|
“Qarabağ”ın futbolçuları inamlıdırlar
“Bizi qarşıda Polşa klubu ilə ciddi sınaq gözləyir. “Visla” həqiqətən hörmətə layiqdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib. Millimizin də üzvü olan təcrübəli yarımmüdafiəçi Polşanın vitse-çempionu olan Krakovun “Visla” klubu ilə görüşə nikbin baxır: “Hesab edirəm ki, bizim klub “Visla”nı keçməyə qadirdir.
İlk oyunu səfərdə keçirəcəyimizdən, görüşə maksimum inamla hazırlaşmalıyıq. Bakıda rahat oynamaq üçün Krakovdan qənaətbəxş nəticə ilə qayıtmalıyıq. “Polşa sindromu”na baxmayaraq, növbəti mərhələyə çıxacağımıza ümid edirəm. Ən əsası, rəqibə oyundan əvvəl uduzmamalıyıq. Fikrimcə, “Qarabağ” özünü ən yaxşı tərəfdən göstərib, uğur qazanmaq gücündədir”. “Komandamız “Visla” ilə matça tam hazırdır. Ötən oyunlarda olduğu kimi, çalışacağıq ki, səfərdən uğurlu nəticə ilə qayıdaq”. Bu sözləri isə “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib. O, səfərdə qollu heç-heçə sayəsində növbəti mərhələyə adlayacağımızı ehtimal edir: “Evdə azarkeşlərimiz qarşısında gözəl oyun nümayiş etdirib növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bizim üçün səfərdə ən uğurlu nəticə heç-heçə hesab olunmalıdır. Zənnimcə, qollu heç-heçə bizim növbəti mərhələyə çıxmaq şansımızı xeyli asanlaşdıracaq”. “Visla”nın oyunlarını izlədiklərini deyən təcrübəli qolkiper “Qarabağ”ın Polşa klubundan üstün olduğunu bildirib: “Visla”nın son oyunlarının lent yazısına baxmışıq. Sözün açığı, elə də güclü komanda deyil. Biz onlardan qat-qat üstün komandayıq. Ötən il daha adlı-sanlı, daha güclü komandalarla qarşılaşıb mərhələ adlamışıq. Nəyə görə bu il eyni uğuru davam etdirməyək? Bizim üçün normal rəqibdir. Düşünürəm ki, növbəti mərhələyə adlamaq olar”. Vəliyev “Qarabağ”ın Polşa futboluna qarşı olan sindromu məhv edəcəyini inandığını vurğulayıb: “Çox təəssüf ki, indiyədək Polşa futboluna qarşı sindromumuz var. Həm milli komanda, həm də klub səviyyəsində nəticə əldə edə bilmirik. Düzdür, bu il “İnter” “Lex”ı səfərdə məğlub etməklə, bunun öhdəsindən gəldi. Ancaq təəssüf ki, mərhələ adlaya bilmədi. Komandanın hər bir üzvü psixoloji cəhətdən oyuna hazırdır”. “Qarabağ”ın yeni transferi Samir Abasov da inamlı danışıb: “Visla”nın oyunları izləmişik. Düzdür, güclü rəqib olsa da, keçmək mümkündür. Öz meydanında hücum futbolu oynamağı sevirlər”. Ağdam klubunun heyətində Avropa Liqasının seçmə mərhələsində debüt edən təcrübəli yarımmüdafiəçi “Qarabağ”ın əsas heyətinin üzvünə çevrilib. Millimizin də şərəfini qoruyan Abasov oyun öncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib. O, “Visla”nın “Lex”dən daha güclü komanda olduğunu bildirib: “Visla” Polşa futbolunda söz sahibi olan komandalardandır. Məncə, “Visla” “İnter”in rəqibi “Lex”dən daha güclüdür. Səfərdəki oyun çox çətin olacaq. Polşadan yaxşı nəticə ilə dönsək, Bakıda oynayıb mərhələ keçə bilərik. Yəni ilk görüşdən çox şey asılı olacaq”.
Futbolçu ilk matçın səfərdə keçirilməsini “Qarabağ” üçün üstünlük hesab etmir. Hər bir görüşə canlarını qoyduqlarını bildirən 32 yaşlı futbolçu fikirlərini bu cür əsaslandırıb: “Biz elə komandayıq evdə və ya səfərdə fərqi yoxdur, hər bir oyuna can qoyuruq. İlk oyunun səfərdə olmasının bizim üçün üstünlük olduğunu düşünmürəm. Misal üçün, ötən oyunu götürək. Səfərdə qələbə qazandıq. Ancaq evdəki bir balaca boşalma olan kimi qapımızdan qol buraxdıq. Nəticədə meydanı 1:1 hesablı heç-heçə ilə tərk etdik. Səfərdəki oyunun əsas üstünlüyü ondadır ki, əgər yaxşı nəticə ilə vətənə dönsək, bu, cavab qarşılaşması üçün əlavə stimul olacaq. Ancaq bu, oyundur, ya səfərdə oynadıq, ya da evdə. Elə bir fərqi yoxdur. Onsuz da bunu oynamalıyıq”. Qeyd edək ki, Qurban Qurbanovun komandası Krakovda məşhur 5 ulduzlu “Radisson” otelində məskunlaşacaq. “Radisson” dünyada “Hilton” otellər şəbəkəsindən sonra ən bahalı otel hesab olunur. “Qarabağ” burada 4 gün qalacaq. Otelin təklif etdiyi paketdə bir gecənin qiyməti 549 zlot - təxminən 130 manat, iki nəfərlik otaqların qiyməti isə 610 zlotdur (144 manat).
|