İyulun 20-də Bakıda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olub. Dənizkənarı Milli Parkda inşa olunan yeni “Park Bulvar” ticarət və istirahət mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə, paytaxtın simasına xüsusi yaraşıq verir.
AzTV-nin məlumatına görə, məşhur brendlərin, firmaların bir araya gəldiyi “Park Bulvar” ticarət və istirahət mərkəzində yaradılan şərait dünya standartları səviyyəsindədir. Burada alış-veriş etməklə yanaşı, sözün əsil mənasında istirahət etmək, müxtəlif əyləncələrə qatılmaq, dünyanın ən maraqlı mətbəxlərinin nümunələri ilə tanış olmaq mümkündür. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışında iştirak etdilər. Açılış mərasiminə xanımı, qızları və nəvələri ilə gələn dövlət başçısı ticarət və istirahət mərkəzində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, “Park Bulvar” ticarət və istirahət mərkəzi 2006-cı ildən inşa edilməyə başlayıb. Tikinti işləri bu ilin ilk aylarında başa çatıb. “Park Bulvar”ın yaradılmasında əsas məqsəd ziyarətçilərin ticarət imkanlarını, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizin qonaqlarına, turistlərə unudulmaz təəssürat bəxş etməkdir. “Park Bulvar” ticarət və istirahət mərkəzi müasir dizaynla yanaşı, şərqin ənənəvi elementlərini də özündə əks etdirir. Bu mərkəzdə yaradılan şərait bütün yaş təbəqələrini əhatə edir. Balacalar da unudulmayıb, onların istirahəti və əylənməsi üçün yaradılan şərait də maraqlı anları ilə seçilir.
Burada Azərbaycan mətbəxinin nümunələri də təqdim olunur. Azərbaycanda ilk dəfə məhz bu ticarət və istirahət mərkəzində kabab parkı yaradılıb. Qiymətlər də münasibdir. Bununla yanaşı, müxtəlif ölkələrin mətbəxindən təamlar bura gələnlərə təqdim edilir. Dəniz mənzərəli kafe və fast-foodlarda təqdim olunan çin, rus, türk, meksika mətbəxinin ən ləziz yeməkləri heç şübhəsiz ki, hər kəs də maraq doğuracaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin yay kafesindən paytaxtın mənzərəsini seyr etdilər. Dövlət başçısı və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verildi.
Dövlət başçısının diqqətinə mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şərait də təqdim olundu. O da bildirildi ki, mərkəzdə yaradılan imkanlar çoxşaxəlidir. Burada gözəllik salonu, supermarket, 500 avtomobillik avto dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. “Park Bulvar” ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi ümumilikdə 700 yeni iş yerinin açılması deməkdir. Prezident İlham Əliyev sonda “Park Bulvar”ın maketinə baxdı, dövlət başçısı burada yaradılan şəraitdən razı qaldığını bildirdi.
|