi niyə məhz İnqilab Qvardiyasının hədəfə alındığını belə izah edib: «İnqilab Qvardiyası müxtəlif səbəblərdən getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Birincisi, onlar siyasi cəhətdən rəhbərlik üçün daha vacibdirlər. Çünki onların hakimiyyətdə qalmasında Qvardiya artan dərəcədə mühüm rol oynamaqdadır. Hərbi cəhətdən də bu vacibdir. İnqilab Qvardiyası İranın raket proqramında fəal iştirak edir. Elə başqa hərbi layihələrdə də. İran hökuməti ölkə iqtisadiyyatının gəlirlərinin getdikcə daha böyük hissəsini İnqilab Qvardiyasının maliyyələşdirilməsinə sərf edir. Ona mühüm müqavilələr verilir, infrastruktur layihələrində iştirak etməyə şərait yaradılır. Eyni zamanda, bu, İranın biznes icmasının ziyanına olan bir prosesdir. Əlavə etməliyəm ki, bu təşkilat İranda demokratik etirazların yatırılmasına görə məsuliyyət daşıyır. 2009-cu ildə və elə indinin özündə bu belədir».