|
Hayvardın 28 illik fəaliyyətinin uğursuz sonluğu
BP-nin baş icraçı direktoru Tony Hayvard vəzifəsindən getməyə hazırlaşır. BBC-nin əldə etdiyi məlumatlara görə, onun vəzifəsini tərk etməsi haqqında rəsmi açıqlama bu gün ərzində verilə bilər. BP-nin bu xəbərlərlə bağlı verdiyi bəyanatda deyilir ki, rəhbərlik və İdarə Heyəti onu «tam şəkildə dəstəkləyir». BBC-nin biznes məsələləri üzrə redaktoru Robert Peston deyir ki, Hayvardı vəzifəsində çox güman ki, öz amerikalı həmkarı Bob Dudley əvəzləyəcək. Dudley hazırda Meksika körfəzində neftin təmizlənməsi əməliyyatlarına rəhbərlik edir. Hayvardı əvəzləyəcəyi gözlənilən şəxs BP-nin idarəedici direktorudur.
Bir çox şərhçi deyir ki, Dudley ingilis dilində Amerika ləhcəsi ilə danışdığından bu onun üçün ictimai rəydə müsbət amil deməkdir. Çünki Missisipidə böyüyüb və BP-nin dediyinə görə, körfəz sahillərinə rəğbəti var və buralar onun üçün doğmadır. Dudley BP-yə 1999-cu ildə qoşulub və İdarə Heyətinə ötən il gəlib. O, BP-nin Rusiyadakı birgə müəssisəsi olan TNK-BP-yə rəhbərlik edib. Qeyd edək ki, BP rəhbərlikdə dəyişiklik etməyə bir müddətdir ki, hazırlaşırdı. Amma Peston deyir ki, şirkət neft axınının qarşısının alınmasında irəliləyiş əldə olunmasını və fəlakətin maliyyə xərclərini müəyyənləşdirməyi gözləyirdi. BP ilin ikinci rübünə dair hesabatını sabah təqdim edəcək. Gözlənilir ki, şirkət neftin təmizlənməsi, cərimə və kompensasiya xərclərinin 30 milyard dollar olduğunu açıqlasın. Bu isə böyük itki deməkdir. BP-nin İdarə Heyəti bu gün görüş keçirəcək və Hayvardın vəzifəsini tərk etmə vaxtının müzakirə olunacağı gözlənilir. Hayvard 28 ildir ki, BP-də çalışır. O, 2007-ci ildə baş icraçı olanda jurnalistlərə demişdi ki, bir nömrəli vəzifəsi təhlükəsizliyi və etibarlığı təmin etmək olacaq. Amma aprelin 20-də Luizianada neft quyusunun partlaması və nəticədə 11 fəhlənin ölməsi, ABŞ tarixində ən pis neft dağılması hadisəsinin baş verməsi onun rəhbərliyini sual altına qoydu. 53 yaşlı Hayvard neftin təmizlənməsi əməliyyatında ləngimələrə görə körfəz sahilində yaşayan sakinlər və Amerika siyasətçilərinin ciddi tənqidinə məruz qalıb.
|