|
Bir para qəzetin çevir tatı-vur tatı elədiyi bir çox mövzu var – filan məmurun pulu nə qədərdir, filankəs tezliklə vəzifəsindən uzaqlaşacaqmı, «mötəbər mənbə» deyir ki, filankəsin neçə obyekti var və s. Ötən ilki referendumdan sonra «Kütləvi informasiya vasitələri haqqında» və «İnformasiya əldə etmək haqında» qanunlara Konstitusiyanın ruhundan irəli gələn əlavə və dəyişikliklər edildi. Belə başa düşmək olardı ki, bu addım jurnalistikada məsuliyyət və peşəkarlığı artıracaq, ən əsası isə «mötəbər mənbə»lərin ağzı bağlanacaq. Amma sən saydığını say…
Ölkə mətbuatına səpələnmiş köşə yazarları dəstəsinin məmurlardan sonra ilişdiyi təbəqə ziyalılardır. Mənəvi haqqı olan da-olmayan da, başı çıxan da-çıxmayan da millətə və onun üzdə olan ziyalılarına ağıl öyrədir, yol göstərir, hələ elə xəstələr də tapılır ki, onların yazılarında nifrət, hiddət bir yana, küçə söyüşünün biri bir qəpik olur. Hədəfdə olan ziyalılarsa bir qayda olaraq yaradıcı adamlar, düşüncə, fikir adamları olur, daha konkret desək, «köşələr»də ağıl öyrədilən, iftira, çamur predmeti olan bir nəfər var – Anar. Bəribaşdan deyim ki, ona qarşı yazılanlar nə qədər iyrənc və mənəviyyatsızlıq nümunələridirsə, ona yarınmaq istəyənlərin verdiyi cavablar da əsasən kasad və dişsiz müqavimətdən başqa bir şey deyil. Bu baxımdan ən yaxşı zərbəni, ən yaxşı müqaviməti də elə Anar özü göstərir, «mən niyə susuram? Harda susmuşam? Məndən çox danışan var?» deməklə. O, susmadıqca cəmiyyətin intellektual müqaviməti artır, haqlı söz tərs sillə kimi nadanların sifətini qızardır, məsələnin başqa tərəfi də ondadır ki, o, susmadıqca köşə yazarları da çeynəyib saqqız kimi uzatmağa mövzu tapırlar, sifarişçilərinə xoş görünmək üçün çamurun dozasının artırırlar, əvəzində isə yaxşı qonorar alırlar. Anar susanda isə bunların heç biri olmayacaq, cəmiyyətin intellektual immuniteti zəifləyəcək, köşələrsə suyu sovrulmuş dəyirmana dönəcək. Niyə ziyalı deyəndə hücum predmeti kimi bir qayda olaraq Anar seçilir? Bu sual ətrafında çox fikirləşmişəm, elə Xalq yazıçısına axırıncı səbatsız təxribatdan sonra da bu sual məni düşündürür. Bu millətin başqa ziyalısı yoxdurmu? Yazıçılar Birliyinin iki minə yaxın üzvündən başqa Bəstəkarlar, Rəssamlar ittifaqlarının da üzvləri ziyalı deyilmi? Azərbaycanda 9 minə yaxın elmlər namizədi, 2 mindən çox elmlər doktoru var, bunun üstünə gəl Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərini, ali məktəblərin professor və müəllimlərini, ümumiyyətlə, təhsil görmüş hər kəsi. Bəs onda «hardadır ziyalı mövqeyi» deyənlər niyə ancaq Anarın üstünə cumurlar? Məncə, bu, iki səbəbdən qaynaqlanır. Birincisi, ötən əsrin 80-ci illərindən bu yana millətin yaşadığı keşməkeşli, anlaşılmaz eksperimentlərin, faciələrin gedişində öz mövqeyi, qətiyyəti ilə seçilən, səsi eşidilin təkəmseyrək ziyalılardan biri məhz Anar olub. Onun yerli-yersiz tənqid və qarayaxma hədəfinə çevrilməsi də əsasən bu amillərlə bağlıdır, əgər vaxtı ilə səsi çıxmasaydı, bəzi həmkarları kimi baş verən proseslərə münasibətdə elastik mövqe tutsaydı, indi ya onun haqqında yazmazdılar, ya da ki, «Yaxşı padşahın nağılı» bir tərəfə, «Asılqanda işləyən qadının söhbəti»ni ən yaxşı dissident əsər kimi gözə soxardılar. Aranın təxribat hədəfinə çevrilməsinin ikinci səbəbi isə mənim fikrimcə, jurnalistika və ya ədəbiyyatda təzəcə addımlamaq istəyən şəxslərin az vaxtda populyarlaşmaq həvəsindən qaynaqlanır. Əgər istedadın sıfırdırsa və ən başlıcası, özünün bundan xəbərin yoxdursa, ortaya qoyduğun cızma-qaranı çayxana dostların şedevr hesab edirlərsə, deməli, bir dənə də Anardan yaz, məsələ düzəlsin. Onlar Elçin Hüseynbəylidən, Rəşad Məciddən də yazırlar, amma bu, Anar qədər effekt vermir. Yadıma Portuqaliya yığmasının Bakıda keçirdiyi səfər oyunu düşdü, qarşı tərəfin qapısından top keçirə bilməyən futbolçularımızdan biri oyundan sonra fəxrlə deyirmiş ki, «gördünüz Ronaldoya necə badalaq vurdum». Bu da eyni effektdir, Anarı tənqid elə, əsəbiləşdir, sonra da çayxana dostlarının yanında lovğalan ki, «gördünüz Anarı necə yıxıb-sürüdüm». Qara piarın əslində təbiəti belədir – çamuru at, özü qalmasa da, izi qalacaq, qara piarın üstünə gedəndə, o, qüvvətlənir, yox, əhəmiyyət verməyəndə, gücü yalnız qorxaq küçə iti kimi sadəcə zingildəyib quyruğunu bulamağa çatır. Anarın özünün reaksiyası isə belədir: «Gec-tez biz gedəcəyik, onlara qalacaq hər şey. Amma tələsdirirlər ki, ay aman sən tez ol öl. Hətta açıq yazırdılar ki, tez sən infarkt ol, nə bilim nə ol. Yaxşı, mən infarkt olanda sənə istedad verəcəklər?» Xeyr, sizin getməyiniz heç kimə istedad verməyəcək və heç kimi ağıllandırmayacaq, əksinə, sizdən sonra sizin uğursuz opponentləriniz təzə Anar axtaracaqlar, amma onu heç vaxt tapa bilməyəcəklər.
|