Hafiz Məmmədov “Bakı”nın Avropa Liqasından kənarda qalmasında günahı olanların cəzalandırılacağını bəyan etdi
“Bakı”nın prezidenti Hafiz Məmmədov Çernoqoriyanın “Buduçnost” klubu ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Son günlərdə komandanızla bağlı məlum olaylara və UEFA-nın çıxardığı qərara münasibətiniz bilmək istərdik...
- Mən bu qərarı gözləyirdim və texniki məğlubiyyətə hazır idim. Sizə açıq deyirəm ki, bu işdə günahkar şəxslər öz ərizələrini yazsınlar. Hər şey ünvanı ilə olmalıdır. Biz heç kimi incitməyəcəyik.
- Sirr deyilsə, bu qərarı nə vaxt bildiniz?
- İkinci günü səhər, komanda səfərə çıxanda. Birinci gün klub bu haqda məlumatlandırılıb, mənə isə heç kim heç nə deməmişdi. Həmin vaxt xaricdə idim və tam kənarda adamdan bu problem haqda xəbər tutdum. Mənə də təəccüblü gəldi ki, klub prezidentinin məsələdən xəbəri yoxdur. Bundan sonra araşdırmalara başladım. Bir sıra adamlarla danışandan sonra çətin vəziyyətə düşdüyümüzü gördüm. Oxşar hadisələr çox olduğundan, belə nəticəni gözləyirdim. Bundan sonra özümü qərara hazırlamağa başladım. Ən azı səfər oyununda uduzmamaq istəyirdik. Ölkənin reytinqini da nəzərə almaq lazımdır. Sevinirəm ki, heç olmasa qələbəmizlə klub reytinqinə xal qazandıra bildik.
- Yəni, Bakıda itirdiyimiz 2:1 hesablı qələbəni burada qaytara bildik...
- Bəli, bununla balans yaratdıq. Bu məsələdə ölkə mətbuatı bizi anladı və buna görə sizlərə təşəkkür edirəm. Açığı, klub rəhbəri kimi bu məsələlər məni çox narahat etdi. Axı klubumuzda bu qədər adam çalışır, onlara hər cür şərait yaradılıb. Kimlərdirsə, öz pis günahını qəbul etsinlər. Məgər bu işlərlə mən məşğul olmalıyam? Razıyam ki, UEFA-dan məktub iyunun 24-də gəlib və biz kamerunlu futbolçumuz Joel Epalle ilə iyulda müqavilə bağlamışıq. Açığı, dəqiq günahkarı hələ müəyyənləşdirməmişəm və bunu araşdıracağam. Günahkarlar cəzalanmalıdır və onları cəzalarını verəcəyik. Oyun günü xəbər çıxandan sonra Azərbaycanda hər kəs şok olmuşdu. Telefonum susmaq bilmirdi, zəng zəngin dalınca gəlirdi. Düzünə qalsa, özüm də təəccüblənməyə başlamışdım. Olub da, neyləməliyik... Dostlar çox zəng vurdu. Hətta eyni məsələ ilə zəngə cavab verməkdən yorulmuşdum. Məgər cinayət etmişik? Bir səhvdir də olub. Hətta dostlarımdan biri dedi ki, sizə niyə 0:1 yox, 0:3 hesablı məğlubiyyət veriblər (gülür). UEFA günorta saatlarında qərarını açıqlayanda şoka düşmədim. Çünki insan bir şeyi gözləyəndə özünü buna hazırlayır. Ancaq bir çoxları üçün bu, şok idi.
- Bu məsələdə Epallenin özündə günah görürsünüz?
- Görürəm, ancaq yüzdə yüz yox. Hamısında günah var.
- Hər halda, bu transferə çox sevinirdik. Almaniya Bundesliqasından səviyyəli, ölkəmizə ilk olimpiya çempionu gəlmişdi...
