Polşalılar Əfran İsmayılovu çox maraqlı və təhlükəli futbolçu sayırlar
“Visla” ilə qarşıdakı səfər oyununa xüsusi hazırlığımız yoxdur. Əvvəlki görüşlərə necə hazırlaşmışdıqsa, bu dəfə də elə. Sadəcə, oyunumuzda dəyişiklik olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib. Avroliqanın III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə iyulun 29-da çətin qarşılaşmaya çıxacaq ağdamlıların təcrübəli futbolçusu dəyişikliyi hazırlıq yox, oyun planında görür: “Bu, ilk növbədə taktika üzərində olacaq. Məşqlərdə bunun üzərində çalışırıq. Səfərdə fərqli taktiki sistemlə oynamağımız mümkündür. Heyətlə bağlı dəyişikliklər barədə bir söz deyə bilmərəm. Buna baş məşqçimiz qərar verəcək”.
Futbolçu Krakovdakı matçda nəticə haqda indidən çox baş sındırmaq istəmir: “İstəmirəm ki, beynimdə nəticə haqda çox fikirlər olsun. Səfərdə güclü rəqiblə oynayacağıq. Matçın startından çox şey asılı olacaq. Çalışmalıyıq ki, oyuna yaxşı başlayaq, tempə tez düşək. Biz həmişə ilk növbədə Allaha ümid etmişik. İstəyirik ki, Allahın köməyi ilə hər şey bizim üçün yaxşı olsun. “Visla” ilə səfərdə heç-heçə əla olardı. Məncə, minimal fərqli məğlubiyyət də pis deyil. İstənilən halda biz qələbəyə oynayacağıq. Hansı nəticənin alınacağını isə oyun göstərəcək”.
İndiyə kimi polşalılarla həm yığma, həm də klub səviyyəsində oyunlarımız bizim üçün uğursuzluqla nəticələnib. Elə millimizin kapitanı olan Sadıqov da Polşa yığması ilə rəsmi görüşlərdə iştirak edib. Bütün bunlar isə Polşa sindromu haqda söhbətlərə əsas verir: “Biz güclü rəqiblərlə oyunlarda həmişə uduzmuşuq. Sadəcə, qismət olub ki, polşalılarla daha çox görüşdüyümüzdən, həmin məğlubiyyətlər daha çox yadımızda qalıb. Polşa Avropada ən güclü olmasa da, orta səviyyəli futbol ölkələrindən biridir. Ən əsası, onlar xarakterə malikdir. Polşalılar heç vaxt zəif rəqiblərə yuxarıdan aşağı baxmır, onları oyunda həmişə təzyiq altında saxlayır, görüşə ciddi yanaşır. Onlar özündən zəiflərlə istər klub, istərsə də yığma səviyyəsində görüşdə nəticə qazanır, mərhələ adlayır. Mən polşalıların zəif rəqiblə oyunda büdrədiyini görməmişəm”.
“Qarabağ” klubunun yeni transferi Andrey Rubin də “Visla” ilə oyundan danışıb. Transferində problem yarandığı üçün “Qarabağ”a Avroliqada əvvəlki mərhələlərində kömək edə bilməyən Rubin III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə oyunlara sifariş olunub: “Visla” ilə ağır oyuna ciddi hazırlaşırıq. Bilirik ki, çox çətin olacaq. Güclü rəqiblə görüşə yaxşı köklənməliyik. Nəticə haqda nəsə deyə bilmərəm”.
Mövsüm bitəndən sonra oyun praktikasından əziyyət çəkən Andrey zədə problemi ilə də üzləşdi. Bu isə onun iyulun 29-da “Visla” ilə səfər görüşündə əsas heyətdə meydana çıxmaq şansını azaldır: “Meydana çıxıb, yeni komandama kömək etmək istəyim çoxdur. Ümid edirəm ki, yüz faiz hazır olacağam. Hər halda buna baş məşqçimiz Qurban Qurbanov dəqiq qərar verə bilər. Nə dərəcədə olduğum kənardan daha yaxşı görünər”.
