Analitiklər fəlakətli nəticələr barədə xəbərdarlıq edirlər
İsrailin İrana qarşı hərbi əməliyyatı uzunsürən müharibəyə səbəb olacaq. Yenicə açıqlanmış hesabat belə zərbənin nüvə böhranını həll etməyəcəyinə dair xəbərdarlıq edir. "İsrailin nüvə proqramına görə, İrana qarşı hərbi əməliyyat aparması mümkünlüyü kəskin surətdə artıb, lakin belə addımın nəticələri fəlakətli müharibəyə səbəb ola bilər". Bu qənaət Oksford Araşdırmaları Qrupunun yeni dərc olunmuş hesabatında yer alır. "İrana Qarşı Hərbi Aksiya: Təsir və Nəticələr" adlı bu hesabatdan əvvəl İsraildə Suriyanın «Hizbullah» təşkilatı üçün M-600 İran raketləri istehsal etməsi barədə məlumatlar yayılmış, İsrailin baş naziri Netanyahu İranı "ən böyük terror təhlükəsi" adlandırmış və onun nüvə ambisiyalarını məhdudlaşdırmağın mümkün olmamasını düşünməyin səhv olduğunu demişdi. Professor Pol Rocersin rəhbərliyi ilə tərtib olunmuş araşdırma son aylarda baş verən hadisələri təhlil edir və iddia edir ki, İsrail hazırda İrana hücum etmək üçün bütün imkanlara malikdir. Belə ki, İsrail ABŞ-da istehsal edilmiş uzaq məsafədəki hədəfləri vura bilən təyyarələr və pilotsuz bombardmançılar kimi yeni sistemlər əldə edib. Hesabat müəlliflərinin fikrincə, İsrailin mümkün zərbəsi təkcə hərbi hədəflərə qarşı deyil, zavodlar, tədqiqat mərkəzləri və hətta universitet laboratoriyalarına qarşı yönəldilə bilər. Bunda məqsəd İranın nüvə proqramına dəstək verənləri neytrallaşdırmaqdır. Eləcə də ehtimal edilir ki, İsrail yalnız ucqar yerlərdəki obyektləri deyil, Tehranın özündəki hədəfləri bombalayacaq. Professor Rocersin fikrincə, "bu, dinc əhali arasında böyük sayda itkilərə səbəb ola bilər". Lakin İranın nüvə və raket sənayesinə sarsıdıcı ziyan dəysə də, belə bir addım ölkənin siyasi cəhətdən vahidliyini gücləndirərək Əhmədinejad rejiminin mövqelərini möhkəmlədəcək. Hesabat müəlliflərinin zənnincə, İran belə bir təcavüzə müxtəlif yollarla cavab verə bilər. Buraya Nüvə Silahının Yayılmaması Sazişindən çıxmaq və növbəti hücumların qarşısını almaq üçün nüvə silahının əldə olunması prosesinin dərhal sürətləndirilməsi aid edilir. Eləcə də Tehran rejimi İsrail və Amerika, Qərbin regiondakı maraqlarını hədəfləyə bilər. Buraya İsrail üzərinə raket hücumları, Hörmüz boğazını bağlamaqla neft qiymətlərinin kəskin surətdə artırılmasına nail olmaq və Fars körfəzində neft hasilatı obyektlərinə hücumlar, İraq və Əfqanıstanda Qərbə qarşı çıxan silahlı qruplara dəstəyin artırılması və s. daxildir. "Bütün bunların beynəlxalq təhlükəsizlik üçün təsiri nəhəng ola bilər" - deyə professor Rocers bildirb. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə İsrailin hücumu uzun müddətə İsrailin mütəmadi hava zərbələri prosesinin başlaması demək olacaq: "İran da uzun müddətə belə hücumlara cavab verməli olacaq. Bu uzunsürən müharibənin qlobal və regional təsiri mütləqdir. Hesabat belə bir nəticəyə gəlir ki, İran üzərinə hərbi hücumun nəticələri o qədər ciddi ola bilər ki, belə hücumun hər hansı formada və yolla həyata keçirilməsinin qarşını almaq üçün bütün imkanlardan istifadə etmək lazımdır. Nə qədər çətin olsa da, İranın nüvə böhranının çözülməsi üçün başqa yollar tapılmalıdır".
|