- Açığı, mən bu məsələdə siz jurnalistlərdən kömək gözləyirdim. Yəni sizlər araşdırma aparıb, Epallenin cəzalı olmasının aşkara çıxara bilərdiniz. Necə ki yanlış transferlərimiz olanda yazırsınız, bunu da qeyd edə bilərdiniz. Bəzi ölkələrdə mətbuatın yazısı ilə talelər həll olunur. Onsuz da hamının gizlətdiyi şeyləri mətbuat üzə çıxarır. Mediadan dəstək gözləyirik. Cəzalı futbolçuların adları UEFA-nın rəsmi saytında yerləşdirilib və bunu üzə çıxarmaq olardı. Futbolçunun transfer işləri ilə məşğul olanların da günahı var. Artıq təcrübə bizə öyrədib ki, transfer etmək istədiyimiz futbolçuların ilk növbədə tibbi müayinədən keçirməliyik. Daha sonra onunla bağlı digər informasiyalar da araşdırılmalıdır.
- “Bakı”da çoxlu legioner oynadığına görə münasibət birmənalı deyil. Bununla bağlı nə deyə bilərdiniz?
- “Qarabağ”a simpatiyam ona görə böyükdür ki, bu komandada daha çox yerli futbolçular oynayır. Hətta bu klubun vitse-prezidenti Tahir Gözəl məni təbrik edəndə ondan “Qarabağ”ı mənim adımdan təbrik etməyi xahiş etdim. Heyətdə legionerlərin çox olması mənim üçün də ürəkaçan deyil. Ancaq siyasətimiz belədir ki, heyətimizi gücləndirib, uğur qazanmaqla insanları futbola cəlb edək. Bu dəqiqə 5 yaşlı uşaq futbola Jabaya görə baxdığını deyir. Mən söz vermişəm ki, hər il 3-4 yerli futbolçunun əsas komandaya yüksəlməsinə nail olacağam. Bu, qarşımda duran məqsəddir. Gətirdiyim məşqçilərin çox istəmişəm. Ancaq indiki çalışdırıcımız Vinfred Şafer mənə lazım olan mütəxəssisdir. O, legionerlərin, afrikalıların dilini bilir. Mən xoşlamıram ki, komandamdan kimsə getsin.
- “Böyük “Bakı” – 2012” layihəsinin başa çatmasına az qalıb. Yəni iki ilə avrokuboklarda qrup mərhələsinə düşməyimiz realdırmı?
- Bu, hamımızın arzusudur. Elə bu mövsüm buna nail olmaq istəyirdim. Yaxşı baş məşqçi tapmışam. Azərbaycandan küsüb getməsə, gələn buna nail ola bilərik. Əslində, keçən il qrup mərhələsinə çox yaxın idik. Son təsnifat mərhələsində mübarizəni dayandırdıq. Bu il isə “Buduçnost”a kağız üzərində uduzduq. Hər iki oyunda qalib gəlsək də, texniki məğlubiyyətə görə keçə bilmədik. Proqramımızın həyata keçirilməsinə doğru gedirik. Şaferlə bunu bacarmaq mümkündür. İnanın ki, klubumuza elə peşəkar məşqçi gəlməyib. Əslində mən ondan gələn mövsüm nəticə gözləyirəm. Şafer bir aydır gəlib, bu müddətdə nə edə bilər? Yeni komanda qurur, futbolçuların uyğunlaşmasına vaxt lazımdır.
- Bu qədər transferlərə sərmayə qoyandan sonra avrokuboklarda mərhələ keçə bilməyib, diqqətinizi ölkə çempionatına yönəldəcəksiniz. Baş verənlərdən sonra əliniz işdən soyumayacaq ki?
- Yox. Azərbaycan futbolunun inkişafına, çempionatımızın marağın artmasına, insanların futbola cəlb olunmasına çalışırıq. Baş verənlər bizi üzsə də, gərək işdən soyumayaq, Bu hadisələr heç bir planlarımıza təsir etməyib.