|
Britaniya və Amerikanın rəhbərləri iki ölkə arasında xüsusi münasibətlərin olduğunu bir daha təsdiq ediblər
Britaniya və Amerikanın rəhbərləri üç saatlıq görüşdən sonra iki ölkə arasında xüsusi münasibətlərin olduğunu bir daha təsdiq ediblər. ABŞ prezidenti Barak Obama bəyan edib ki, onlar iki ölkə arasındakı problemləri, necə deyərlər, göz-gözə həll ediblər. Britaniyanın baş naziri Devid Kameron isə vurğulayıb ki, danışıqlarda Əfqanıstan, qlobal iqtisadi böhran, Yaxın Şərq məsələlərini müzakirə ediblər.
Kameron bildirib ki, o, BP şirkəti ilə əlaqədar yaranmış hiddəti bilir, lakin Meksika körfəzindəki axıntı ilə Abdelbasset Əl-Meqrahinin məsələsi ayrı-ayrı işlərdir: «Hər hansı lobbiçilik fəaliyyəti BP-nin öz daxili işidir. Əl-Meqrahinin azad olunması məsələsinə gəlincə, mən deməliyəm ki, BP-nin Şotlandiya hökumətinə təsiri olub. Mən bilirəm ki, bu qərar rəğbət hissi ilə qəbul edilib. Lakin mən hesab edirəm ki, rəğbət hissi ilə qəbul edilmiş bu qərar səhvdir. Mən hesab etmirəm ki, kütləvi qırğın törətmiş şəxsə qarşı belə bir rəğbət göstərilməliydi. Mən bu qərarın tamamilə əleyhinəyəm. Lakin bütün hallarda BP atdığı addımlara dair özü məlumat verməlidir. Lakin Şotlandiya hökuməti qərar qəbul edib və bu qərarını bir sıra hallarda izah edib. Mən əminəm ki, bundan sonra da izahat veriləcək». Barak Obama isə iki ölkə arasında mövcud olan ümumi məqsədlərdən söz açıb. Prezident Əfqanıstanda həlak olan əsgərləri yada salıb: «Biz irəli getdikcə, istər Duvverdə, istərsə də Britaniyanın kiçicik Vutton Basset şəhərində olsun, Britaniya xarakterinin bir hissəsi kimi adamlar daha salamat həyat üçün küçələrə çıxaraq öz ehtiramlarını göstərməyə çalışıblar. Mən ümid edirəm ki, biz onların verdikləri qurbanlara layiq olacağıq. Və mən əminəm ki, tərəfdaşım Devid Kameronun simasında bizim xüsusi münasibətlərimiz qarşıdan gələn illərdə daha da möhkəmlənəcək». Hər iki lider ölkələri arasında münasibətləri xüsusi adlandırıblar. Kameron bildirib ki, iki ölkə arasında münasibətlər dərin tarixə əsaslanır: «Bu münasibətlər tarixə, mədəniyyətə və bəlli emosiyalara söykənir. Bu həm də əldə edilmiş nəticələrə söykənən əlaqələrdir. Biz razılığa gəlmədiyimiz məqamlarda hər halda ümumi ədalətli nəticəyə gəlməyə çalışırıq. Mən çalışacağam ki, Britaniyanın baş naziri olduğum müddətdə sizinlə - Amerika Birləşmiş Ştatlarının prezidenti ilə birgə fəaliyyət göstərim».
|