|
Yaxında "Barselona"nı "Nyu York Red Bullz"a dəyişən Tyerri Anri artıq yeni komandasında qol hesabını açıb. Fransız hücumçu "Tottenhem"lə ABŞ turnesində keçirilən yoldaşlıq matçında fərqlənib. Amma onun vurduğu yeganə qol komandasını məğlubiyyətdən xilas etməyib. Premyer-Liqa komandası Kim və Beylin qollarıyla 2:1 hesablı qələbə qazanıb. Anrinin "Barselona"nın əsas heyətindəki yerini böyük ölçüdə itirməsindən sonra iş yerini dəyişmək perspektivinin ortaya çıxdığı hamıya bəllidir. Fransa millisiylə sonuncu mundialda biabırçılıqlardan qaça bilməyən Tyerri MLS liqasına üstünlük verməsində özü kimi məşhur həmkarı Devid Bekhemin önəmli rol oynadığını jurnalistlərdən gizlətmir. Bilindiyi kimi, İngiltərə millisinin yarımmüdafiəçisi hələ bir neçə il əvvəl "Los Anceles Qalaksi"nin fantastik təklifini qəbul edərək okeanın o tayına üz tutmuşdu. Görək Devid Anriyə necə təsir edib: "Qəti qərara gəlməzdən əvvəl Devidlə söhbət etmişdim. Ümumiyyətlə, o, mənə heç vaxt MLS haqda mənfi fikirlər bildirməyib. Əksinə, Bekhem həmişə bu liqada oynamaqdan böyük ləzzət aldığını söyləyirdi. "Beks"ə böyük hörmətim var. O, dahi futbolçudur. Məni Amerikaya inadla çağırırdı. Mən də onun çağırışına müsbət yanaşdım".
|