Rubin nəinki “Visla”nı, son təsnifat mərhələsindəki rəqibi də keçib, Avroliqanın qrup mərhələlərinə düşmələri perspektivinə də toxunub: “Əlbəttə, buna nail olmağımız realdır. Biz bunu gerçəkləşdirməyə çalışacağıq. Ümumiyyətlə, mən hər oyuna çıxanda yalnız qələbəni düşünürəm. Fikirləşmirəm ki, bu gün uduza bilərik”.
Rəqib də qarşıdakı oyundan danışıb. “Ağdamın “Qarabağ” klubu ötən mərhələdə qalib gəldiyimiz Litva təmsilçisi “Şaulyay”la müqayisədə xeyli güclüdür. Məlumdur ki, azərbaycanlılar texnikalı, baxımlı futbol nümayiş etdirirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Visla” klubunun məşqçisi Andrey Bahr deyib.
Avropa Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Krakov təmsilçisinin nümayəndəsi iyulun 22-də Bakıda olub. O, “Qarabağ”ın II təsnifat mərhələsinin Şimali İrlandiyanın “Portadaun” klubu ilə cavab oyununu canlı izləyib: “Mənim izlədiyim matçda da şimali irlandiyalılar əvvəldən axıradək müdafiə olunurdular. Onlar sanki öz qapılarından 16 metr uzaqlaşmamaq tapşırığı almışdılar. Qarşılaşmanın 1:1 hesabı ilə nəticələnməsi aldadıcı ola bilər. Azərbaycanlılar aşkar üstünlüyə malik idi. Hesabı qonaqlar açsa da, ağdamlılar 5-6 qol vurmağa borclu idi. Lakin öz günahları üzündən heç-heçə ilə kifayətləndilər”.
Bahr “Qarabağ”ın hücumda oynamasından və komandanın bombardiri Əfran İsmayılovdan çəkinir: “Qarabağ” hücum futbolu oynayır. “Portadaun”la görüşün 70-80 faizini topa onlar nəzarət etdilər. Bu, təkcə qonaqların müdafiə taktikası ilə bağlı deyil. Sadəcə olaraq, “Qarabağ” hücum etməyi sevir, böyük qüvvə ilə ön xətdə oynayıb, texnikalı futbol göstərməyi sevir. Bu onların əsas üstünlüyüdür. Əlbəttə ki, Əfran İsmayılovun indiki forması da diqqət çəkir. 22 yaşlı yarımmüdafiəçi çox maraqlı və təhlükəli futbolçudur”.
Polşalı mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun dolu olacağını da dərk edir: “Cavab oyununda stadionun dolu olacağını bilirik. Bizi rəqibin güclü dəstəklənməyi gözləyir. Belə ab-hava lap Argentinanın futbol meydanlarını xatırladır”.
“Fikrimcə, “Visla” daha şanslıdır. 65 faiz Polşa təmsilçisinin, 35 faiz isə Azərbaycan komandasının lehinə səs verərəm”. Bu sözləri isə son 1 il yarımda “Qəbələ” klubunun şərəfini qoruyan Tomaş Stolpa deyib. Stolpa həmyerlilərinin mərhələ adlayacağı qənaətindədir. “Qəbələ”nin sabiq futbolçusunun sözlərinə görə, Krakov klubu ağdamlılarla oyunda çox əziyyət çəkməyəcək: “Visla”nın Azərbaycan klubunu keçəcəyinə inanıram. Mən deyərdim ki, onlar “Qarabağ”dan kifayət qədər güclüdürlər. Bunun üçün polşalıların düzgün taktikası hər şeyi həll edəcək”.
Qeyd edək ki, Stolpa Polşada, həmçinin “casus”luq edib. O, “Qəbələ”nin “Qarabağ”la son 2 oyununun videoyazısının “Visla” rəhbərliyinə təqdim edib. Bundan əlavə, Azərbaycan komandası barədə bütün məlumatların onlara çatdırılmasında lazımi köməkliyi göstərib.