Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı müxalifət düşərgəsindəki çalxalanmaları təbii hesab edir
Yayın qızmar istilərinə baxmayaraq, siyasi partiyaların parlament seçkilərinə hazırlığı davam edir. Belə görünür ki, yayın qalan hissəsi və payızın əvvəlləri seçki mübarizəsinə sərf olunacaq. Hazırda parlamentdə mandat qazanmaq istəyən siyasi partiyalar məqsədlərinə nail olmaq üçün müxtəlif üsullara əl atırlar. Üçüncü çağırış Milli məclisdə iki mandatla təmsil olunan Ana Vətən Partiyası da noyabrın 7-də keçiriləcək seçkilərə həvəslə hazırlaşır. Partiyanın sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. Nəticə əldə etmək isə partiyaların aparacağı seçkiqabağı kampaniyadan asılıdır. Onun fikrincə, seçkinin mütləq fovariti Yeni Azərbaycan Partiyasıdır. Ana Vətən Partiyası da seçkidə uğur qazanmaq üçün hakim partiyanın dəstəyinə bel bağlayır.
- Fəzail müəllim, ölkədəki seçkiqabağı durumu necə qiymətləndirirsiniz?
- Artıq seçkilərə çox az bir müddət qalıb. Ölkə rəhbərliyi seçkilərin azad, ədalətli və demokratik keçirilməsi üçün lazım olan addımları atır. Seçkiqabağı bütün partiyalar üçün bərabər imkanlar yaradılıb. Seçkiqabağı mühit Azərbaycanın söykənmiş olduğu demokratik dəyərlərin özünü təsdiq etməsi üçün münasibdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkənin ictimai-siyasi həyatında az-çox rolu olan partiyaların əksəriyyəti seçkilərə qatılmaq qərarı verib. Partiyalar bu və ya digər bəyanatlarla, müxtəlif açıqlamalarla qarşıdan gələn parlament seçkilərinə qatılacaqlarına işarə edirlər. Təbii ki, bu, çox yaxşıdır. Əlbəttə, bütün bunlarla yanaşı, seçkiqabağı bəzi təəssüf doğuran məqamlar da var. Bir sıra hallarda radikal müxalifəti təmsil edən qüvvələr yenə də bəzi məsələləri olduğu kimi görmək istəmirlər. Onlar proseslərə yalnız qara eynək arxasından baxırlar. Müxalifət düşərgəsində baş verənlərə qeyri-ənənəvi baxış ənənəsi davam edir. Bu düşərgədə olanlar yenə də hər şeyi inkar taktikası seçiblər. Yenə də bu yolla nəyə isə nail olmağa çalışırlar.
- Müxalifət düşərgəsindəki son prosesləri necə qiymətləndirirsiniz?
- Diqqət yetirsək görərik ki, hazırda müxalifət düşərgəsində ciddi çaxnaşmalar var. Bunu hiss etmək çətin deyil. Mən deyim ki, bu çaxnaşmalar müxalifətin anatomiyası ilə bağlıdır və hər seçki ərəfəsi müşahidə olunur. Bu gün bəzi müxalifət ideoloqları belə bir görüntü yaratmağa çalışırlar ki, radikal düşərgədə təmsil olunan iki partiyanın – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının vahid seçki blokunda birləşməsi ciddi bir uğurdur. Guya bu birləşmə seçkidə müxalifətə böyük uğur gətirəcək. Düşünürəm ki, bu iddiaların əsası yoxdur. Sadəcə olaraq bu yolla elektoratlarını aldatmağa və həvəsləndirməyə çalışırlar. Amma sirr deyil ki, həm AXCP, həm də Müsavat cəmiyyətdə kifayət qədər nüfuzlarını itiriblər. Onlar öz sosial dayaqlarını da itiriblər və son vaxtlar ciddi axsamalara məruz qalırlar. Belə olan halda iki uğursuz partiyanın bir araya gəlməsi nəyi dəyişə bilər ki?
