|
İş üzrə məhkəmə baxışı avqustun 3-nə təyin edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mahmud Ağalarovun sədrliyi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə qarşısında Şəmkir rayon sakini Elşən Subayət oğlu Kazımov cavab verib.
E.Kazımov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, hadisə 2010-cu il mayın 11-də Şəmkir rayon ərazisində baş verib. Baş Dövlət Yol Polisi alayının 9-cu taqımının müfəttişi, 1969-cu il təvəllüdlü Mehman Məmmədov rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşını nəzarət qaydasında saxlayıb. Aparılan araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan M.Məmmədov sürücünü avtomaşından düşürdüb, sərxoşluq dərəcəsini müəyyən etmək üçün xidməti avtomaşına oturdub. Onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına apararkən Muxtariyyat kəndi ərazisində onlar arasında münaqişə baş verib. Münaqişə zamanı E.Kazımov M.Məmmədovu daşla qətlə yetirərək, xidməti avtomaşında hadisə yerindən qaçıb. İş üzrə məhkəmə baxışı avqustun 3-nə təyin edilib.
|