Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Borcla verilən ehsan ölüyə də xoş getməz, Allaha da»
Vasim Məmmədəliyev: «İnsanlar bilməlidir ki, ölü üçün əsas olan vacibatlar bunlardır: meyidin yuyulması (qüsl), kəfənləmə, meyid namazı və dəfn»

Müsahibimiz dinşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevdir
70 ildə beynimizə yeridiblər ki, Allah yoxdur
-Vasim müəllim, “milli-mənəvi dəyərlər” dedikdə nə başa düşülür?

- Xalqımızın bütün gözəl adət-ənənələri, dinimizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı, yəni insanın bütün ruhi aləmi ilə bağlı dəyərlər milli-mənəvi dəyərlər sayılır. Ən ali mənəvi dəyər isə dindir. Dəyərlərin heç biri dindən yüksəkdə dayana bilməz. Biz 70 ildən artıq sovet sisteminin təsiri altında, ateizm tərbiyəsində böyümüşük. Azərbaycan Sovet İttifaqının tərkində yaşayıb. Sovet İmperiyasının da əsasını Allahsızlıq siyasəti təşkil edib. Burada dinə yer olmayıb və bu 70 ildə beynimizə yeridiblər ki, Allah yoxdur, kommunistin əqidəsi Allaha inanmamaqdır. Belə yanlış fikirlərlə beynimizi doldursalar da, ruhən bu hissləri məhv edə bilməyiblər. Ataların gözəl bir sözü var: “Qadağan olunan meyvə şirin olar”. Azərbaycan xalqı həmişə gizli şəraitdə də olsa dinini, islama xas olan adət-ənənələri, ayinləri qoruyub saxlaya bilib. Özü də həmin dövrlərdə ən çox xalqı arxasınca aparan ziyalılar sıxışdırılırdı. Fəhlə-kəndli ilə işləri yox idi. Heç bir müəllim, həkim, alim, ziyalı açıq şəkildə dinlə məşğul ola bilməzdi. Onu vəzifədən uzaqlaşdırar, hətta partiyadan qovardılar. Çox ziyalılarımız belə əziyyətlərə qatlaşıb. Ancaq bir daha qeyd edirəm, xalqımız həmişə özünə xas adət-ənənələrini qoruyub saxlayıb, mənəviyyatını, mədəniyyətini inkişaf etdirib. Nə qədər sıxışdırılsa belə, yas mərasimləri, dini ayinlər qaydasında keçirilib. İslam dininin bizdən tələb etdiyi vacib mərasimlər bəzən açıq şəkildə, bəzən isə gizli qeyd olunub. Şükürlər olsun ki, Azərbaycan müstəqilliyinə qovuşandan sonra dövlət səviyyəsində milli-mənəvi dəyərlər qiymətləndirilməyə başladı.
1991-ci ildən “Haqqın dərgahı” verilişini aparıram. Düzdür, verilişin adı bəzən dəyişdirilsə də, məqsədi, məramı eyni olub. Artıq 19 ildir, o veriliş davam etdirilir. Həmin vaxtlardan dinə bir qayıdış başlandı. Qəzetlərdə dini məqalələr çap edildi, radio və televiziyada verilişlər açıldı. Ziya Bünyadovla birlikdə “Qurani-Kərim”i tərcümə etdikdə SSRİ hələ dağılmamışdı. Artıq meydan genişlənmişdi, xalqın milli-mənəvi dəyərlərə olan ehtiyacı dövlət səviyyəsində ödənməyə başlanmışdı. Xarici dövlətlərlə sərhədlər açıldı, ədəbiyyat gəldi, ərəb ölkələrindən, İrandan, hətta Avropadan islama dair tədqiqatlar, elmi işlərlə tanış olmaq imkanı əldə etdik.

Artıq iş yaxşılığa doğru gedir

- Bəs bundan sonra cəmiyyətin mənəvi boşluğu aradan qaldırıldımı?

- Təəssüf ki, uzun müddət tamarzı qaldığımız azadlığı əldə etdikdən sonra bəzən özümüzü itirdiyimiz hallar da oldu. Çünki müxtəlif ölkələrin bura ayağı açıldı, müxtəlif məzhəblər, təriqətlər təbliğ olunmağa başladı. Çoxları hələ bilmirdi ki, bunların hansı düzgündür. Azərbaycanın özündə də bir çox təriqətlər olub. Ancaq elələri var ki, bizim təbiətimizə tamamilə ziddir, onları başladılar yaymağa. Yəni müəyyən mənfi çalarlar da meydana çıxdı. Xüsusilə gənclər məzhəblərin qurbanına çevrilirdilər. Hərə öz məzhəbini tərifləyib, düzgün olduğunu bildirirdi. Bütün bu kimi hallar xalqın təcrübəsizliyindən, dini biliklərin zəif olmasından irəli gəlirdi. Ancaq indi şükürlər olsun ki, sular durulur, saflaşma prosesi gedir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandı və sabitləşmə halları başladı. Artıq dövlət səviyyəsində bu məsələlərə ciddi nəzarət var. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsi də çox ciddi fəaliyyət göstərir. Artıq iş yaxşılığa doğru gedir. Mən özümü arxayın hiss edirəm ki, dinimiz artıq düzgün təbliğ olunur, insanlar islamın əsl mahiyyətinə varmağa başlayırlar. Bəzi fanatizm halları istisna olmaqla bütövlükdə İslam düzgün təbliğ olunmağa başlayıb. 
- Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında ağsaqqalların rolunu necə qiymətləndirirsiniz?

- Təbii ki, milli-mənəvi dəyərlərimiz elə ağsaqqallardan başlayır. Azərbaycanlılarda ağsaqqala, ağbirçəyə xüsusi hörmət var. Elmi dildə desək, “ağsaqqallıq institutu” deyilən bir anlayış var ki, bu bizim soylarımızdan gəlir. Mən də buna hörmətlə yanaşıram. Ağsaqqallıq bizim tariximizdən gəlir, qanımızdadır, canımızdadır. Ağsaqqalların hərəkətinə, məsləhətinə, təcrübəsinə inanırlar. İnsanlar ağsaqqallara ümid bəsləyirlər, düşünürlər ki, madam ki, babam-atam, nənəm-anam belə eləyib, deməli, bu yol düzdür. Ağsaqqallığa mən mühüm bir missiya kimi baxıram. Bu çox yaxşı haldır ki, Azərbaycan Ağsaqqallar Şurası kimi nüfuzlu bir təşkilat tanınmış akademikimiz Budaq Budaqovun rəhbərliyi altında fəaliyyət göstərir. Milli-mənəvi dəyərlərlərin təbliğində, onların inkişaf etdirilməsində şuranın çox böyük rolu var. Bu gün respublika daxilində elə əlamətdar hadisə yoxdur ki, Ağsaqqallar Şurası tərəfindən qeyd olunmasın. Bu özü çox təqdirəlayiq bir haldır. Misal var ki, deyərlər ağsaqqalsız yerdə oturma. Respublikada belə bir təşkilatın fəaliyyət göstərməsi milli-mənəvi dəyərlərimizə verilən qiymətdir. Mən özüm də şuranın üzvüyəm. Ağsaqqallardan daha böyük işlər gözləyirik.

Din gənclər arasında geniş yayılıb

-İslam əxlaqı, islam fəlsəfəsi müasir gəncliyə çatırmı?

-Əlbəttə çatır. Din gənclər arasında geniş yayılıb. Onlar dini mütaliyə edirlər, din haqqında anlayışları yüksək səviyyədə olan gənclərimiz var. Yuxarıda qeyd etdiyim kimi, 70 il sovet imperiyasının Allahsızlıq ideologiyası bir çox ağsaqqallarımızın dini savadının olmamasına səbəb olub. Amma elə gənclərimiz var ki, bəzi ağsaqqalların dinə qayıtmasına səy göstərir və buna nail olur. Quranda da var ata-anan sənə nə desə razılaş, küfrdən başqa. Əlbəttə, valideyn övladını pis yola çəkməz, bilməməzliyindən edər. Mən ancaq bu halda valideynlərin sözünə baxmamağı qəbul edirəm. Bəzən ağsaqqallar gəncləri başa düşmür, müasirliyi qəbul etmir, öz dediklərini düz oldu-olmadı yeridirlər. Ancaq doğru yolu tutmaq lazımdır.  
-Sizcə, dini cəhətdən savadlı olmaq vacibdirmi, təhsil sisteminə dinə aid dərslər əlavə edilməlidirmi?

-Vacibdir, hər bir müsəlmanın İslam dini haqqında geniş məlumatı olmalıdır. Ümummilli lider Heydər Əliyev 1994-cü ildə gənclərin II Forumunda etdiyi çıxışda bu məsələyə toxundu və təhsildə din haqqında bilgilər verilməyə başladı. Səhv etmirəmsə, III sinifdə “Həyat bilgisi” deyilən dərs keçilir və uşaqlara islam dini və peyğəmbərimiz haqqında ilkin məlumatlar verilir. Tamamilə olmasa da, nisbətən dini biliklər çatdırılır, proqram kimi əhatə olunmasa da, tədris olunur. İndi hazırlıq gedir, dini dərsliklər hazırlanır. Dinimizi aşağı siniflərdən aşılasaq, daha yaxşı olar. Uşaqların beyninin təmiz vaxtı din haqqında düzgün təbliğatlandırsaq, dini bilik və savad verə bilsək, xarici təsir altına düşməzlər. Hazırda zərərli dini təriqətlər, məzhəblər əsasən gənclərə daha tez təsir edir. Çünki onların beyni saf olur. 

Daxili hicab

- Hazırda hicab problemi yaşanır. Zorla hicablanmaq və yaxud hicabı açdırmaq olarmı?

- Bu könüllü olmalıdır. Dinimiz zorakılığın əleyhinədir. Quranda buyrulur ki, dində məcburiyyət yoxdur. Bu məsələdə məcburiyyət ola bilməz. İnanın ki, bundan çox danışılır deyə qabardılır. Bu gün demək olmaz ki, kimsə hicab taxırsa, müqəddəsdir, mələkdir, ya da kimsə örtünmürsə pis adamdır. Elə şey yoxdur. Hamıda çatışmayan cəhətlər var. İstəyən örtsün, istəməyən örtməsin. Niyə onu məcbur etməliyik? Məsələyə bu cür yanaşılsa, bu qədər mübahisə də olmaz. İnsanlar qadağan olunan şeyi daha çox mübahisə obyektinə çevirməyi xoşlayırlar. Bunlar mənəvi təmizlik, mənəvi ehtiyacdan irəli gəlməlidir. Bir də daxili hicab var axı. İnsanın daxili, ürəyi, mənəviyyatı təmiz olmalıdır. Yəni zahiri hicabın daxilində bir də mənəvi hicab olmalı, insanı pis əməllərdən çəkindirməlidir. Elə məhz həmin mənəvi hicab insanda güclü olmalıdır. Təki hicablananların daxili ilə batili uyğun gəlsin, eyni səviyyədə olsun.  İslam bunu tələb edir. Yoxsa hicabın altında nə istəsəm edə bilərəm, Həccə gedib, namaz qılıb pis əməllərə sahib ola bilərəm, bu, dinə, insanlığa xəyanətdir. 

Bahalı başdaşlarının heç bir əhəmiyyəti yoxdur

- Bu gün milli-mənəvi dəyərlərimizin bir hissəsi sayılan xeyir-şər məclislərində baş verənlər hamını narahat edir. Sizcə, bu ifratçılıqdır, yoxsa israfçılıq?

-Elə israfın içində ifrat da gedir. Bunlar eyni anlayışdır. İfratçılıq nəyisə həddindən artıq şişirtməkdir. Bir var, nəyisə normada eləmək, bir də var əndazəni aşmaq. “Qurani-Kərim”də də buyrulur: “Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz”. Bu haqda xüsusi ayə var. Sovet dövründə təfrit idi, yəni hər hansı bir şeyi həddindən artıq azaldırdılar. Bu gün isə hər şeyi həddindən artıq şişirdirik. Nə o lazımdı, nə də bu. Hər şey mötədilliyi sevir, hər şey öz ölçüsündə, necə deyərlər, öz əndazəsində gözəldir. İfrat hər şeyin gözəlliyini itirir, çətinləşdirir. İfratçılıq təkcə dində deyil, xeyir-şər mərasimlərində, həyat tərzimizdə də özünü kəskin göstərir. Məsələn, toylarda nə qədər artıq israfçılıq var. Allahın bizə verdiyi ruzu tökülüb qalır, xarab olur. Hansı ki, məclisin yiyəsi çox böyük müsibətlə onları başa gətirir, illərlə borca düşənlər olur. Kimə lazımdır, bu dəbdəbə? Yaxud yas mərasimlərini götürək. Adam var, ailəsini zorla dolandıırır, amma qırx gün yas məclisi verir, hər cümə axşamları süfrə açır. Düzdür, bu, artıq xalqımızın adəti kimi formalaşıb, ancaq çox lazımsız adətdir. Peyğəmbərin əmisi Həmzə rəhmətə gedəndə buyurdu ki, 3 gün kimin evində yeməyi var, götürüb gəlsin, Həmzənin ailəsi də yesin, özləri də, üç gündən sonra cihada gedəcəyik. Yəni Peyğəmbər də buyurub ki, üç gün ərzində yas saxlamaq olar. İnsana hörmət etmək lazımdır, axı ölən insan atamızdır, anamızdır, bacımızdır, yaxınımızdır, canımızdır. Əlbəttə, insan öz əzizinin ölümünə acımalıdır. İnsan ölümünü qeyd etmək olar, amma əndazəsində. Bəzən məclislərə girəndə mollanı görməsən elə bilərsən ki, toya gəlmisən. Yas məclisində bəzən araqdan başqa hər nemət olur. Belə olmaz. Axı imkanlı adamlar azdır, onlar bu dəmdəsgahı edə bilirlər. Başqasının isə buna gücü çatmır. İmkansizlar da sıxılır, əzizlərinə yaxşı yas verə bilmədiyi üçün əziyyət çəkir, məcburən borca düşür. Yaxud bahalı başdaşlarının ucaldılmasının heç bir əhəmiyyəti yoxdur. Qəbirstanlıqlar muzeyi xatırladır. Hərə bir abidə ucaldıb, sərdabə tikdirib. Hansı ki, peyğəmbərimizin qəbri çox sadə olub. Müsəlmanın qəbri sadə olmalıdır.

Quran insan ruhuna ən böyük təsəllidir

- Bu məsələnin həllinə bir din xadimi kimi real münasibətiniz necədir? Nə etməliyik ki, israfçılığın qarşısını alaq? Sizcə, dövlətin müdaxiləsi vacibdirmi?

- Məncə, bu məsələdə varlılar qabağa düşməlidirlər. Çünki varlı artıq elədikcə, kasıb utanacaq və el qınağına tuş gəlməmək üçün borca düşüb onunla ayaqlaşmaq istəyəcək. Borcla verilən məclis ölüyə də xoş getməz, Allaha da. İnsanın başına müsibət gəlir, əzizini itirir, üstəlik borc edib onun üçün ehsan da verir. İnsan ölsə də, ruhu qalır, əzizlərinin əziyyət çəkməsi ona xoş olmur. İnsanlar bilməlidir ki, ölü üçün əsas olan vacibatlar bunlardır: meyidin yuyulması (qüsl), kəfənləmə, meyid namazı və dəfn. Başqa işlər müstəhhəbdir. Yəni istəyən edər, imkanı olmayan etməz. Ölüyə dəbdəbəli yas verməkdənsə, ölünün ruhuna Qurandan dualar oxutdurmaq lazımdır. Quran insan ruhuna ən böyük təsəllidir. Bəzi adamlar deyirlər ki, oxunan Quran ayələri, surələri kimə lazımdır? Ancaq düz demirlər, Quran ölən insanın ruhu üçün önəmlidir.
Cəmiyyətin öndə gedən simaları şəxsi nümunə göstərməlidirlər. Məsələn, şeyx həzrətləri Allahşükür Paşazadə bu məsələdə xalqa nümunə göstərib. Hələ bir neçə illər öncə valideynlərinin yasını ancaq 3 və 40 məclisi ilə bitirib, ən sadə qəbir daşları qoydurub. Mən özüm, eləcə də digər tanınmış din xadimlərimiz bu məsələdə örnək olmağa çalışmışıq. Mənim yaşadığım bölgədə 40 gün qəbir üstünə getmək adəti var idi. İlk dəfə olaraq atam bu adətə qarşı çıxdı və qəbir üstünə ancaq cümə axşamları getməyi təlqin etdi. Bu gün ərəb ölkələrində, İranda xüsusilə varlılar məscidlərdə ehsan paylayırlar. Çünki varlının məclisinə varlı gəlir və ehsan yeyilmir. Məscidlərdə isə həmin ərazinin kasıb insanlarına ehsan paylanır. Bir kasıbın qarnını doyurmaq, bir yetimə çörək vermək isə dinimizdə böyük savabdır. Mənim fikrimcə, bizdə də bu formanı xalqa yeritmək lazımdır. Doğrudur, artıq bizdə də yas mərasimlərinin məsciddə keçirilməsinə başlanılıb, ancaq bunu kütləviləşdirmək lazımdır. Məsciddə ehsan sadə verilir, islam qayda-qanunları gözlənilir. Bəzən ehsan yiyəsi artıq şeylər istəyir, ancaq yenə deyirəm, israfçılıq olmur, kasıblara paylanır.
Məncə, bu məsələyə dövlət müdaxilə edə bilməz, necə qadağa qoya bilər axı? Dövlət kiməsə valideyni üçün ehsan verdiyinə görə cərimə tətbiq edə bilməz. Bu mənəviyyatla bağlı məsələdir. Əsas din xadimlərinin üzərinə böyük vəzifə düşür. Təbliğat gücləndirilməli, qəzetlərdə, telekanallarda maarifləndirmə işləri aparılmalıdır. Dəfələrlə “Haqqın dərgahı” verilişində peyğəmbərin və onun yaxınlarının həyatından, risalələrdən misallar çəkərək insanlara başa salmışıq ki, israfçılığa yol verməsinlər. İnsanların şüurunda çevriliş etmək lazımdır. Mən sağlam təbliğatın tərəfdarıyam. Demokratik dövlət kimi bu məsələnin həllində ziyalılarımız, Qafqaz Müsəlmanları İdarəsi, ağsaqqallar öndə getməlidirlər. Təbii ki, insanlara təbliğat birdən-birə təsir etmir, zamana ehtiyacımız var. Yəqin ki, vaxt gələr, hər şey qaydasına düşər. Bu məsələnin ictimaiyyətin diqqətinə çatdırılmasında Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi layihəni müsbət qiymətləndirirəm. Layihə çərçivəsində görülən işlər insanların bu sahədə daha da maariflənməsinə gətirib çıxaracaq.

