|
Amma bayram etmək hələ tezdir
BP Meksika Körfəzində qəzaya uğramış neft quyusunun qapanmasına nail ola bilib. Şirkətin bildirdiyinə görə, nəticədə quyudan okeana neft və qaz sızmasının qarşısı alınıb. Hazırda şirkət sınaqları davam etdirir. Sınaqların məqsədi - quyunun qapanma dərəcəsinin etibarlığını yoxlamaqdan ibarətdir.
Qəza baş verəndən sonra ötən 3 ay ərzində ilk dəfədir ki, Meksika Körfəzinin dərinliyində quraşdırılmış video monitorlar qəza baş vermiş quyudan neftin suya daha sızmadığını göstərdi. Təxminən 48 saat çəkəcək sınaq işlərindən sonra BP növbəti addımın atılması barədə qərar qəbul edəcək. Belə addımlar qismində neftin nasoslar ilə 4 gəmi tərəfindən yığılması, quyunun tamamilə qapalı vəziyyətdə saxlanması, yaxud da yenidən açılması kimi variantlar nəzərdən keçirilir. Qəza baş verdiyindən bəri ilk dəfədir ki, BP belə uğurlu nəticə əldə edə bilib. Sözügedən quyudan hər gün təxminən 35 mindən 60 min barelədək neft dənizə tökülürdü. Şirkət xəbərdarlıq edib ki, bayram etmək hələ tezdir. BP qeyd edir ki, texnoloji prosesin hələ bir sıra mərhələləri qalıb. Həmin mərhələlər zamanı pozuntunun yaranması ehtimalı hələ də qalmaqdadır. Bundan əlavə, problemin birdəfəlik həlli üçün 2 köməkçi quyu qazılmalıdır ki, bu da təxminən 1 aydan sonra baş verə bilər.
|