Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə jurnalistikanın inkişafı ilə bağlı fikirlərini açıqlayıb
Azərbaycanda Milli Mətbuatın 135 illiyi ilə bağlı keçirilən tədbirlər bir daha göstərdi ki, dövlət söz və mətbuat azadlığının inkişafında maraqlıdır. Həm mətbuat nümayəndələrinin təltif edilməsi, həm də jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı imzalanan sərəncamlar bunu bir daha sübut etdi.
Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılış mərasimində iştirak edib, şuranın İdarə Heyətinin üzvləri ilə görüşərək mətbuatın problemləri ilə birbaşa maraqlanmaqla bir daha ölkədə söz azadlığının qarantı olduğunu nümayiş etdirdi. Prezident İdarə Heyətinin üzvləri ilə görüşdə bir daha jurnalistləri və Azərbaycanın bütün ictimaiyyətini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə təbrik edib. Prezident qeyd edib ki, Azərbaycan Milli Mətbuatının böyük ənənələri var və bu ənənələr yaşayır: «Bu, doğrudan da çox gözəl tarixdir. Azərbaycan müstəqil ölkə kimi 1991-ci ildə dünya xəritəsində yarandı. Bildiyimiz kimi, o vaxt Azərbaycanda müstəqil media yaranmaqda idi. Azərbaycanda azad mətbuat hələ sovet dövründə yaranmışdı və azad mətbuatın o vaxtkı fəaliyyəti çox böyük qiymətə layiqdir. Ancaq o vaxt - 1991-ci ildə azad mətbuatın fəaliyyəti üçün hələ ki, lazımi şərait yox idi. Ancaq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi». Prezident qeyd edib ki, 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım olub. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Bundan sonra da ölkədə söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub, 2003-cü ildə Mətbuat Şurası yaranıb. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparıb. Prezident qeyd edib ki, bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Azərbaycan bu istiqamətdə böyük və uğurlu yol keçib. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bu gün ölkədə 30-dan yuxarı gündəlik qəzet, 100-ə yaxın həftəlik qəzet, respublika əhəmiyyətli 8 telekanal, 14 regional telekanal var. Ölkə vətəndaşları internet vasitəsilə də dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyə bilirlər. Hazırda Azərbaycanda internet istifadəçilərinin sayı 40 faizdən yuxarıdır. Hökumət bütün məktəblərdə kompyuterləşmə proqramını tətbiq edir. Yəni Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Bütün bunlarla yanaşı, ölkədə mətbuat sahəsində lazım olan bütün qanunvericilik aktları qəbul edilib. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Ölkə prezidenti tərəfindən mətbuatın inkişafı ilə bağlı dövlət konsepsiyası qəbul edilib. Mətbuatın maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcək.
Prezident medianın bugünkü vəziyyətini müsbət qiymətləndirdiyini bildirib. «Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Əlbəttə ki, problemlər də var. Elə etməliyik ki, bu problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər».
Prezident qeyd edib ki, İdarə Heyəti üzvlərinin media ilə bağlı qaldırdığı məsələlər çox böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik. Amma bu mübarizənin sivil qaydaları olmalıdır: «Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaq. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır. Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq. Hələ ki, bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən qədər vaxt lazımdır».
Prezident jurnalistləri narahat edən diffamasiya ilə bağlı məsələlərə də münasibət bildirib. O qeyd edib ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Azərbaycan isə Avropa Şurası ilə münasibətlərində dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparıb: «Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunub. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər. Hesab edirəm ki, diffomasiya ilə bağlı məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın».
Prezident öz çıxışında medianın yaralı yeri olan reklam bazarının kasadlığı məsələsinə də toxunub. O qeyd edib ki, əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil: «Rəqəmlər göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcək».
Prezident mətbuat üçün jurnalist kadrların hazırlanması ilə bağlı qaldırılan məsələyə də toxunub. O deyib ki, bu, çox vacib məsələdir. İlham Əliyev bildirib ki, dövlət müxtəlif proqramlar əsasında bu məsələ ilə daha da ciddi məşğul olmalıdır: «Bu gün bilirsiniz ki, Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da, buna böyük ehtiyac var». Prezident əlavə edib ki, jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Çünki peşəkarlıq artdıqca, jurnalistikada reket məsələləri, milli adət-ənənələrə xas olmayan başqa məqamlar da aradan qaldırılacaq. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaq. «Mən hesab edirəm ki, bunun vaxtı çatıb» - deyə prezident vurğulayıb. O əlavə edib ki, bu gün Azərbaycanda söz azadlığı var. Dövlət bundan sonra da bu söz azadlığını qoruyacaq və müdafiə edəcək: «Azərbaycan dövləti və iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir».
Prezident jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyini bildirib. Onun fikrincə, jurnalistlər çox məsuliyyətli olmalı, ortaya qərəzsiz mövqe qoymalıdırlar: «Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində görürəm».
İlham QULİYEV