|
Hadisə ailə-məişət zəminində törədilib
Gəncə şəhərində qətl hadisəsi baş verib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iyulun 25-də Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Cəfərova Aysel Fəxrəddin qızı, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cəfərov Ramil Əli oğlu tərəfindən Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında öldürülməsi barədə Gəncə şəhər Polis İdarəsindən şəhər prokurorluğuna məlumat daxil olub. Məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto və video çəkilişlər aparılmaqla baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı R.Cəfərov iyulun 25-də saat 16.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında arvadını qəsdən öldürmək məqsədi ilə sol əli ilə boğaraq həyatdan məhrum edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, A.Cəfərovanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Cinayəti törətməkdə şübhəli bilinən R.Cəfərov saxlanılıb və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.
|