Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Mətbuatımızın "Əkinçi"si
"Əkinçi"nin Azərbaycan milli mətbuat tarixində açdığı yol uğurlu oldu

Azərbaycan milli mətbuatının yaranmasının 135 illiyini qeyd edir. O gündən - 1875-ci ilin 22 iyulundan bu günə - 2010-cu ilin 22 iyulunadək böyük bir tarix yaşanıb. Əsrlər dəyişib, tətillər, inqilabi çevrilişlər baş verib, dövlət quruluşları bir-birini əvəz edib. Siyasi gedişlər nəticəsində zaman-zaman düşüncələr də dəyişib. Bu gün dost sayılanlara, sabah düşmən deyilib, yaxud əksinə. Və bütün bunların hamısı mətbuat orqanlarında əksini tapıb. Əbəs yerə demirlər ki, qəzet dövrün aynasıdır. Bu gün nəşr olunan mətbuat orqanları bəzən bizə adi görünür. Ancaq sabah həmin mətbu orqanlarımızın saralmış səhifələrində bu günümüzün tarixini axtaracaqlar. Və hər şeyi doğru, aydın görəcəklər. Bizim dünənimizi gördüyümüz kimi. Hansısa bir qəzetin və ya jurnalın yanlış yolla getdiyini də, həqiqət carçısına çevrilməyi, ağa ağ, qaraya qara deməyi bacardığını da anlayacaqlar. Bunu da bir tarix kimi qəbul edəcəklər. Bütün sadəliyi və ya təzadları, ziddiyyətləri ilə birlikdə…

"Əkinçi"yə qədər...


…XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi.
Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi.
"Əkinçi"nin müəllifi- Həsən Bəy Zərdabi Azərbaycanın bunu zərurətdən reallığa çevirən yüksək təhsilə, geniş dünyagörüşünə malik və ən əsası millət təəssübkeşi olan övladlara ehtiyacı var idi. Və o zaman bu önəmli vəzifəni Həsən bəy Zərdabi kimi millət fədaisi öz öhdəsinə götürdü.
1837-ci ilin 28 iyununda keçmiş Göyçay qəzasının Zərdab kəndində dünyaya gələn Həsən bəy mükəmməl təhsil görmüşdü. İlk təhsilini mollaxanada aldıqdan və Şamaxı qəza məktəbində oxuduqdan sonra Tiflisdə orta təhsilini başa vurdu. 1861-ci ildə Moskva Universitetinə daxil oldu. Dörd il sonra universitetin təbiət-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirdi. Elmi iş üçün universitetdə saxlanıldı. Ancaq Vətəninə xidmət etmək arzusu ilə doğma Azərbaycanına qayıtdı. Bir müddət Tiflisdə qulluq etdikdən sonra Qubada məhkəmədə işlədi. Daha sonra Bakıya gəldi. Burada məktəbdə dərs deməyə başladı. Həsən bəy Zərdabi xalqının balalarının savadlanması yolunda böyük həvəslə, fədakarlıqla çalışırdı. Onun səyi nəticəsində Bakı gimnaziyasında oxuyan tələbələrin sayı tezliklə artdı. Dövrün tələblərini yaxşı başa düşən Həsən bəy Azərbaycanda anadilli mətbuat orqanının yaradılması yolunda da qızğın mübarizəyə başladı.

"Əkinçi"nin yolunda çəkilənlər...


