“ABŞ tərəfindən yazılan və idarə edilən ssenaridə Rusiya prezidenti də rol alıb”
İran prezidenti Mahmud Əhmədinejadın tənqid hədəfi bu dəfə Rusiya prezidenti Dmitri Medvedyev olub. O, Medvedyevi ABŞ-ın ölkəsi əleyhinə başladığı kampaniyada iştirak etdiyinə görə qınayıb: «Düşmənlərimiz İrana qarşı yeni bir təbliğata başladılar. ABŞ tərəfindən yazılan və idarə edilən bu ssenaridə Rusiya prezidenti də rol alıb». İran prezidenti əlavə edib ki, İran və Rusiya dost ölkələrdir və onlar bu dostluğun davam etməsinə ümid edirlər: «Rusiya prezidentinin Amerikanın qurduğu oyunda yer alması və yalnız ölkəsinin maraqlarını diqqətdə saxlaması bu ölkənin ciddi bir probleminin olduğuna işarədir».
Tehran BMT Təhlükəsizlik Şurasında İrana qarşı qəbul edilən qərara müqavimət göstərir. Xüsusilə də özünə müttəfiq bildiyi Rusiyanın bu qərarın lehinə səs verməsi İranda şok effekti yaradıb. İran prezidenti deyib ki, ABŞ hakimiyyətinin ortaya qoyduğu sənəd İran xalqının iradəsini zəiflətmək məqsədi daşıyır və ölkə içində də bunun reallaşmasına çalışan əllər var. «Ancaq bütün bu cəhdlər uğursuzluqla bitəcək. İran xalqı yüzlərlə belə qərarın öhdəsindən gəlib. Dünyanın güc mərkəzləri bu işin çox gizli olduğunu düşünür. Ancaq bu ssenarinin bütün detalları bizim əlimizdədir. Zamanı gələndə bunu ictimaiyyətə açıqlayacağıq» - deyə Əhmədinejad bəyan edib. Qeyd edək ki, İran prezidenti Medvedyevə qarşı təhdid dolu ifadələrini ilk dəfə may ayında işlədib. «Tarixi düşmənlər» siyahısına Rusiyanı da qatmamaq üçün Moskvanı xəbərdar edən Əhmədinejad «Dostsunuz, yoxsa başqa haqq-hesabınızmı var» sualını da vermişdi. Moskva isə Tehrandan gələn bu bəyanatları «siyasi demaqogiya ilə məşğul olurlar» kimi cavablandırıb. Nüvə proqramından söz düşmüşkən, İstanbulda İran, Türkiyə XİN rəhbərləri görüşüblər. İran Avropa İttifaqına müraciət edərək hazırkı qarşıdurmaya son qoyulması üçün daha çox danışıq aparmağa çağırıb. Görüş qısa keçsə də, nazirlər müzakirə olunan məsələnin üzərində dayanıblar. Hər üç nazir təsdiqləyib ki, onlar İrana zənginləşdirilmiş uran göndərilməsi planını dəstəkləməkdə davam edəcəklər. Baxmayaraq ki, ötən ay Birləşmiş Millətlər Təşkilatı İranın nüvə proqramı ilə bağlı sanksiyalar barədə qərar qəbul edib. İranın xarici işlər naziri Mənuçehr Möttəki bəyan edib ki, onun hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramına dair suallarına bu gün cavab verəcək. Və o əlavə edib ki, İran hazırkı qarşıdurmaya son qoymaq və Qərbi onun yanacaqla təmin olunması planına razı salmaq üçün danışıqlara hazırdır. Bu plan may ayında Türkiyə və Braziliyanın İranla apardığı danışıqlar nəticəsində əldə edilib. Plana görə, İran özünün az zənginləşdirilmiş uranını saxlanmaq üçün Türkiyəyə göndərəcək, bunun əvəzində isə Qərb ölkələri İranın nüvə reaktoru üçün ona yanacaq verəcək. Təsdiqlənməmiş məlumata görə, danışıqların sentyabr ayında, müsəlmanların müqəddəs Ramazan ayı başa çatandan sonra İstanbulda keçirilməsi nəzərdə tutulur. İran bu danışıqlara Avropa İttifaqının xarici məsələlər üzrə başçısı Baronessa Ketrin Eştonun rəhbərlik etməsini istəyir.
|