|
Onların arasında 30-dək istefada olan və hazırda xidmətdə olan hərbçi var
Türkiyədə məhkəmə bir neçə keçmiş ali zabit də daxil olmaqla 196 nəfərə qarşı rəsmi qaydada hökumətə qarşı qəsd hazırlamaq ittihamını irəli sürüb. İttihamnamədə deyilir ki, bu qəsd İstanbuldakı hərbi bazada 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən az sonra hazırlanıb.
Bu ittihamnamədə deyilir ki, ordu generalı Çətin Doğan islamçı köklərə malik olduğu söylənən hakim partiyaya qarşı hazırlanan qəsdin əsas müəllifi kimi başlıca şübhəli hesab olunur. İttihamnaməyə görə, hərbçilərin başlıca məqsədi ölkənin dünyəvi dayaqlarına təhlükə saydıqları Ədalət və İnkişaf Partiyasını zərərsizləşdirmək olub. Xəbər verilir ki, ittiham olunanların arasında keçmiş donanma admiralı Özdən Örnək, hərbi hava qüvvələrinin keçmiş komandanı general Xəlil İbrahim Fırtına, Türkiyə Silahlı Qüvvələrinin baş qərargahında ikinci şəxs sayılan və hazırda istefada olan general Ergün Sayqun da var. Nüfuzlu “Hürriyyət” qəzetinin internet saytında yazılanlara görə, ittiham olunanların arasında 30-dək istefada olan və hazırda xidmətdə olan hərbçi var. Anadolu agentliyi bildirir ki, bu şəxslərə qarşı hökumətin devrilməsinə cəhd və ya hökumətin vəzifələrini yerinə yetirməsinə maneçilik ittihamı irəli sürülüb ki, bu da 15 ildən 20 ilədək həbs cəzasını nəzərdə tutur. İttihama görə, qəsdçilərin məqsədi ölkədə xaos və qarışıqlıq yaratmaqla hakimiyyətin ələ keçirilməsi olub. İttihamnamədə deyilir ki, planın həyata keçirilməsi üçün İstanbulda məscidlərin partladılması və Yunanıstanla münasibətlərin gərginləşdirilməsi nəzərdə tutulubmuş. Sənədə istinadən Anadolu agentliyi bildirir ki, demokratik yolla seçilmiş hökumətin devrilməsi üçün təfərrüatlı plan hazırlanıb. General Çətin Doğan ona qarşı irəli sürülmüş ittihamları rədd edərək bildirib ki, ittiham tərəfi mümkün daxili çaxnaşmalar zamanı hərəkət üçün nəzərdə tutulmuş təlim-məşq planını dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirib. Hökumətin opponentləri onu ölkənin dünyəvi sisteminin qarantı sayılan hərbiyyənin gözdən salınmasında günahlandırıb. Onlar deyirlər ki, hakim Ədalət və İnkişaf Partiyası onun ölkədə islamın nüfuzunu qaldırmaq planlarının qarşısında duran ordunu zərərsizləşdirmək niyyətlərini həyata keçirir. Hökumət isə öz növbəsində bildirir ki, ölkənin dünyəvi quruluşuna qarşı çıxmır və hazırkı proseslər Türkiyənin daha da demokratikləşdirilməsi üçün atılan addımların nəticəsidir. 1960-cı ildən bəri Türkiyədə 4 hökuməti devirmiş hərbiyyənin nüfuzu son illərdə xüsusilə azalıb.
|