İllər sonra - 1905-ci ilin 28 dekabrda «Həyat» qəzetinin 119-cu sayında Həsən bəy Zərdabinin «Rusiyada əvvəlinci Azərbaycan qəzeti» adlı məqaləsi dərc olundu. Azərbaycanın ilk mətbu orqanını yaratmaq yolunda çəkdiyi zəhmətləri xatırlayırdı: «Hər kəsi çağırıram - gəlmir, göstərirəm - görmür, deyirəm - qanmır. Axırda gördüm ki, onlara deməkdən başqa qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus, doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur».
…1875-ci ildə Həsən bəy bu arzu, bu məqsədlə qəzet açmaq istəyirdi. Xalqı maarifləndirmək, milli təfəkkürlərini oyatmaq niyyətindəydi. Ancaq qarşısına böyük maneələr çıxarır, sədlər çəkirdilər…
Həsən bəy Zərdabi Azərbaycanın ilk mətbu orqanının nəşrinə nail olmaq üçün üç il əzab-əziyyətlərə, zəhmətlərə qatlaşdı. Ona naşirlik icazəsi verməli olan hakim dairələrin süründürməçiliyi ilə üzləşdi. Problemlər bununla bitmirdi. O zaman nəinki Azərbaycanda, bütün Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsindəydi. Milli mətbəə təşkil etmək üçün Həsən bəy ilk növbədə, hürufat tədarükü görməli oldu. İstanbuldan qəzetin nəşri üçün xüsusi ərəb mətbəə şrifti gətirdi. Müstəqil mətbəə açmağın mümkünsüzlüyü onu Bakı Quberniya mətbəəsindən istifadə etməyə vadar etdi. İstanbuldan gətirdiyi hürufatı ora verdi. Ona bu işlərdə gürcü qızı olan arvadı kömək edirdi. Bir də Bakı qubernatoru Staroselsknin Qafqaz xalqlarına rəğbət bəsləməsinin Həsən bəyə qəzet nəşrində xeyli köməyi oldu.
Təkcə Həsən bəy Zərdabinin deyil, Azərbaycanın digər vətənpərvər övladlarının - Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının da həsrətlə gözlədikləri tarixi hadisə baş verdi. 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində «Əkinçi» qəzetinin ilk sayı çapdan çıxdı. Milli mətbuatımızın bünövrəsi qoyuldu. Həsən bəy Zərdabinin baş redaktoru olduğu bu qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilirdi.
Qəzetin ilk sayında onun məramı, məqsədi bu cür ifadə olunurdu: «Bizim zəmanə dəyişməyi tələb edir. O kəslər ki həmişə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə kökündən tərəqqi edib irəli gedirlər». O, yaşadığı dövrün tələblərini gözəl bilir, həm də mənsub olduğu xalqı yaxşı tanıyırdı. Bilirdi ki, doğma millətin böyük əksəriyyəti dəyişməyi tələb edən zəmanənin çağırışını eşidəcək, onun səsinə səs verəcək səviyyədə deyil. Millətin gözünü açmaq, ona doğru yol göstərmək üçün mətbuat çox güclü vasitədir. Ancaq o zamanın Azərbaycanında oxumağı bacaran savadlı adamlar olduqca az idi.
Çətinliklə nəşrə başlayan «Əkinçi» ilk sayından başqa problemlərlə də üzləşdi. Bunlardan biri də gözlənildiyi kimi, oxucu tapmaq oldu. Bu məsələ müasir mətbuat orqanlarına da tanışdır. Ancaq «Əkinçi» ilə bugünkü qəzet və jurnalların oxucu tapmaq problemi tamamilə fərqlidir. İndi mətbuat bazarında seçim böyükdür. Qəzet və jurnallar oxucularını qorumaqda çətinlik çəkir. Azərbaycanın yeganə qəzetinin dərdi isə başqa idi. Bircə qəzet nəşr edilirdi, onu da oxumaq üçün ölkədə savadlı adamlar az idi. «Əkinçi»nin əsas ideyası maarifçilik idi. Digər tərəfdən, Həsən bəy Zərdabi ilk mətbuatımızı elə qurmuşdu ki, xalqa yaxın olsun. Onun əsrlərin sınağından keçən adət-ənənələri, əkin-biçin işləri, məişət qayğıları barədə «Əkinçi»nin səhifələrində məlumatlar var idi. Bununla yanaşı, ölkədə, dünyada baş verən hadisələr barədə də oxucular xəbərdar edilirdi. Amma savadsızlıq «Əkinçi» ilə xalqın arasında səddə döndü.
«Əkinçi»nin tirajının bir hissəsini Bakının küçə və bazarlarında paylamaqdan savayı, başqa şəhərlərə də müftə göndərirdi ki, xalq «qəzet oxumağa adət eləsin». Qəzetə müxbirlər tapmaqda çətinlik çəkən «Əkinçi»nin redaktoru işlərin böyük bir hissəsini özü görməli olurdu. «Əkinçi» qəzetinin 1875-ci il 21 avqust tarixli 3-cü sayında yazırdı: «Dünyada hər qəzeti beş ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm…». Həsən bəy üzünü oxuculara tutaraq yazırdı: «Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti basdırmağa adamı yoxdur».
Həsən bəy Zərdabinin və qələmdaşlarının dolayı yola da xalqa çatdırdıqları böyük mətləblər çarizmi narahat edirdi. Həsən bəy jandarmlar tərəfindən təqib edilir, onun hər hərəkətinə, hər sözünə nəzarət edilirdi. «Əkinçi»ni sevənlər, yaşatmağa çalışanlar Zərdabinin yanındaydılar. Ancaq onların sayı «Əkinçi»nin düşmənlərindən qat-qat az idi. Onlar hər vasitə ilə qəzetin fəaliyyətinə mane olurdular. Çar senzurası «Əkinçi»ni susdurmaq üçün bütün tədbirlərə əl atırdı. Nəhayət, qəzetin düşmənləri öz məqsədlərinə çatdılar. 1877-ci il sentyabrın 29-da «Əkinçi» nəşrini dayandırmaq məcburiyyətində qaldı.

"Əkinçi"dən sonra ...


«Əkinçi»nin ardınca müəyyən fasilələrdən sonra nəşrə başlayan «Ziya» və «Ziyayi-Qafqaziyyə» (1879-1884), «Kəşkül» (1883-1891) də Azərbaycan mətbuatı tarixinə qısa ömür tarixçələri ilə yazıldılar, bununla belə müəyyən işlər görərək iz qoydular.
1891-ci ildə «Kəşkül» qəzeti bağlandıqdan sonra Azərbaycanın mətbuat aləmində durğunluq yarandı və bu sükut düz on iki il davam etdi. Həsən bəy Zərdabinin «Əkinçi»sindən gələn Azərbaycan milli jurnalistikası ənənələri o dövrdə də ardıcıllarsız qalmadı. 1893-1903-cü illərdə anadilli mətbuat orqanı olmadığından Azərbaycan publisistləri Həsən bəy Zərdabi, Əlimərdan bəy topçubaşov, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı, Əsgərağa Adıgözəlov Gorani, Firudin bəy Köçərli, Səid və Cəlal Ünsizadə qardaşları və başqaları xalqın ictimai dərdlərini rusdilli mətbuatda əks etdirirdilər. Ancaq onlar yazdıqlarının doğma oxucu kütləsinə çatmadığına, yalnız ayrı-ayrı soydaşları tərəfindən oxunmasına təəssüflənirdilər.
12 illik fasilədən sonra Məhəmmədağa Şahtaxtlı böyük çətinliklərlə «Şərqi-Rus» adlı qəzetin nəşrinə icazə aldı. Qəzet 1903-cü ilin martından 1905-ci ilin yanvarınadək Tiflisdə çap olundu. «Şərqi-Rus»un da uzun fəaliyyət göstərməsinə imkan vermədilər. Ancaq artıq ictimai-siyasi mühitdə elə ab-hava yaranmışdı ki, Azərbaycanı uzun müddət mətbuatsız qoymaq mümkünsüz idi. XX əsrin əvvəllərində bir-birinin ardınca yeni-yeni mətbu orqanları yaranmağa başladı. Çar Rusiyasında baş verən ictimai-siyasi hadisələr onun müstəmləkəsinə çevrilmiş ölkələrə də təsir göstərirdi. Yaranmış vəziyyətdən istifadə edən Azərbaycan ziyalıları yeni qəzetlər, jurnallar açmağa müvəffəq oldular. XX əsrin ilk onilliyində Azərbaycanda fəaliyyət göstərən «Həyat», «İrşad» qəzetləri, «Molla Nəsrəddin», «Füyuzat», «Babayi-Əmir» jurnalları və başqa mətbu orqanları «Əkinçi»nin ənənələrini davam və inkişaf etdirməklə yanaşı, həm də yeni ənənələr yaratdılar. Onlar da «Əkinçi» kimi zəhmətkeş xalqa təmənnasız və sədaqətlə xidmət, ictimai və milli zülmə qarşı mübarizə, doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan çalışırdılar. Azərbaycan milli mətbuatı artıq böyük bir tarixi yola çıxmışdı. Elə o zaman da Azərbaycan aydınlarının şübhəsi yox idi: bu xalq yaşadıqca, onun mətbuatı var olacaq.


Kəmalə Məmmədova
+  -  Çap 
Yerləşdirilib: 22.07.10 | Baxılıb: 466

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •