Siyavuş Novruzov: «Yeni Azərbaycan Partiyasının namizədlərinin müəyyənləşməsində seçicilərin rəyi əsas rol oynayacaq»
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun hakim partiyanın saytına müsahibəsini ixtisarla təqdim edirik.
- Siyavuş müəllim, artıq parlament seçkiləri yaxınlaşmaqdadır. Bu baxımdan hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, hər bir seçki dövründə siyasi fəallıq xeyli artır. Siyasi partiyalar, eləcə də, müəyyən təşkilatlar, ayrı-ayrı fərdlər seçkilərdə iştirak etmək məqsədini ortaya qoyaraq bu kampaniyada aktiv iştirak edirlər. Həmçinin, seçki ərəfəsində kütləvi informasiya vasitələri də kifayət qədər cəmiyyətin həyatında mühüm rol oynayırlar. Demokratik dövlət olaraq Azərbaycanda seçki prosesində qeyd etdiyim məqamlar özünü ciddi şəkildə göstərməkdədir. Onu da deyim ki, hazırda ölkəmizdə normal ictimai-siyasi mühit hökm sürür və qarşıdan gələn parlmant seçkilərinin azad və şəffaf keçirilməsi dövlətimiz tərəfindən bütün imkanlar yaradılıb. Qeyd etmək lazımdır ki, azad və demokratik seçkilər keçirmək üçün ölkəmizdə yüksək qanunvericilik bazası mövcuddur. Hər bir siyasi partiya, eləcə də, qanun çərçivəsində seçkilərdə iştirak etmək hüququ olan şəxslər, təşkilatlar parlament seçkilərində iştirak edə bilərlər. Mövcud Seçki Məcəlləsi seçkidə iştirak edən tərəflərin hamısına bərabər imkanlar yaradır. Məhz sağlam rəqabət şəraitində tərəflər seçkilərdə mübarizə apara və seçicilərin etimadını qazana bilərlər.
Onu da qeyd edim ki, seçkiləri həyata keçirən orqan kimi seçki komissiyalarının işi də xeyli təkmilləşib. Bilirsiniz ki, bugünlərdə Mərkəzi Seçki Komissiyasının yüksək standartlara, tələblərə cavab verən yeni binası istifadəyə verildi. Bundan əlavə, dairə seçki komissyalarının hamısı üçün yeni binalar tikilib istifadəyə verilib və ya onların binaları əsaslı təmir olunub. Yəni dairə seçki komissiyaları seçkilərin normal şəkildə keçirilməsi üçün bütün lazımi maddi – texniki bazaya malikdirlər.
- Bildiyimiz kimi xeyli müddətdir ki, Yeni Azərbaycan Partiyası seçkilərə hazırlıq işlərinə başlayıb. İstərdik ki, partiyamızın seçki hazırlığının indiki mərhələsi haqqında məlumat verəsiniz. Hazırda hansı istiqamətlər üzrə tədbirlər həyata keçirilir?
- Qeyd etdiyiniz kimi partiyamız artıq seçkilərə hazırlıq işlərinə başlayıb. Digər partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyası ABŞ-ın və digər qərb dövlətlərinin seçki texnologiyalarından geniş istifadə edir. Bu baxımdan da, biz seçkiyə rəsmi start veriləndən deyil, ondan xeyli əvvəl başlayırıq. Seçki prosesi əsasən bir neçə mərhələyə bölünür. Birinci mərhələ seçkilərin elan olunana qədər dövrü, ikinci mərhələ seçkilər elan olunduqdan səsvermə gününə qədər olan dövr və üçüncü mərhələ isə səsvermə günü və ondan sonrakı dövrü əhatə edir. Ümumiyyətlə, partiyamızın seçki proqramı İdarə Heyətində təsdiq olunub. Həmin seçki proqramında seçki dövründə atılacaq addımların bütün detalları tam əks olunub. Yəni biz hansı gün hansı işlərlə məşğul olacağımızı müəyyənləşdirmişik. Bilirsiniz ki, bir neçə ay öncə YAP tərəfindən şəhər və rayon təşkilatlarında çalışan işçilərin attestasiyası keçirildi və onun nəticələri təhlil olunaraq müvafiq addımlar atıldı. Daha sonra isə bütün rayon və şəhər təşkilatlarında ilk ərazi partiya təşkilatlarının sədrlərinin yığıncaqları keçirildi. Xatırlatmaq istəyirəm ki, ilk təşkilatlar fəaliyyət göstərdiyi yerlərdə seçki məntəqələri mövcuddur. Məhz ilk təşkilat sədrlərinin yığıncaqlarında həmin ərazilərdə olan problemlərin öyrənilməsi, ərazilər üzrə hazırki deputatın insanlarla münasibəti, təmsilçiliyi, namizədlərin xarakterik keyfiyyətləri və digər məsələlər müzakirə olunub.
Hazırda isə yerlərdə YAP-ın seçki qərargahlarının yaradılması və qərargah üzvlərinin müəyyənləşdirilməsi prosesi gedir. Təbii ki, yerli təşkilatlarda təcrübəli, fəal işçilərimiz var, onlar əvvəlki seçki kampaniyalarında da fəal iştirak ediblər. Həmçinin, gənclərdən, digər partiya fəallarından ibarət yerli təbliğat qruplarının yaradılması və s. işlər üzrə tədbirlər həyata keçirilir. Bununla yanaşı, qərargahların texniki təchizatına baxış keçirilir. Bizim qərargahlar maddi-texniki hazırlıq baxımından da tam seçki vəziyyətindədirlər.
YAP bu işləri yekunlaşdırdıqdan sonra sentyabrın əvvəllərinə qədər partiyanın rayon və şəhər təşkilatları sədrlərinin növbəti ümumrespublika müşavirəsini keçirib qarşıda duran vəzifləri müəyyənləşdirəcək. Bu mərhələdə partiyanın, namizədlərin səlahiyyətli nümayəndələri müəyyənləşəcək. Hazırda namizədlərlə bağlı tədqiqat işləri davam edir. Sentyabrın əvvəlində bu tədqiqat başa çatacaq. Artıq seçkiyə start veriləndə bizim bu sahədə bütün işlərimiz hazır olacaq. Bir neçə gün ərzində namizədlərimizi irəli sürüb onlar üçün imzatoplama prosesini həyata keçirəcəyik. Namizədələrə imza toplayanlar üçün treninqlərimiz olacaq. Treninqlərə avqustun 15-dən etibarən başlanması nəzərdə tutulur və bu tədbir təxminən 10 gün ərzində keçiriləcək. Həmçinin seçki qərargahlarında çalışanlar üçün treninqlər olacaq. Növbəti mərhələdə isə müşahidəçilərin hüquq və vəzifələri il bağlı tədbirlər olacaq.
Bəli, YAP-ın digər partiyalardan fərqi bundan ibarətdir ki, biz işimizə məsuliyyətlə yanaşır, seçkilərdə qalib gəlmək üçün bütün zəruri addımları indidən atırıq. Digər partiyalar isə hələ seçkidə iştirak edib etməyəcəklərini müəyyənləşdirə bilməyiblər. Onlar seçkilərə blok şəklində getmələrini müzakirə edirlər, əvvəlki blokları isə tamamilə dağılıb.
- YAP-ın parlament seçkilərində namizəd irəli sürməsi ilə bağlı bəzi mətbuat orqanları tərəfindən bir sıra məlumatlar yayılır. İddia olunur ki, guya namizədlərin irəli sürülməsində ciddi fikir ayrılıqları mövcuddur, partiyadaxili mübarizə gedir və s. Belə məlumatlara münasibətiniz necədir?
- Namizədlərin müəyyənləşdirilməsində partiyamız üçün heç bir problem yoxdur. YAP demokratik partiyadır, həm də nizam-intizam məsələləri çox güclüdür. Heç bir qüvvə YAP-ın işinə qarışa bilməz. Çünki partiyamızın Sədri cənab İlham Əliyevdir və bütün məsələlər Sədrimizin nəzarətindədir. Ona görə də, hər hansı problem, mübarizə ilə bağlı deyilənlər və digər iddialar tam əsassızdır. Belə məlumatları yayanlar ictimaiyyəti aldatmağa çalışırlar.
Qeyd etmək istəyirəm ki, hər bir namizəd haqqında məlumatlar toplanılır, bir neçə parametrlər əsasında araşdırmalar gedir. İlk növbədə, hazırki deputatlarımızın fəaliyyəti nəzərdən keçirilir və bunun nəticəsində onların namizədliyi ilə bağlı qərar veriləcək. Bəzi deputatlar var ki, 4 il yarım ərzində elə bir fəaliyyət göstərməyib, amma indi mətbuata çıxır. Bu müddətdə nə seçici ilə görüşməyib, nə də qanunvericilik fəaliyəti ilə ciddi məşğul olmayıb. Amma belə olmamalıdır. Parlamentin 5 illik müddətində deputat üçün fəaliyyət istiqaməti müəyyənləşməlidir. Belə ki, seçicilərin ona münasibəti, partiya münasibəti əksini tapmalıdır. Deputatın partiya həyatında fəaliyyəti, eləcə də, beynəlxalq təşkilatlarda iştirakı, qanunvericilik fəaliyyəti haqqında araşdırmalar aparılır. Araşdırmalar başa çatandan sonra hər bir dairə üzrə nəzərdə tutulan namizədlər haqqında partiyamızın Sədrinə məlumat veriləcək. Partiymızın Sədri mövqeyini bildirdikdən sonra partiyanın rəhbər orqanında hansı dairə üzrə kimin namizəd irəli sürülməsi ilə bağlı qərar veriləcək.
YAP-ın bir mövqeyi var ki, partiya tərəfindən rəsmi şəkildə namizədliyi irəli sürülənlərdən başqa digərləri partiyamızın üzvü kimi namizədliyini irəli sürə bilməz. Yəni onlar bizim rəsmi qaydada irəli sürdüyümüz namizədə nativ ola bilməz. Həmin şəxslərlə bağlı konkret qərarımızı verəcəyik. Qərar ondan ibarətdir ki, həmin şəxs partiyamızın üzvü ola bilməz və partiya tərəfindən seçki prosesində hər hansı dəstək qazana bilməz. Onu da qeyd edim ki, namizədlərin müəyyənləşməsində seçicilərin rəyi də əsas rol oynayacaq.
- YAP bu parlament seçkilərində Milli Məclisdə mövcud olan deputatlarının sayının artırılmasını da düşünürmü?
- YAP hazırda parlamentdə 64 millət vəkili ilə təmsil olunur. Buna baxmayaraq, partiyamız bütün dairələrdən öz namizədlərini irəli sürməyi planlaşdırır. Ötən seçkilərin təcrübəsi göstərir ki, hər seçkidən – seçkiyə YAP-ın qalib gələn namizədlərinin sayı daha da artır. İnanırıq ki, bu seçkilərdə daha çox namizədimiz qalib gələcək.
- Siyavuş müəllim, seçki ərəfəsində partiyanın yerli təşkilatlarının qərargahlarının texniki vəziyyətinin yoxlanıldığını qeyd etdiniz. Son bir neçə il ərzində rayon təşkilatları üçün yeni inzibati bina tikilib istifadəyə verildi. Bu istiqamətdə hazırda hansı işlər görülür?
- YAP-ın 20-dən artıq rayon və şəhər təşkilatları üçün yeni bina tikilib istifadəyə verilib. Bir neçə rayonda hazırda tikinti işləri davam edir.
Bəzilərində isə yeni binaların tikintisini planlaşdırırıq. Bununla yanaşı, bəzi yerli təşkilatlar üçün icarəyə götürülmüş binaları artıq özəlləşdirmişik və bu binalar partiyanın balansına keçib. Əksəriyyət yerli təşkilatlarımız nəqliyyat vasitələri ilə təmin olunub. Çox az sayda təşkilatlarımız var ki, hələ də nəqliyyat vasitəsilə təmin olunmayıb, ya da köhnə nəqliyyatdan istifadə edirlər, onların da yeni nəqliyyat vasitələrilə təmin olunması istiqamətində iş aparılır.
- Siyavuş müəllim, bugünlərdə partiyanın bir neçə rayon təşkilatında hesabat-seçki konfransları keçirildi. Bu, nə ilə əlaqədar idi və daha hansısa təşkilatda konfransların keçirilməsi planlaşdırılırmı?
- Partiyamızın Nəzarət Təftiş Komissiyasının apardığı araşdırmalarla bağlı İdarə Heyətinə təqdim etdiyi sənədlərin nəticəsi olaraq bir neçə rayon təşkilat sədrinin tutduğu vəzifəyə uyğun fəaliyyət göstərməməsi, partiya Nizamnaməsini pozması səbəbindən, bəzi təşkilat sədrləri səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub. Bir rayon təşkilatının sədri isə rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğu üçün partiya rayon təşkilatının sədri vəzifəsindən azad olunub. Artıq partiyanın Şuşa, Tovuz və Bərdə rayon təşkilatlarında konfrans keçirilib və rayon təşkilatına yeni sədr seçilib. Goranboy, Ağdam və Göygöl rayon təşkilatlarında isə konfransa hazırlıq işləri gedir. Avqust ayına qədər bu rayonlarda da konfrans keçirməyi planlaşdırırıq ki, seçkiyə qədər bu tip təşkilati məsələlər həllini tapmış olsun.
- İstərdik ki, seçkilərə bir neçə ay qalmış YAP-ın opponentlərinin mövcud durumu, müxalifətdaxili proseslər haqqında da fikirlərinizi öyrənək. Bilirsiniz ki, bu yaxınlarda AXCP və Müsavat partiyalarının birləşmək ideyası irəli sürülüb. Onlar parlament seçkilərində birgə iştirak etmək istəyirlər. Sizcə, bu birlik həmin partiyaların seçkilərdə şanslarını artıra bilərmi?
- Bu cür ucuz birlik şouları seçkilərin nəticəsinə heç bir təsir göstərməyəcək. Bunun müxtəlif səbəbləri var. Birincisi, Müsavatla AXCP-nin elektoratı eynidir. Burada yeni elektoratın cəlb olunmasından söhbət gedə bilməz. Bilirsiniz ki, son dövrlər müxalifət daxilində çox ciddi parçalanmalar, bu düşərgədən qopmalar yaşandı. Bu proses AXCP – də xüsusilə diqqət çəkdi. Təkcə AXCP-də təmsil olunan şəxslər tərəfindən 4-5 partiya yaranıbdır. Bəziləri siyasətdən uzaqlaşdılar, bəziləri digər partiyalara qoşuldular. Bu gün AXCP sıralarında bir – iki nəfərdən başqa, üçüncü adamın adını heç kim çəkə bilməz. Birliyə qoşulan digər partiya olan Müsavat isə bu günə qədər bütün seçkilərdə məğlub olub. Bunun nəticəsində də ciddi parçalanmalara məruz qalıb. Orada da hazırda ancaq qəzet səhifələrində görünən bir neçə adamdan və onların qohumlarından başqa heç kəs qalmayıb. Başqa bir məqama diqqət yetirək. Heç kəsə sirr deyil ki, partiyaların əsasını ərazi ilk partiya təşkilatları təşkil edir. Ondan sonra rayon və şəhər təşkilatları, nəhayət mərkəzi struktur təşkil edir. Əgər, aşağı strukturlarda bir boşluq varsa, onların fəaliyyəti zəifdirsə və ya ümumiyyətlə yoxdursa, onda mərkəzi aparatın fəaliyyəti heç vaxt effektli ola bilməz. Adlarını çəkdiyimiz partiyaların yerli strukturları yoxdur. Mərkəzi strukturda fəaliyyət göstərənlər isə yalnız qəzet səhifələrində görünür. Elektoratdan isə ümumiyyətlə, söhbət gedə bilməz. Ona görə də, bu birlik sadəcə simvolik xarakter daşıyır və ölkə daxilində deyil, xaricdə olan müəyyən qüvvələrin diqqətinin cəlb olunması kimi, xaricdən verilən sifarişin yerinə yetirməsi kimi qiymətləndirilə bilər və hər hansı perspektivə xidmət etmir.