|
“Fulhem"i yeni mövsümdən kimin çalışdıracağı məlum deyil
Hələ də "Fulhem"i yeni mövsümdən kimin çalışdıracağı məlum deyil. Roy Hocson "Liverpul"dan aldığı təklifi müsbət cavablamaqla London klubunun rəhbərlərini çətinə salıb. Doğrudur, bir sıra tanınmış mütəxəssislərin "Fulhem"in baş məşqçi vəzifəsinə təyinat almaq ehtimalıyla bağlı yetərincə xəbərlər ortaya çıxmışdı. Amma rəhbərlik bu məsələdə tələsik addım atmaq fikrindən uzaqdır. Klubun sahibi Məhəmməd Əl-Fayed hər halda bir sıra variantlar haqda ciddi düşünmək niyyətindədir. Maraq üçün qeyd edək ki, son xəbərlərdə vakant olan postda "Ayaks"ın çalışdırıcısı Martin Yolun yiyələnmək şansı yüksək dəyərləndirilsə də, holland mütəxəssis vətənində qalmağa üstünlük vermişdi.
"Fulhem"in mətbuat xidmətinin yaydığı son xəbərdə isə belə deyilir: "Klubun sahibi Əl-Fayed Hocsona layiqli xələf tapacağına əmindir. Biz, ümumiyyətlə, bu məsələdə tələsmirik, bizim üçün son müddət anlayışı mövcud deyil. Əl-Fayed yeni məşqçinin komanda üçün ideal variant olmasına inanmaq istəyir. İndi komandanı Levinqton çalışdırır. Onun vəzifələrinin öhdəsindən layiqincə gəldiyini də bildirməliyik".
|