|
Qətlin sifarişini verən qadın olub
Paytaxtda iş adamını öldürməyə cəhd edən şəxslər müəyyənləşdirilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, iyulun 14-də Abşeron rayonunun Yeni Qobu qəsəbəsindən, qəsəbə sakini Elxan Ağayev güllə yarası ilə xəstəxanaya gətirilib. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Xırdalan şəhər sakini İlqar Hacıyev və Bakı şəhər sakini Fərhad Mövsuni tutulub. Onlardan hadisə zamanı istifadə etdikləri "Makarov" markalı tapança, 1 ədəd güllə darağı və 4 ədəd güllə götürülüb.
İlqar Hacıyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun, hadisəni Xırdalan şəhər sakini Töhfə Məmmədovanın sifarişi ilə törətməsi müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində T.Məmmədova və cinayətkar qrupun digər üzvü, Bakı şəhər sakini Vüqar Qasımov da saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkmiş və sifarişçilər Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) və 228-ci (odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.
|