Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Terri Devisi «kişi adam» hesab edir
Parlament jurnalistləri Milli Məclisin komitə sədrləri ilə görüşlərini davam etdirirlər. Bu dəfə jurnalistlərin suallarını Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov cavablandırdı. Əvvəlcə jurnalistləri peşə bayramları münasibətilə təbrik edən komitə sədri dedi ki, qələm adamlarının ölkə rəhbərliyi tərəfindən təltif edilməsi təqdirəlayiq haldır. Eyni zamanda, jurnalistlərin sosial vəziyyəti də yaxşılaşdırılmalıdır. Jurnalist elə yaşamalıdır ki, heç nəyə ehtiyacı olmasın. Komitə sədri dedi ki, yalnız bu yolla «reket» jurnalist problemini həll etmək mümkün olacaq.
Sonra Azərbaycanın problemlərindən bəhs edən E.İbrahimov dedi ki, hazırda Azərbaycan dövləti üçün əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Hazırda bu problemin həlli ilə bağlı işlər gedir. ATƏT-in Minsk qrupu müəyyən işlər görsə də, fəaliyyəti qaneedici deyil. Çünki danışıqlarda bir nəticə yoxdur.
Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri təyin olunması yaxşı haldır
Komitə sədri Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri təyin olunmasının yaxşı hal olduğunu bildirdi. Onun sözlərinə görə, M.Brayza uzun müddət ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olduğundan Dağlıq Qarabağ münaqişəsinə yaxşı bələddir. Eyni zamanda, regionda baş verən proseslər barədə də məlumatlıdır. E.İbrahimov dedi ki, o, M.Brayzanın həmsədr kimi deyə bilmədiyi sözləri səfir kimi deyəcəyinə ümid edir. «Onu da nəzərə almaq lazımdır ki, Metyu Brayzanın xanımı türkdür. Bütün bunlar bizim xeyrimizə olan məqamlardır» – deyə komitə sədri vurğuladı. O əlavə etdi ki, M.Brayza Konqresdəki dinləmələrdə də çox yaxşı çıxış edib. Çıxışında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ABŞ üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Eldar İbrahimovun «Petros qardaşı»
Deputatların beynəlxalq təşkilatlardakı fəaliyyətinə toxunan E.İbrahimov üzvü olduğu ATƏT PA-dakı nümayəndə heyətinin fəaliyyətindən ağızdolusu danışdı. Onun fikrincə, nümayəndə heyətimiz ATƏT PA-da xüsusi nüfuza malikdir. Nümayəndə heyətinin üzvləri də assambleyanın rəhbər şəxsləri ilə fərdi münasibətlər qurublar. Məsələn, sonuncu sessiyada ATƏT PA-nın prezidenti seçilən yunanıstanlı parlamentari Petros Eftimiou E.İbrahimovla yaxın dostdur: «O, uzun müddətdir ATƏT PA-dadır. Biz onunla assambleyanın iqtisadiyyat komitəsində təmsil olunuruq. Bir müddət əvvəl komitə sədrinin müavini seçilərkən onunla bərabər mənim də namizədliyim irəli sürülmüşdü. Sonradan mən onun xeyrinə namizədliyimi geri götürdüm. O gündən bu günə dostuq. Mən ona «Petros qardaş», o da mənə «Eldar qardaş» deyir. Azərbaycan nümayəndə heyəti onun seçilməsinə dəstək verdi. Çünki onun rəqibi olan Kanadalı parlamentari bir qədər ermənipərəst idi. Assambleyanın yeni prezidentini xarakterizə edən E.İbrahimov dedi ki, o çox bacarıqlı və qabiliyyətli diplomatdır, Azərbaycana qarşı münasibəti də yaxşıdır. Seçkilərdə qalib gələndən sonra AŞ PA prezidenti sentyabr ayında Azərbaycana səfər edəcəyinə söz verib.
E.İbrahimov beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan diplomatlarla bağlı şəxsi görüşlərini də açıqladı. Onun fikrincə, ATƏT PA-nın yeni prezidenti sabiq prezident Joa Suaresdən Azərbaycana daha yaxın adamdır. Komitə sədri ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi və hazırda Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndə olan Qoran Lenmarkerin fəaliyyətindən incikliyini də ifadə etdi. «Hiss edirəm ki, o müəyyən təsirlərdən ehtiyat edir» – deyə E.İbrahimov vurğuladı. O əlavə etdi ki, xarici diplomatlardan Azərbaycanın haqq mövqeyini müdafiə edən əsas sima kimi AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, britaniyalı parlamentari Terri Devisi qeyd edə bilər: «Terri Devis bir müddət ATƏT PA-da da təmsil olunub. Birmənalı olaraq deyə bilərəm ki, o kişi adamdır. Həmişə Azərbaycanın haqq mövqeyini müdafiə edir».
