|
Klinton Pakistandan üzr istəyib
ABŞ dövlət katibi Hillari Klinton Pakistana səfərini başa vuraraq ölkəsinə dönüb. O, NATO-ya məxsus təyyarələrin Pakistan ərazisini bombalamasına görə bu ölkədən dönə-dönə üzrxahlıq edib. Klinton antiamerika əhval-ruhiyyəsini sakitləşdirmək üçün bu ölkəyə 500 milyon dollarlıq yardım verib. Bu yardım Konqresin ötən il təsdiq etdiyi 7,5 mlrd. dollarlıq yardım paketinin bir hissəsidir. Bura Pakistan ərazisində iki su elektrik stansiyasının tikintisi, iri tibb mərkəzlərinin yenidən qurulması, içməli su təchizatının yaxşılaşdırılması daxildir. Eyni zamanda, layihə Pakistana kiçik və orta biznesin inkişafı üçün irimiqyaslı yardımın ayrılmasını da nəzərdə tutur.
Klintonun daha bir açıqlaması Üsamə bin Ladenlə bağlı olub. O bildirib ki, «bir nömrəli terrorçu» elan etdikləri “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Laden Pakistanda gizlənir. Hillari Klinton deyib ki, “Taliban” hərəkatının lideri Molla Ömər də Pakistan ərazisindədir. Qeyd edək ki, Pakistan hakimiyyəti əmindir ki, Üsamə bin Laden Pakistanda yox, başqa ölkənin ərazisindədir. Ladendən söz düşmüşkən, Birləşmiş Ştatlar «Əl-Qaida» lideri Üsəma bin Ladenin İranda dustaq olan 20-dən artıq yaxın qohumuna kömək etməyə hazırdır. Bunu «dünyanın 1 nömrəli terrorçusu»nun 29 yaşlı oğlu Ömər bin Laden bildirib. Onun sözlərinə görə, Amerika həmin şəxslərə öz ərazisində yaşamaq imkanı verməyin əleyhinə deyil. «ABŞ İranda saxlanılan qardaşlarıma qucaq açmağa hazır olduğunu bildirir» - deyə o, «Əl-Ərəbiyyə» telekanalına açıqlamasında qeyd edib. Onun sözlərinə görə, 2001-ci ildən etibarən 20-dən artıq qohumu ev dustağıdır. Qeyd edək ki, bir müddət əvvəl Ömərin şizofreniya diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, guya onun «atasının səsini eşitməyə başladığı» haqda məlumat yayılmışdı. Bir qədər sonra isə xanımı ərinin sağlam olduğunu bildirib.
|