Bu məsələyə ağsaqqalların müdaxiləsi vacibdir

-Ağsaqqallar Şurasının həyata keçirdiyi layihə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə qalib olub və maliyyə dəstəyi alıb. Ancaq bəzi qrant ala bilməyən QHT-lər şuranın layihəsini tənqid atəşinə tutdular və “bu gün Qarabağ problemi olan ölkədə ağsaqqallar milli-mənəvi dəyərlərdən, israfçılıqdan danışırlar” deyə irad tutdular. Sizcə, onlar haqlıdılar, yoxsa qərəzli mövqe tuturlar?

- Səhv edirlər. Bu məsələdə ağsaqqallar öndə getməyib, gənclər gedəcək? Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qarantıdır. Rəhmətlik Heydər Əliyev də deyib ki, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qoruyucusu, daşıyıcısı və nəsillərdən-nəsillərə ötürücüsüdür. Milli-mənəvi dəyərlərimizin ən başında xeyir-şər adətləri durur. Hazırda xeyir-şər məclislərimizdə baş verənlər hamını narahat edir. Xüsusilə də ağsaqqalları. Və bu məsələyə ağsaqqalların müdaxiləsi vacibdir. Elə milli-mənəvi dəyərlərimizin qorunması Qarabağ məsələsinin həllində bizə çox kömək edə bilər. Mənəvi saflıq, mənəvi təmizlk insanlarda vətənə sevgi hisslərini də artırır. Dinimizin ən böyük şüarlarından biri budur ki, Vətəni sevmək imandandır. Ağsaqqallar Şurası da milli-mənəvi dəyərlərimizi qorumağa, vətəni sevməyə  çağırır. Əsl dindar adam vətəni sevməlidir, əsl dindar adam vətənin müdafiəsi uğrunda hər cür fədakarlığa hazır olan adam deməkdir. İslam dininə inanan hər bir adamın ürəyində vətən sevgisi olmalıdır. Bu gün hamımızın ürəyində Qarabağın azad edilməsi məsələsidir ki, burada da iman və əqidə öndə dayanır. Vətənin azadlığı imanımızın əsas atributlarındandır.


Nərgiz Əhmədqızı
+  -  Çap 
Yerləşdirilib: 28.07.10 | Baxılıb: 230

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •