TQDK sədri Məleykə Abbaszadə bildirir ki, bu il magistraturaya daxil olan 520 nəfər qeydiyyatdan keçməyib
Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən 70 mindən artıq abituriyent artıq imtahan günlərini geridə qoyub. İyulun 17-də isə IV ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək. Həmin gün eyni zamanda, hərbi liseylərə, Azərbaycan Tİbb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul imtahanı aparılacaq. 15348 abituriyentin ərizə təqdim etdiyi bu ixtisas qrupunun imtahanları Bakıda 27, Naxçıvanda 3 binada keçiriləcək. İyulun 16-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən mətbuat konfransında Məleykə Abbaszadə IV ixtisas qrupu üzrə imtahanların çox vacib olduğunu vurğulayıb: “Çünki bu qrupa gələnlər həkim olmaq istəyirlər. Bundan əvvəlki iki imtahanın nəticələri göstərir ki, abituriyentlər hələ də düşünürlər ki, bir-birilərinə kömək etsələr, nəticələri daha yaxşı olacaq və bu yolla ali məktəbə daxil olmaq mümkündür”. Məhz bu səbəbdən sonuncu imtahan zamanı 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin nəticələri araşdırılaraq 31-i ləğv olunub. 67 nəfər isə nizam-intizam qaydalarını pozduğuna görə imtahandan xaric edilib: “IV qrupa hazırlaşanlar da bilsinlər ki, əməkləri itməsin deyə, köçürməsinlər. IV ixtisas qrupunda daha çox qızlar imtahan verirlər və onlar daha çox həyəcan keçirirlər. Həyəcan keçirirlərsə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını aldatmaq fikrinə düşməsinlər”. M.Abbaszadənin sözlərinə görə, imtahanda köçürən oğlanları müəyyənləşdirmək daha asandır: “Qızlar isə belə halla üzləşəndə ağlayırlar, bu da digər abituriyentlərə təsir göstərir. Təbii ki, biz “UZİ” saxlamırıq və imtahanlara buraxılış zamanı heç kimi “UZİ”-dən keçirmirik. Amma bir sirri açım ki, imtahan otaqlarına telefon keçirilərək işləyən kimi bütün binalarda xüsusi sistem vasitəsi ilə müəyyən edilir və o saat araşdırılır. Ona görə də bədənlərində nəsə keçirmək cəhdi göstərənlər fikirlərindən daşınsınlar. Çünki bu müəyyənləşəndə utanacaqlar. Abituriyentlər birdəfəlik bilsinlər ki, imtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq, imtahan binasına buraxılmayacaqlar”. Komissiya sədri IV qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslara da toxunub. Belə ki, onlara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 21-dən 29-dək qabiliyyət imtahanı verməlidirlər. M.Abbaszadə Daxili İşlər Nazirliyinin müraciəti əsasında Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edildiyini də bildirib. Bu müsabiqədə TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 300 və daha yüksək bal toplayan, 16-20 yaş arasında olan Azərbaycan vətəndaşları olan oğlanlar iştirak edə bilərlər. Onlar iyulun 26-dək TQDK-nın internet saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər. Türkiyə məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlardan da söz açan TQDK sədri bildirib ki, onlar iyulun 19-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Əks halda bakalavrın qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək: “Hazırda 12-si dövlət sifarişli, 508-i ödənişli olmaqla, magistraturaya daxil olan 520 nəfər qeydiyyatdan keçməyib. Bu, az rəqəm deyil. Hesab edirik ki, onlar bu yerlərdən imtina edirlər. Biz həmin yerləri boş yerlər kimi elan edəndən sonra şikayət edəcəklər ki, onların yerlərinə daha az bal toplayanlar giriblər”.
HƏQİQƏT İSABALAYEVA
|