Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanda adam qalmayacaq
ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri diqqət mərkəzində qalmaqdadır. Erməni ekspertləri və politoloqları bu səfərin ölkələri üçün böyük əhəmiyyəti daşıdığı qənaətindədirlər. «Qafqaz sülh təşəbbüsləri mərkəzi»nin rəhbəri Georgi Vanyan dövlət katibinin regiona səfərinin yekunları və bu səfərdən gözləntilərlə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, dövlət katibinin səfərindən öncə Ermənistanın ictimai fikrində Ermənistan-Azərbaycan müharibəsinin başlanacağı əks olunmuşdu. Ekspert «kabinet vətənpərvərləri» adlandırdığı dairələrin artıq döyüş hazırlığı vəziyyəti elan etdiklərini, bəzilərinin əks-hücuma keçməyi, digərlərinin isə xəbərdaredici hücum üzərində israr etdiklərini xatırladıb: «Bir sözlə, cəmiyyətdə 80-ci illərin ab-havası hiss olunmağa başlamışdı». Erməni ekspert qeyd edib ki, bu fonda son 20 ildə formalaşan politoloji cəmiyyət hərbi analitikləri ətrafına yığdı. Onların gəldiyi qənaət isə bundan ibarətdir ki, tərəflər hərbi potensialı çətin ki tətbiq etsinlər. Çünki beynəlxalq ictimaiyyət - Rusiya və ABŞ irimiqyaslı hərbi əməliyyatların başlanmasında maraqlı deyil. Yalnız qısamüddətli döyüşlər ola bilər və özü də bunlar status-kvonun dəyişdirilməsinə gətirib çıxarmamalıdır. Ekspert bildirib ki, son həftələr ərzində «vətənpərvərlər”in bəyanatları özünün apogey nöqtəsinə çatdı. Bu səbəbdən də dövlət katibi Hillari Klintonun səfəri lap yerinə düşdü: «Bizim başbilənlərimiz yaranmış vəziyyətdən çıxış yolunu-müharibə dolu bəyanatların zəiflədilməsində gördülər”.
Erməni ekspert ölkədaxili siyasi vəziyyətə də toxunub. Vəziyyəti qeyri-stabil adlandıran Vanyan hesab edir ki, siyasi məhbusların hələ də həbsdə qalması vəziyyəti gərginləşdirir. Ekspert vurğulayıb ki, ölkədaxli siyasi səhnə xarici siyasi problemlərin müzakirəsi ilə bir növ işğal olunub: «Günün ən maraqlı məsələsi bizim Türkiyə və Azərbaycana qarşı mübarizədə effektiv olmağımızla bağlıdır. Siyasi ritorika səhnəsində hakimiyyət-müxalifət münasibətləri bir qapılı oyunu xatırladır. Parlament müxalifəti (İrs, Daşnaksütyun) hakimiyyətə «təsir» siyasəti yürüdür. Yəni öz fəaliyyətini kritik dialoq istiqamətində aparır. Parlamentdən kənar müxalifət (Erməni Milli Konqresi) isə özünəməxsus siyasət yürüdür. Hakimiyyətin siyasətinin «dəstəklənməsi» siyasətini yürüdərək, ona öz köməyini təklif edir. Müharibə olacağı təqdirdə isə onlar ümummilli miqyaslı qərarların həllində məsuliyyətin bölüşdürülməsini təklif edəcəklər. Hakimiyyət isə buna sadəcə reaksiya vermir». G.Vanyan hesab edir ki, rəngarəng çevriliş ssenariləri, partiyadaxili və klanlararası qarşıdurmalar artıq hamını bezdirib. Yeni bir şey yoxdur. Vəziyyətin spesifikliyi ondadır ki, Ermənistanda üçüncü idarəçilik dövrü, yəni Serj Sarkisyanın prezidentliyi - Ter Petrosyan və Köçəryan rejimlərinin hibrididir. Burada hər hansı bir yenilikdən söhbət gedə bilməz.
Ekspert eks-prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyanın hakimiyyətə qayıdışlarının mümkünlüyünə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu şans sıfra bərabərdir və bu, artıq keçilmiş mərhələdir: «Ermənistan üçün bu və ya digərinin hakimiyyətə qayıdışı keçmişə qayıdış demək olacaq. Bu müddət ərzində heç olmasa bizdə dövlətçilik əlamətləri hiss olunmağa başlayıb. Xuliqan çevrilişlərin baş vermə imkanları azalıb». G.Vanyan Ermənistanda türk-erməni dialoqunun davam etməsi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivinin necə qiymətləndirildiyinə də münasibət açıqlayıb. O, təəssüf hiss ilə bildirib ki, regionda, eləcə də Ermənistanda baş verən bütün proseslər “soyuq müharibə” illərində SSRİ-dən miras qalmış qanunauyğunluqlara tabedir: «Təbliğat və təşviqat işlərinə əvvəlki tək mərkəzi yer verilir və onun missiyası yuxarıların hərəkətsizliyini təmizə çıxarmaq və siyasi fikrin olmamasına xidmət edir. Hər hansı bir dəyişiklik təhlükəlidir və bu şüar erməni tərəfinin Azərbaycanla apardığı dialoqda əsas şüar olub. Hazırda belə hal Türkiyə ilə yaşanır. Türkiyə ilə münasibətlərin normallaşmasında istənilən dəyişiklik, istənilən addım ilk növbədə məğlubiyyət kimi qəbul edilir».
Yeri gəlmişkən, G.Vanyanın ittiham etdiyi Erməni Milli Konqresinin də məsələ ilə bağlı fikirləri maraq doğurur. Vanyanın ittiham etdiyi Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi mütləq həll olunmalıdır. Əks halda Ermənistanda adam qalmayacaq. O, paytaxt Yerevanda keçirilən “Erməni beynəlxalq hərəkatı”nın 16-cı toplantısında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ və Türkiyə-Ermənistan problemi həll olunmadan Ermənistanın təhlükəsizlik, iqtisadi və demokratik sahədə inkişafı ilə əlaqədar problemləri davam edəcək. Keçmiş dövlət başçısı Robert Köçəryanın “Ermənistan daha 100 il blokada şəraitində yaşaya bilər” bəyanatını şərh edən Ter-Petrosyan əhalinin ölkəni tək etməsinin faciəvi nəticələrə gətirib çıxaracağını deyib: “Ermənistan 100 il daha blokada şəraitində qalarsa, bu vəziyyətdə ölkədə Ermənistan vətəndaşı qalmayacaq. Qarabağ münaqişəsi ilə bağlı durumun bu şəkildə qalmasını dəstəkləyənlər ölkədən gedənlərin dalğasını necə dayandıracaqlarını bilmirlər”. Ermənistanın ilk prezidenti Qarabağda müharibənin başlama ehtimalını da istisna etməyib. O, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin bu məsələdən agah olduğunu bildirib: "Son diplomatik səylər münaqişənin həllinə yönəlib. Müharibə təhlükəsi hələ də var, xalqı aldatmaq lazım deyil”. Petrosyan Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərində hər hansı bir irəliləyişin olmayacağını da söyləyib. Onun fikrincə, bunun üçün Ermənistan rəhbərliyi ilk növbədə münaqişəni həlli etməlidir.
Azər NURİYEV