- Sizcə seçki ərəfəsində bu iki partiyanın bir araya gəlməsinin səbəbi nədir?
- Məncə bunun iki səbəbi ola bilər. Birinci səbəb budur ki, birləşmənin onlara xaricdəki himayədarları tövsiyə edib. Partiya rəhbərlərinin qarşısında şərt qoyulub ki, onlara maliyyə yalnız seçkilərə vahid siyahı ilə gedəcəkləri təqdirdə ayrılacaq. Məhz bu səbəbdən dünən bir-birlərini ən müxtəlif yollarla məhv etməyə hazır olan, funksionerləri bir-birlərini təhqir edən iki partiya birləşməyə qərar verib. Yəni artıq xaricdəki himayədarları da bu partiyaların real güclərinin olmadığını anlamağa başlayıb. Mənim fikrimcə, burada ikinci mühüm səbəb AXCP və Müsavatın kadr potensialının kifayət qədər kasad olmasıdır. Seçkiqabağı bu partiyaların liderləri gördülər ki, heç biri ayrı-ayrılıqda 125 seçki dairəsindən namizəd irəli sürə bilməyəcəklər. Buna görə də eyiblərini gizləmək üçün qüvvələrin birləşdirilməsi qərarı verildi. Mənə belə gəlir ki, AXCP və Müsavat seçkiyə birlikdə getsələr belə, yenə də 125 dairənin hamısından namizəd irəli sürə bilməyəcəklər. Çünki onların seçki prosesində fəal iştirak edib seçicilərin az-çox rəğbətini qazana biləcək - mən demirəm qalib gələcək, namizəd tapmaq imkanları məhduddur. Başqa sözlə, bu partiyalar namizəd qıtlığı ilə üzləşiblər. Çünki cəmiyyət artıq onlardan üz döndərib. Heç bir işıqlı insan gələcəyini bu partiyalarla bağlamaq istəmir.
- Amma AXCP və Müsavatın seçkilər başa çatandan sonra bir partiyada birləşəcəyi ilə bağlı xəbərlər də var. Siz bunun reallaşacağına inanırsınızmı?
- Mən inanmıram ki, AXCP və Müsavat parlament seçkilərindən sonra bir partiyanın çətiri altında birləşsinlər. Çünki bu partiyaların həm sədrləri, həm də funksionerləri arasında ciddi xarakter daşıyan ziddiyyətlər var. Bu ziddiyyətlər o qədər dərindir ki, onların bir-birilərinə güzəştə gedəcəklərini təsəvvürə belə gətirmək olmur. İki partiya birləşirsə, yaranacaq yeni partiyanın bir sədri olmalıdır. Həmin sədrin yeni müavinləri seçilməlidir. Onlar bunu edə biləcəklərmi? Şəxsən mən düşünmürəm ki, bu sevda baş tuta. Funksionerlərin birinin burdan, birinin oradan olması da düzgün deyil. Əgər belə olarsa, həmin partiya birləşdiyi gündən dağılmağa məhkum olacaq. Bu partiyaların birləşmə perspektivi yoxdur.
- AXCP və Müsavatın seçkiqabağı əməkdaşlığı «Azadlıq» Blokunun dağılması ilə nəticələndi. Bunu necə qiymətləndirirsiniz?
- Bəli, AXCP-nin Müsavatla əməkdaşlığa getməsi «Azadlıq» Blokunun dağılmasına səbəb oldu. Əli Kərimli Müsavatla danışıqlara başlamaqla özünün son illərdəki müttəfiqlərini bir növ oyundankənar vəziyyətdə qoydu. İndi «Azadlıq» Blokunda təmsil olunan Vətəndaş və İnkişaf, Liberal partiyaları seçkilərdə iştirakla bağlı müxtəlif variantları müzakirə etmək məcburiyyətində qalıblar. Yəni AXCP yenə də müttəfiqlərini çətin vəziyyətdə qoydu.
- Konstruktiv müxalifət mövqeyindən çıxış edən partiyaların durumunu necə qiymətləndirirsiniz?
- Bu düşərgədə bir növ sakitçilikdir. Belə görünür ki, bu partiyalar Seçki Məcəlləsinin verdiyi imkanlar çərçivəsində prosesə qatılıb müəyyən nəticələr əldə etməyə çalışacaqlar.
- Bəs seçkinin fovariti olaraq kimi görürsünüz?
- Mütəşəkkilliyi və seçki prosesinə daha peşəkar və ardıcıl hazırlığı ilə Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqlənir. Məncə bu, hamı tərəfindən etiraf olunmalıdır. Mənə elə gəlir ki, qarşıdan gələn parlament seçkilərində də Yeni Azərbaycan Partiyası mütləq fovarit olacaq. Bu partiyanın seçicilərin əksəriyyətinin səsini qazanmaq imkanları çox böyükdür. Son illər ərzində ölkədəki inkişaf, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, aparılan islahatlar da Yeni Azərbaycan Partiyasına əlavə dividentlər gətirir.
- Rəhbərlik etdiyiniz Ana Vətən Partiyası necə, seçkiləri hazırlığı yekunlaşdırırmı?
- Biz də partiya olaraq aktiv şəkildə seçkilərə hazırlaşırıq. Bu istiqamətdə işləri öz təşkilatlarımızla müntəzəm olaraq aparırıq. Demək olar ki, seçki hazırlıqlarını yekunlaşdırırıq. Sentyabr ayında partiyanın Ali Məclisinin iclası çağırılacaq. Burada seçkilərdə iştirak edəcək namizədlərimiz təsdiqlənəcək. Eyni zamanda, partiyanın seçki taktikasını dəqiqləşdirəcəyik. Qeyd etdiyim kimi, seçkilərin keçirilməsi üçün tam demokratik mühit yaradılıb və biz bundan yararlanmaq niyyətindəyik.
- Fəzail müəllim, Ana Vətən Partiyasının bu parlament seçkilərindəki əsas hədəfi nə olacaq? Bu seçkidə neçə mandat qazanacağınızı proqnozlaşdırırsınız?
- Əvvəlcədən onu deyim ki, seçkilərdə əvvəlkinə nisbətən daha geniş spektrdə iştirak etsək də, bəri başdan böyük uğur qazanacağımızı iddia etmirəm. Yəni çox ambisiyalı mövqedə deyilik. Mənə belə gəlir ki, biz bu seçkilərdə bir-neçə mandat qazana biləcəyik. Dəqiq və əsaslandırılmış proqnozu isə namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra vermək olar. Digər tərəfdən, bizim uğur qazanmağımız Yeni Azərbaycan Partiyasının irəli sürəcəyi namizədlərdən asılıdır. Etiraf olunmalıdır ki, bu partiyanın həm təşkilatı imkanları, həm də digər resursları çox köklüdür. Biz də heç vaxt parlament seçkilərində Yeni Azərbaycan Partiyası ilə rəqib olmamışıq. Əksinə, biz namizədlərimizi bu partiya ilə məsləhətləşmələrdən sonra irəli sürmüşük. Yəni namizədlərimizi elə dairədən irəli sürmüşük ki, Yeni Azərbaycan Partiyası orada bizi müdafiə etsin. Eyni zamanda seçki prosesində həmişə Yeni Azərbaycan Partiyasının qələbəsi üçün çalışmışıq. Bu baxımdan bu parlament seçkilərində də hansı nəticə qazanacağımızı məsləhətləşmələrdən sonra deyə bilərik. Birgə onu deyə bilərəm ki, biz indiki iki mandatdan daha çox mandat qazanmağa iddialıyıq. Yəni çalışacağıq ki, ən azı 3, 4, 5 mandat qazanaq. Amma bunun üçün nə qədər imkanlarımız olacaq bunu bir az sonra biləcəyik.
İlham QULİYEV