|
Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb
Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb. Məlumatlar Amerika hərbçilərinin Əfqanıstandakı hərbi əməliyyatları barədə əsl həqiqətləri üzə çıxarıb. Material ABŞ-ın “New York Times”, Böyük Britaniyanın “Qardian”, Almaniyanın “Der Spigel” qəzetlərində nəşr olunub. Məxfi materiallara dair minlərlə fayl məxfi sənədlər və məlumatların dərci sahəsində ixtisaslaşmış «Wikileaks» saytının əlinə keçib.
Qəzetlər bu hadisəni məlumatların sızdırılması adlandırır. «Wikileaks» istifadəçiləri qeyd edir ki, onlar Əfqanıstan müharibəsində məxfi xidmət idarələrinin fəaliyyətinə dair 90 min hesabat əldə ediblər. Hesabatlar 6 illik hərbi əməliyyatlar gedişində hazırlanıb. Bu müddət ərzində mindən artıq amerikalı və 300 ingilis əsgəri həlak olub. Ən populyar KİV-in əlinə keçmiş məxfi məlumatlardan Pentaqon da istifadə edib. Məlumat sızıntısı Amerika tarixində ən qlobal informasiya sızıntısı hesab olunur. Barak Obama administrasiyası məxfi məlumatların dərci barədə qərar qəbul etdiyinə görə sayt rəhbərliyini kəskin tənqid edib. Lakin «Wikileaks» öz növbəsində məxfi məlumatları hansı mənbədən aldığını açıqlamır. Ağ Evin rəsmi məlumatlarında qeyd olunur ki, məxfi materiallarda yer almış xaos Barak Obama hakimiyyətindən əvvəl baş verib. Məxfi materiallar Əfqanıstanda amerikalıların həyatına təhlükə altına qoya, ABŞ-ın Əfqanıstana dair yeni strategiya planına ciddi zərbə vura bilər. Məxfi materiallardan məlum olur ki, koalisiya gücləri Əfqanıstan müharibəsini uduzub. Hərbçilər minlərlə dinc insanı qətlə yetirib və taliblər koalisiya qüvvələrinə qarşı hücumları intensivləşdiriblər. Bu məlumatlar uzun müddət KİV-dən gizlədilib.
|