«Məsləhət bilinsə, bu dəfə də seçkilərdə iştirak edəcəyəm»
E.İbrahimov qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlərini də bölüşdü. Qeyd etdi ki, əgər üzvü olduğu Yeni Azərbaycan Partiyası məsləhət bilsə bu dəfə də seçkilərdə iştirak edəcək. Əgər partiya məsləhət bilməsə sıravi YAP-çı kimi fəaliyyətini davam etdirəcək. Komitə sədri dedi ki, hazırda parlamentdə YAP-ı təmsil edən 61 deputatın hamısının növbəti parlamentdə də mandat qazanmasını arzu edir. Ümumilikdə isə parlamentə düşən YAP üzvlərinin 61 nəfərdən də çox olacağına ümidvardır. E.İbrahimov budəfəki parlament seçkilərinin daha şəffaf keçəcəyini bildirdi. Onun sözlərinə görə, namizədliyi qeydə alınmış şəxslərə dövlət büdcəsindən 200 manat vəsaitin ayrılması qaydasının ləğv olunması çox yaxşı haldır. Çünki çoxları namizədliyini məhz bu pula görə irəli sürür. «Bəziləri deputatlığa namizədliklərini pul qazanmaq üçün irəli sürürlər. Qeydə alınandan sonra şanslı namizədlərin yanına gəlib namizədliklərini geri götürmək üçün onlarla bazarlıq etmək istəyirlər. İnanıram ki, bu il belə olmayacaq.
Eldar İbrahimov iqtidaryönlü partiyaların YAP-a birləşməsini istəmir
E.İbrahimov dedi ki, o, iqtidaryönlü partiyaların YAP-a birləşməsini istəmir. Onun sözlərinə görə, hazırda YAP-ın bu cür birləşməyə ehtiyacı yoxdur. «Hansısa ailə partiyasının 500 min üzvü olan bir partiyaya birləşməsi lazım deyil. Bizim bu gün birləşməyə ehtiyacımız yoxdur» – deyə komitə sədri vurğuladı. O əlavə etdi ki, hansısa bir partiyadan qopub YAP-a birləşənlərə etibar etmək olmaz. Çünki onlar bir zaman ayrıla da bilərlər: «Hər halda mən bunu yaxşı qəbul etmirəm».
Naxçıvanlı olmağın insana xeyiri
Jurnalistlərin «Naxçıvanlı olmağın insana xeyiri, yoxsa ziyanı var» – sualını cavablandıran E.İbrahimov dedi ki, bu, adamına baxır. Elə adam var, naxçıvanlı olmaq ona çox şey verir, elə adam da var bundan ziyan çəkir. Onun sözlərinə görə, müxalifət nümayəndələrinin də əksəriyyətinin Muxtar Respublikanı təmsil etmələri yaddan çıxarılmamalıdır: «Siyasətçi olmaq sanki Naxçıvanın suyundandır. Bizim seçicilərimiz də çox tələbkardırlar. Amma onu da deyim ki, Naxçıvanın deputatı olmaq çox asandır. Muxtar Respublikanın rəhbərliyi vətəndaşların bütün problemlərini həll etdiyindən bizə elə də çox şikayət daxil olmur.
Uşaqlıq illərindən danışan E.İbrahimov kiçik yaşlarında atasını itirdiyini və bir çox çətinliklərlə üzləşdiyini bildirdi. O qeyd etdi ki, sürücü köməkçisi işləyərək sürücülüyü, kinomexanik köməkçisi işləyərək bu sahəni öyrənib. Sonradan əmək fəaliyyətində bütün bunlar ona yardımçı olub.
«Nazir olmaq istəmirəm»
E.İbrahimov onu da dedi ki, onun kənd təsərrüfatı naziri postuna yiyələnmək niyyətində olmağı barədə məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, bu barədə məlumatı qarşıdurma yaratmaq istəyən qüvvələr yayırlar. hələ sovet dövründə kənd təsərrüfatı sferasında yüksək vəzifələrdə çalışıb. Uzun müddət Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatına rəhbərlik edib. İndi isə keçdiyi həyat yolunu, yaşını və ailə vəziyyətini nəzərə alaraq nazir vəzifəsində çalışmaq istəmir. «Hətta, mənə kənd təsərrüfatı naziri olmaq təklif olunsa da, bundan imtina edərəm. Bu dəqiqə mənim heç bir vəzifəyə ehtiyacım yoxdur» – deyə komitə sədri vurğuladı.
İlham QULİYEV