|
Böyük həvəslə, ruh yüksəkliyi ilə Milli Mətbuat gününü qeyd edirik. İyulun 22-si yalnız bizim peşə bayramımız yox, ümumiyyətlə, qəzet oxuyan hər bir şəxsin bayramıdır. Elə bir ziyalı, elə bir vətəndaş təsəvvür edə bilmirəm ki, gündəlik mətbuatı izləməsin və yaxud da orada öz fəaliyyətinin inikasını tapmasın. Bu baxımdan Mətbuat gününün miqyası böyüyür, başqa sözlə desək, bu gün dövlətimizin mətbuata verdiyi qiymət əslində, bütün cəmiyyətə, geniş ictimaiyyətə göstərilən münasibətdir.
Mətbuat yalnız bir gün yox, həmişə dövlətin diqqət mərkəzindədir. Bu fikri sübut etmək üçün çoxlu fakt sadalamaq olar. Yalnız bir məsələni vurğulayaq ki, Azərbaycan jurnalistinin cəmiyyət qarşısında başının uca olması bir tərəfdən onun vicdanlı əməyinin nəticəsidirsə, digər tərəfdən dövlətin bu vicdanlı əməyi yüksək qiymətləndirilməsindən irəli gəlir. Biz jurnalistlərin dostu ümummilli lider Heydər Əliyevin mətbuata münasibəti, bu istiqamətdə həyata keçirdiyi siyasət bu gün hörmətli prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni keyfiyyət mərhələsinə keçib. Vicdanlı jurnalist, dövlətinin, vətəninin qədrini bilən, onun tərəqqisi yolunda çalışan mətbuat işçisi həmişə layiqli qiymətinin alıb. Amma bir çox parametr baxımından 135 yaşımız daha əhatəli, daha geniş miqyaslı oldu. Onlarla həmkarımız fəxri adlar və medallarla təltif olundu. 30-dan çox qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Dövlətimiz jurnalistlərin sosial problemlərinin həllini də diqqətdən kənarda saxlamadı, cənab prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı bunun bariz nümunəsidir. Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 5 milyon manat vəsait ayrıldı. Gülüstan sarayında bu sərəncamların elan edilməsi həmkarlarımızın alqışları ilə qarşılandı. Bakımız daim gözəlləşir, ölkənin dinamik inkişafının simvoluna çevrilən paytaxtımızda müasir üslubda tikilmiş göydələnlər göz oxşayır. Bakının axşamlarında göydələnlərdən süzülüb gələn işıqlara baxdıqca istər-istəməz insanın ürəyi riqqətə gəlirdi və həmişə fikirləşirdik ki, keşkə bu işıqların arasında biz jurnalistlərin də işığı görünərdi. Mətbuat işçisinin öz məvacibi ilə buna nail olması hətta ən nikbin adama belə inandırıcı görünməzdi. Bunu bizim əvəzimizdən dövlətimiz etdi. Azərbaycan dövləti jurnalistlərin işığını yandırdı. Elə yubileyimiz ərəfəsində mənzil-məişət probleminin həlli istiqamətində müxtəlif fikirlər səslənirdi, amma ən optimal yolu dövlət özü müəyyənləşdirdi. Tam cəsarətlə demək olar ki, nəinki MDB məkanında, heç Avropanın ən inkişaf etmiş dövlətlərində belə jurnalistlərin sosial müdafiəsi bu dərəcə də dövlət qayğısı ilə əhatə olunmayıb. Hətta sosial siyasəti ilə nümunə yaradan Sovet İttifaqında jurnalistlərin mənzil məsələsi bu dərəcədə yüksək səviyyədə öz həllini tapmamışdı. Bir daha vurğulamaq lazımdır ki, bütün vətəndaşlarına olduğu kimi Azərbaycan dövlətinin jurnalistlərə münasibəti də artıq bir model kimi formalaşıb. 135 illik yubileyimizdən çıxardığımız nəticə ondan ibarətdir ki, dövlət jurnalistlərin dostu olduğunu bir daha sübut etdi. İndi növbə bizdədir. Bu diqqət bizim üzərimizə böyük məsuliyyət qoyur, bundan sonra biz bu dostluğa sədaqətli olduğumuz öz işimizlə sübut etməliyik.
|